Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Azərbaycanda suvarılan bitkilər su çatızmazlığı riski ilə üz-üzədir


Susuzluqdan kartofu kanalizasiya suyu ilə suvarırlar - Saatlının aksiya olan kəndlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Susuzluqdan kartofu kanalizasiya suyu ilə suvarırlar - Saatlının aksiya olan kəndlərindən reportaj

Dünya Bankı "Azərbaycanın iqliminə və inkişafına dair Hesabat"ını yayımlayıb. Hesabatda ölkə iqtisadiyyatının mövcud durumunun ölkənin iqlim hədəflərinə təsiri də dəyərləndirilib. Dünya Bankının hesabatında bildirilir ki, indi Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) üçdə biri, ixracınsa 90 faizi enerji sektorundan asılıdır. Qurumun hesablamalarına görə, Azərbaycanın mövcud neft ehtiyatları qarşıdakı 25 ildə ölkənin tələbatının ödənilməsinə yetəcək. Dünya Bankının qənaətincə, belə ortamda kompleks və effektiv dekarbonizasiya səyləri ilə iqtisadiyyatı şaxələndirməyə, yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə ehtiyac var. Təbii qaz ehtiyatları ilə bağlı isə bildirilir ki, ölkədə ixrac üçün mövcud təbii qaz ehtiyatlarının 2060-cı ilədək 35 faizədək artacağı proqnozlaşdırılır.

Hazırda Azərbaycanın ciddi iqlim riskləri ilə üz-üzə olmasına da hesabatda xüsusi diqqət yetirilir. Hesabatda bildirilir ki, ölkənin, demək olar, bütün ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır. Ekstremal hava şəraiti üzündən quraqlığın tezlik və sıxlığının artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Onu da unutmaq olmaz ki, neft-qaz hasilatı da torpağın aşındırıb və su ehtiyatlarını çirkləndirib.

Azərbaycan dekarbonizasiya hədəflərinə çata bilməyəcək

Dünya Bankının hesabatında bildirilir ki, Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ də ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılmasına dair hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilədəksə 40 faiz azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirsə də, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq yoluna qədəm qoymayıb.

Dünya Bankının hesablamaları göstərir ki, Azərbaycan 2035 və 2050-ci illərədək hədəflədiyi göstəricilərə çata bilməyəcək. Sənəddə bildirilir ki, Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağa dair proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.

Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəblərindən biri milli iqtisadiyyatın strukturudur. Dekarbonizasiya kursunu müəyyənləşdirib gerçəkləşdirməkdən ötrü iqtisadi şaxələnmə və daha çevik özəl sektor tələb olunur. Azərbaycanda isə bu sahədə ciddi çağırışlar var və uzun illərdir önəmli dəyişikliklər qeydə alınmayıb. Nəzərə almaq lazımdır ki, energetika və su təchizatı da daxil, yaşıl keçidə mütləq gərəkli sektorlarda dövlət müəssisələri daha çoxdur və ölkədəki işçi qüvvəsinin yarısı onlarda çalışır.

Kənd təsərrüfatı ilə bağlı çətinliklər

Dünya Bankının hesabatında Azərbaycanda kənd təsərrüfatı ilə bağlı çətinliklərə də diqqət çəkilir. Sənəddə bildirilir ki, Azərbaycandakı fermerlər hələ də ənənəvi əkinçilik təcrübəsindən yararlanır, torpağın sağlamlığının artırılmasının faydaları barədə bilgili deyillər. Bu sahədəki məlumatlılığın azlığı daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır.

Qurumun Azərbaycanda kənd təsərrüfatı ilə bağlı diqqət çəkdiyi daha bir məqam su çatışmazlığı və çağdaş suvarma sistemlərinin məhdudluğudur. Dünya Bankı analitiklərinin fikrincə, məhsuldarlığı artırmaq və iqlim dəyişmələrinə qarşı dayanıqlılıq yaratmaq üçün kiçik və orta fermerlərin bacarıqları gəlişdirilməlidir və bu baxımdan onların ayrıca dəstəyə ehtiyacı var. Fermerlərə dəstəklə yanaşı, çatışmazlıqları aradan qaldırmaqdan ötrü mütləq kadr və maliyyə resursları da olmalıdır. İndi dövlət bu potensialı gücləndirmək üçün iş görmədiyindən özəl sektordakı müxtəlif subyektlər belə çatışmazlıqları müvəqqəti tədbirlərə əl atmaqla aşmaq məcburiyyətində qalır. Daha iri aqrobiznes müəssisələrinin bəziləri öz heyətlərindən və təchizatçı fermerlərdən ötrü təlim keçəcək beynəlxalq mütəxəssislər gətirir. Bostançılığın inkişafına dəstək məqsədilə yaradılmış bir sıra ticarət birliyi də eyni işi görür. Ancaq belə təşəbbüslərin əhatə dairəsi yetərsiz olduğundan yeni yaradılmış birliklərin həmin sektorları dəstəkləməyə təcrübə və resursları yoxdur.

Dünya Bankının hesablamasına görə, hökumət effektiv cavab tədbirləri görə bilməsə, yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığı 2060-cı ilədək, orta hesabla, 14-20 faiz azalacaq. Yüksək dəyərli bitkilərdə daha çox azalma gözə çarpacaq. Hesabatda vurğulanıb ki, hazırda Azərbaycanda suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir. Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnəcək. Onu da nəzərə almaq lazımdır ki, bütün bu proseslər əkinçiliklə yanaşı, heyvandarlığı da mənfi təsir göstərəcək. Hesabatda ayrıca vurğulanıb ki, torpağın nəmişliyinin azalması, səhralaşma, otlaqların normadan artıq istismarı otlaq sahələrinin keyfiyyətini aşağı salacaq. Bitki örtüyündən qaynaqlanan problemlər də mal-qaranın sağlamlığına birbaşa təsir edəcək.

XS
SM
MD
LG