Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:13

Dövlətin xalça toxuması...


İlham Əliyev Xalça Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olur - 2013
İlham Əliyev Xalça Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olur - 2013

-

Mayın 5-də prezident İlham Əliyev «Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyinin ləğvi və səhmləri dövlətə məxsus «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam verib. Qərar birmənalı qarşılamayıb.

Sərəncama görə, yeni quruma son texnologiyalardan yararlanmaqla xalçaçılığı gəlişdirmək, xalça məmulatının satış və ixracını təşkil etmək tapşırılıb.

Nazirlər Kabineti may ayı içində «Azərxalça» ASC-nin saxlanılmasına və nizamnamə kapitalının formalaşdırılmasına dövlət büdcəsindən vəsait ayıracaq.

BU YOL DOĞRUDURMU?

Prezident sərəncamı və Nazirlər Kabinetinin qərarlarıyla dövlət müəssisələrinin yaradılması Azərbaycanda adət halını aldığından heç kimi təəccübləndirmir. Belə durum «Bu yol doğrudurmu» sualını da aktuallaşdırır. Axı, 1996-cı ildən bəri ölkədə geniş özəlləşdirmə aparılır. Digər tərəfdən, 3-cü Dövlət Özəlləşdirmə Proqramı layihəsinin də hazırlandığı bildirilir.

«MƏSƏLƏN, FRANSA KİMİ...»

İqtisadçı Rövşən Ağayevin fikrincə, bazar iqtisadiyyatı şəraitində də dövlət müəssisə yarada bilər: «Məsələn, Fransa kimi klassik kapitalizm ənənəsi olan ölkədə iqtisadiyyatın təxminən dörddə biri dövlət sektorunda formalaşır. Amma həmin ölkədə əsas prinsip – dövlət müəssisəsinin hansı sahədə yaradılmasıdır. Özəl sektorun daha uğurlu və səmərəli çalışdığı sahələrdə dövlətin sahibkarlığına ehtiyac yoxdur».

Maliyyə bazarları üzrə mütəxəssis Cəfər İbrahimli də bu mövzuya toxunarkən, AzadlıqRadiosuna deyib ki, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadi fəaliyyətdən tam çəkilməsi arzuolunandır: «Amma son dünya maliyyə-iqtisadi böhranı da göstərdi ki, dövlətin tam kənara çəkilməsi mümkün deyil».

BAZAR ŞƏRTLƏRİ TAM FORMALAŞMADIĞINDAN

Dövlətin iqtisadiyyatda, əsasən, tənzimləyici rolunda çıxış etməli olduğunu vurğulayan C.İbrahimli onu da sözlərinə əlavə edir ki, inkişaf etməkdə olan bir çox ölkədə bazar şərtləri tam formalasmadığından dövlətin iqtisadi fəaliyyətdə fəal yer aldığı müşahidə olunur. Ekspertin fikrincə, Azərbaycan da belə dövlətlər sırasına daxildir.

İqtisadçı Nazim Məmmədov dövlət büdcəsi hesabına yaradılan və kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərin çoxalmasını yaxşı hal saymır. Onun fikrincə, bu, həm bazar iqtisadiyyatının prinsiplərinə ziddir, həm də mövcud dövlət şirkətlərinin təcrübəsində göründüyü kimi, səmərəsiz idarəetməni stimullaşdırır: «İndiki şəraitdə ən yaxşı o olardı ki, idarəetmə xərclərinin azaldılması üçün Nazirlər Kabinetinin strukturu optimallaşdırılsın, dövlət orqanlarının pullu xidmət göstərən qurumları özəlləşdirilsin və ya özəl şirkətlərə idarəetməyə verilsin».

«DÖVLƏT ŞİRKƏT QURUR, SONRA ONU ÖZƏLLƏŞDİRİR»

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl hökumətin dövlət sahibkarlığını genişləndirmək siyasətinə çoxdan başladığını bildirərək deyir: «Əslində, özəlləşdirmə də səngiyib. Mümkündür ki, hökumət özəl sahibkarların bu işi bacarmadığını düşünür və dövlətin daha yaxşı sahibkar olmasına dair əvvəlki fikirlərə hələ də inanır. Bəzi ölkələrdə, məsələn Malayziyada dövlət sahibkarlığı xeyli yayılıb, amma orada dövlət şirkətlər qurur, sonra onu özəlləşdirir».

Başqa bir iqtisadiyyat bilicisi - Natiq Cəfərli də dövlətin kommersiya sahələrində birbaşa oyunçu olmasını doğru saymır. O, dövlətin iqtisadiyyatda ən pis menecer olduğunu düşünənlərdəndir: «Dövlətin üzərinə düşən vəzifə iqtisadiyyatda ədalətli rəqabəti təmin etməkdir. Amma dövlət bəzən «startup» rolunda ola bilər (yəni eyni zamanda sahibkar, investor və ekspert işi görə bilər – red.). Bir şərtlə ki sonra payını özəl şirkətlərə ötürsün».

Biznes məsləhətçisi Xəyal Məmmədxanlı da yeni sərəncamı bəyənmir. Onun fikrincə, özəlləşdirmə proqramını tətbiq etmək, özəl sahibkarlığa dəstək vermək, iqtisadi liberallığı daha da inkişaf etdirmək əvəzinə, bəzi sahələr dövlət nəzarətinə götürülür: «Resursların düzgün bölüşdürülməməsinə yol açan bu tipli addımlar narahatlıq doğurur».

HESABATLILIQ DA «AXSAYIR»

«Azərxalça» ASC-dən öncə dövlətə məxsus «Azəralüminium» ASC, «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC, «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC, «Azərsuvenir» MMC, «BakuBus» MMC, Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində «MİDA» MMC və başqaları yaradılıb. Ötən ilin martında baş nazirin müavini Abid Şərifovun imzaladığı qərarla Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Nəqliyyat Nazirliyinin tabeliyində «Bakı Taksi Xidməti» MMC və «City Bus» MMC yaradılıb.

Bu müəssisələrin bir çoxu fəaliyyətdə olsa da, maliyyə hesabatlılığı «axsayır».

XS
SM
MD
LG