Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

Əfqanıstandan gizli əməliyyatın detalları – Qərb mediası


Əfqan xüsusi təyinatlıları, arxiv fotosu
Əfqan xüsusi təyinatlıları, arxiv fotosu

“The Economist”in mövqeyincə, Amerikanın sıravi əfqanlar qarşısında borcu var, onlara qoyub getdiyi vəziyyətin dəhşətini azaltmağa çalışmalıdır

Bayden administrasiyası Əfqanıstandan xaotik kütləvi evakuasiyanı həyata keçirdiyi məqamda paralel gizli bir əməliyyat da aparılıb və yüzlərlə insanın ABŞ-a təhlükəsiz təxliyəsi baş tutub. Bu haqda “Politico” dərgisi yazır.

Amerika rəsmiləri ABŞ vətəndaşlarına və risk olan əfqanlara, eləcə də əfqan xüsusi təyinatlılara gizlicə göstəriş veriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kabil yaxınlığındakı gizli bazasına getsinlər.

Aeroporta müxtəlif yollarla giriblər

Dərgi gizli əməliyyatın avqustda bir neçə həftə ərzində aparıldığını, yüzlərlə amerikalının və həssas durumda olan əfqanın, eləcə də elit əfqan xüsusi təyinatlısı və ailə üzvlərinin uğurla evakuasiya olunduğunu qeyd edir. Azı min əfqan komandosu və ailə üzvləri Əfqanıstandan çıxarılıb.

POLITICO əməliyyatın detalları haqda sənədləri gördüyünü, anonimlik şərtilə danışan bir neçə aparıcı rəsminin bunu təsdiqlədiyini yazır.

ABŞ rəsmisi MKİ-nin evakuasiyada iştirakını təsdiqləyərək deyib ki, idarə “digər agentliklərlə sıx işləyərək amerikalıların və risk altında olan əfqanların aeroporta müxtəlif yollarla girişini asanlaşdırıb”.

ABŞ-ın evakuasiyalar üçün bazadan istifadə etməsi haqda ilk dəfə bu haqda “The New York Times” yazıb. MKİ sözçüsü isə əməliyyat haqda şərh verməkdən imtina edib.

Uçuş datası köçürülənlərin bir qisminin Almaniyaya aparıldığını göstərir. Kabil aeroportundan qalxan təyyarə Almaniyadakı Ramsteyn Hava Bazasına gedib.

Amerika Talibanla çox ehtiyatla işləməlidir

“The Economist” isə yazır ki, ABŞ və müttəfiqləri Əfqanıstana uzaqdan necə təsir göstərməklə bağlı qərar verməlidirlər.

Bəziləri deyirlər ki, Əfqanıstana yardım ayırmaq, yaxud diplomatik münasibətlər qurmaq oradakı rejimi gücləndirər. Digərlərinin fikrincə, Amerika bu ölkədə nüfuzunu saxlamaq istəyirsə, Çin, İran və Rusiya bu ölkəni öz müştərisinə çevirməsindən öncə hərəkətə keçməlidir. “The Economist” hər iki arqumenti yanlış sayır. Dərginin mövqeyincə, Amerikanın sıravi əfqanlar qarşısında borcu var, onlara qoyub getdiyi vəziyyətin dəhşətini azaltmağa çalışmalıdır. Digər ən vacib məsələ isə Əfqanıstanın yenidən terrorçuluq üçün münbit məkana çevrilməsini önləməkdir. Bu məqsədlərə isə Talibanla işləmədən çatmaq mümkün deyil.

Məqalədə ABŞ-ın əlindəki təsir rıçaqlarından söz açılır. Hazırda dayandırılmış xarici yardım ölkənin büdcəsinin 75 faizini təşkil edirdi, ümumi daxili məhsulun isə təxminən yarısını.

“Çin çox güman yeni rejimə pul buraxmayacaq, Amerikanın, yaxud müttəfiqlərinin köhnə rejimə göstərdiyi maddi dəstəyi verməyəcək. İran və Rusiya isə bunu dəqiq etməyəcək”,– dərgi yazır.

XS
SM
MD
LG