Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

'The Economist' lirənin gələcəyini belə görür


Arxiv fotosu
Arxiv fotosu

"Bu sxem lirəni sabitləşdirsə belə, Türkiyənin problemləri bitən deyil"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan eşitmək istəmədiyi səsləri susdura bilər, amma onların təsvir etdiyi reallığı gözardı eləyə bilməz. O, sentyabrdan veto hüququ olmayan iqtisadiyyat qanunlarına meydan oxuyur. “The Economist” dərgisi yazır ki, inkişaf etməkdə olan bəzi iqtisadiyyatlar inflyasiyaya qarşı faiz dərəcələrini artırdığı halda Türkiyə əks istiqamətdə getdi.

Noyabrda ölkədə inflyasiya 21 faizə çatıb. Amma mərkəzi bank uçot dərəcəsini 500 bənd azaldaraq 14%-ə alıb. Bu zaman türkiyəlilər lirə əmanətlərini dollara və avroya çevirməyə başlayıblar. Sonucda avqustda bir dollar 8 lirə idisə, dekabrın sonunda 18-ə qalxıb.

Lirə sabitləşərsə...

Ərdoğan dekabrın 20-də əmanətlərini üç ay ərzində lirədə saxlayanlar üçün xüsusi sxem açıqladı. Xəzinədarlıq valyutanın dəyərdən düşəcəyi halda onların itkilərini kompensasiya edəcək. Bundan sonra lirə dərhal bahalandı, amma son günlər yenidən ucuzlaşmağa başlayıb.

Rəsmilər lirənin möhkəmlənməsini türklərin 3 milyard dollara yaxın vəsaiti lirəyə çevirməsi ilə izah edirlər. Amma hökumətin mərkəzi və dövlət bankları vasitəsilə bazara 7 milyard dollarlıq müdaxilə etdiyi bildirilir. “The Financial Times” qəzeti ötən həftənin ilk iki günündə ölkənin xarici valyuta ehtiyatlarının 5.9 milyard dollar azaldı.

“Bu sxem lirəni sabitləşdirsə belə, Türkiyənin problemləri bitən deyil. Son devalvasiyanın yaratdığı inflyasiya tempi, ucuz kreditlər, minimum əməkhaqqının artması Türkiyədə qiymətləri yüksəltməkdə davam edəcək. Valyuta sabit qalarsa, daha ucuz lirə Türkiyə mallarının qiymət artımını balanslaşdıra bilməyəcək. Bu, Türkiyənin rəqabətliliyinə təsir göstərəcək, ticarət balansına zərbə vuracaq, idxalla ixrac arasındakı fərqi aradan qaldırmaq üçün xarici borcdan asılılığını artıracaq”, – “The Economist” yazır.

Ucuzlaşarsa...

Lirənin daha da ucuzlaşmasının fəsadları daha pis ola bilər. Bu zaman hökumət əmanətçilərə kompensasiya ödəmək üçün daha çox pul çap etməli olar ki, onda da valyuta daha da dəyərdən düşə bilər.

“The Economist” yazır ki, Ərdoğan bütün populistlər kimi, problemləri düşmənlərin işi kimi qələmə verir və ola bilsin, yanlış siyasətinin fəsadları ilə çarpışan xalqının məşəqqətindən agah deyil.

“2014-cü ildə hakimiyyətin pik dövründə Ərdoğan 1100 otaqlı yeni prezident sarayına köçdü. Yəqin, onun seçicilərinin ümidsizlik çığırtıları bu sarayın 600 milyonluq hasarlarının o tayında eşidilmir”, – dərgi vurğulayır.

XS
SM
MD
LG