Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

Büdcənin gəliri, xərcləri və dövlətin borcu artırılır


Büdcə. Karikatura
Büdcə. Karikatura

2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 511 mln., xərclərinin isə təxminən 1 mlrd. manat artırılması gözlənir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün, iyunun 22-də «2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında» Qanun layihəsini müzakirə edib.

Müzakirələr haqda APA-ya məlumat verən deputat Vahid Əhmədov bildirib ki, bir çox sahələrdən daxilolmaların artımı gözlənilir:

«Proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə də əlavə vəsaitin cəlb olunması gözlənilir. Bu da gömrük rüsumlarının hesabına formalaşacaq. Mərkəzi Bankın mənfəəti də dövlət büdcəsinə daxil olacaq. Bundan başqa, son dövrlər qəbul etdiyimiz qanunlara əsasən, maliyyə sanksiyaları sərtləşdirilib ki, bu da daxilolmaların artmasına səbəb olacaq. Yol polisinin sanksiyaları hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artırılması nəzərdə tutulub».

Büdcə müzakirələri Azərbaycanda və dünyada necə aparılır?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Büdcənin artırılan xərclərinə gəlincə, deputat deyib ki, SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulur.

XARİCİ BORCUN YUXARI HƏDDİ DƏ ARTIRILIR

«Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4.5 mlrd. manatadək artırılması nəzərdə tutulub. Dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var. Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq», - V.Əhmədov bildirib.

Deputat dövlət büdcəsinin icrasında problem olmayacağını düşündüyünü ifadə edib.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləyib.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manatdır.

Büdcədə Neft Fondundan transfertlər 6.1 milyard manat həcmində nəzərdə tutulur. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar nəzərdə tutulub. Hazırda Azərbaycan neftinin bir barreli 45 dollardan yüksək satılır.

Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda Azərbaycanın dövlət borcu 7 milyard dollara yaxın olub.

XS
SM
MD
LG