Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

Deputatlar siyasi məhbus siyahılarını qəbul etmir. Məruzəçi gəlir...


Azadlıq. Foto illüstrasiya
Azadlıq. Foto illüstrasiya

Son günlərdə Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə yenilənmiş siyahı açıqlanıb. «Azərbaycan Siyasi Məhbuslara Azadlıq» İttifaqı ölkədə 117, Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup isə 119 siyasi məhbusun olduğunu bəyan edib.

Halbuki, bu ilin martında prezidentin imzaladığı əfv sərəncamından sonra (həmin sərəncamla 52 siyasi məhbusun azadlığa buraxıldığı bildirilirdi) Azərbaycanda 80-100 civarında siyasi məhbusun qaldığı bildirilirdi.

Yeri gəlmişkən, ölkədə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahısı yoxdur.

Bəzi hüquq müdafiəçiləri isə bir qədər də irəli gedərək qeyd edilən həmin siyahılarda yer alan rəqəmlərin şişirdildiyini söyləyirlər.

N.Cəfəroğlu
N.Cəfəroğlu

N.Cəfəroğlu: «Rəqəm çox şişirdilib»

Onlardan biri, İnsan hüquqları üzrə Birgə İşçi qrupun üzvü Novella Cəfəroğlu siyahılarda açıqlanmış rəqəmlərin həqiqətəuyğun olmadığını deyir. «Rəqəm çox şişirdilib. Hesab edirəm ki, təşkilatlar bu cür siyahıları tərtib etməklə əsl siyasi məhbus olanların azadlığa çıxmasına mane olurlar. Onlar bu siyahılara kimi gəldi daxil edirlər. Əslində hazırda həbsdə olan siyasi məhbusların sayı 32 nəfərdən çox deyil», - N.Cəfəroğlu vurğulayıb.

F.Quliyev: «Azərbaycanda siyasi məhbus problemi yoxdur»

Deputat Fərəc Quliyev də deyib ki, siyahıların heç biri ilə tanış olmasa da, onların həqiqətəuyğun olmadığını düşünür. Deputatın sözlərinə görə, Azərbaycanda siyasi məhbus problemi yoxdur . F.Quliyevin vurğulamasına görə, Azərbaycanda siyasi məhbus adlanan şəxslər siyasi motivlərlə həbs olunmayıb:

F.Quliyev
F.Quliyev


«Hər hansı jurnalisti və ya siyasətçini həbs olunan kimi siyasi məhbus adlandırmaq düzgün deyil. Hamı qanun qarşısında bərabərdir. Bir də görürsən ki, korrupsiyaya görə həbs olunmuş şəxsin adını siyasi məhbuslar siyahısına əlavə ediblər. Bu, anormal yanaşmadır. Azərbaycanda nə qədər adam siyasətlə ciddi məşğul olur ki, onlardan 117-si siyasi mübarizəyə görə həbs olunsun?».

F.Quliyev hesab edir ki, Azərbaycan imicinə zərər gətirmək üçün siyahıların tərtib edilməsi, müəyyən yerlərə təqdim edilməsi qəbulolunmazdır. O, əlavə edib ki, müxtəlif siyahılarda olan şəxslərin adları üstündə mübahisələr olub: «Bugün adamın azadlığını tələb edirlər, beş gün keçməmiş o, azadlığa çıxandan sonra ona qarşı kampaniyalar aparırlar. Bunu da görmüşük. Ona görə də, tərtib edilən bu siyahıları Quran ayəsi kimi qəbul etmirəm və doğru olmadığını düşünürəm».

F.Quliyev də vaxtı ilə məhbus həyatı yaşayıb, hüquq müdafiəçiləri bir zamanlar onun özünün də adını siyasi məhbuslarla bağlı siyahılara daxil ediblər...

M.Quliyev
M.Quliyev

YAP-çı deputat: «...İctimai-siyasi fəaliyyətlərinə görə cəzalandırılmırlar»

Yeri gəlmişkən, hakimiyyət rəsmiləri də ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar da deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə cəzaladırılıblar.

«Azərbaycanda siyasi məhbus yoxdur, insanlar ictimai-siyasi fəaliyyətlərinə görə cəzalandırılmırlar», - deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Musa Quliyev vurğulayıb.

M.Quliyevin sözlərinə görə də, insanlar törətdikləri əməllərinə uyğun cəza alırlar. «Burada müxalifət partiyasının nümayəndəsi də, hakimiyyət partiyasının nümayəndəsi də, sıravi vətəndaş da ola bilər. Qanun isə kimin hansı təbəqədən olmasını yox, kimin günahkar olub-olmamasını müəyyən edir», - deputat bildirib.

E.Quliyev
E.Quliyev

Siyahı müəlliflərindən deputatlara cavab

Həmin siyahılardan birinin müəlliflərindən, «Azərbaycan Siyasi Məhbuslara Azadlıq» İttifaqının üzvü Eldəniz Quliyev isə deyir ki, hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbus problemi olmasını qəbul etməsələr də, bu, danılmaz faktdır: «Hakimiyyət nümayəndələri, millət vəkilləri bilə-bilə ki, ölkədə siyasi məhbuslar var, bunu inkar edirlər. Tərtib etdiyimiz siyahı isə şişirdilməyib, əksinə, əgər biz daha intensiv fəaliyyət göstərə bilsəydik, bu siyahı artacaqdı. Bu faktdır».

E.Quliyev hesab edir ki, mart ayında imzalanmış əfv sərəncamı siyasi məhbus problemini həll etməyib: «Təəssüf ki, bu ölkədə pis ənənəyə çevrilib. Bir neçə siyasi məhbus buraxılırsa, onların yeri doldurulmalıdır. Hakimiyyət «müqəddəs yer boş olmur» prinsipi ilə işləyir və repressiya dalğası yeni adamları aparır. Əfvdən sonra ümid yeri yarandı, lakin «Gəncə işi» ilə bağlı məhkəmə qərarları bu ümidi puç etdi».

Məruzəçi gəlir

Belə müzakirələrin aparılması heç də təsadüfü deyil.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbus sayılan şəxslərlə bağlı məruzəçisi Thorhild Sunna Evarsdottirin sabah, sentyabrın 5-də Azərbaycana gəlişi gözlənir.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə, T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirəcək.

Onun həmçinin, vətəndaş cəmiyyətin nümayəndələri ilə görüşlərinin də nəzərdə tutulduğu bildirilir.

XS
SM
MD
LG