Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Əfqanıstanda qızların mədrəsələrdən başqa getməyə yeri qalmayıb


Əfqanıstanda mədrəsə
Əfqanıstanda mədrəsə

Əfqanıstanın mərkəzində yerləşən Qor vilayətində, üzləri qara örtüklü bir qrup qız səssizcə mədrəsəyə daxil olur. İslam seminariyasında onlarla yeniyetmə qız yerdə oturub, İslamın müqəddəs kitabı “Quran”ı oxuyurlar.

Onların arasında, 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirəndə, orta məktəbi bitirmək üzrə olan Zöhrə Cəlali də var. Taliban tezliklə altıncı sinifdən yuxarı qızların məktəbə getməsini yasaqlayaraq, Zöhrənin həkim olmaq arzusunu puç edir.

Cəlali təhsilini davam etdirmək üçün, son çarə kimi Taliban mədrəsələrinə yazılan minlərlə yeniyetmə qızdan biridir. Silahlı qruplaşma 40 milyona yaxın əhalisi olan Əfqanıstanda bütün yaş qruplarından qızların mədrəsələrdə təhsil almağına icazə verib.

AzadlıqRadiosunun əfqan xidmətinə – “Azadi” radiosuna danışan 18 yaşlı gənc söyləyir ki, normal məktəblərin açılmasını, dinlə yanaşı, digər fənləri də öyrənmək istəyirlər.

2001-ci ildə ABŞ-ın müdaxiləsi nəticəsində Taliban rejimi süqut edəndən bəri Əfqanıstanda müasir dünyəvi təhsil inkişaf edirdi. İndi Taliban bu təhslin bütün formalarını kökündən kəsəcəyini deyir.

“Təhsilsiz qadınlar heç nəyə nail ola bilməzlər”

Silahlılar yenidən hakimiyyətə gələndən sonra, dünyəvi məktəbləri, dövlət universitetlərini və peşə təhsil mərkəzlərini İslam seminariyalarına çeviriblər və bu da ölkədə mədrəsələrin sayının artmasına səbəb olub.

İslamçı qrup həmçinin milli kurrikuluma yenidən baxacağını, ölkənin 34 əyalətində geniş mədrəsələr şəbəkəsi quracağını vəd edir.

Keçmiş universitet tələbəsi Tamina Qudusi “Azadi” radiosuna deyib ki, Talibanın müasir təhsilə münasibəti onların özünü məhv edir: “Təhsilimiz olmasa, biz (əfqanlar) öz ayaqlarımızın üstündə necə duracağıq?! Təhsilsiz qadınlar heç nəyə nail ola bilməzlər".

Dekabrda Taliban hərəkatının qadınların universitetlərdə təhsil almasını yasaqlamasından sonra, Qudusi ölkənin şimalındakı Pərvan əyalətindəki mədrəsəyə yazılıb. O, düşünür ki, mədrəsəyə getmək, ən azı hansısa formada təhsil almasına imkan yaradacaq.

Qadınların rolunu anlamaq

Talibanın idarəçiliyində olan mədrəsələrdə şagirdlər ərəbcə “Quran”ı oxumağı və əzbərləməyi, eyni zamanda Məhəmməd peyğəmbərin təlim və kəlamlarını da öyrənirlər.

Cənub-qərbdəki Nimruz əyalətindən olan keçmiş universitet tələbəsi Neda Rəhmani deyib ki, təhsilin dini elmlərlə məhdudlaşdırılması, təhsil, səhiyyə və hətta təhlükəsizlik sektorunda kişi və qadınlara ehtiyacı olan Əfqanıstana zərər verir.

Mədrəsəyə gedən 21 yaşlı başqa bir gəncin sözlərinə görə, Taliban bu bölgədə qadınların rolunu düşünməyə və anlamağa vaxt sərf etməlidir.

Taliban isə müasir dünyəvi təhsilin kökünü kəsmək səylərini müdafiə edib. Onun Qordakı təhsil şöbəsinin rəhbəri Mövlavi Əbdül Cabbar Saqib "Azadi” radiosuna bildirib ki, “müasir təhsil qadınlara məcburi deyil. Onlar özləri və ailələri üçün dinlə bağlı düzgün biliklər əldə etməlidirlər”.

Təhsil ehtiyacı

Amma bir çox əfqan din xadimi və müəllimi bununla razılaşmır. Onlar Talibanı öz ekstremist ideologiyası ilə gənc nəslin beynini yumaqda və müasir təhsil formalarını silməkdən ötrü mədrəsələrdən istifadədə suçlayırlar.

Nimruzda təqiblərdən çəkindiyi üçün adının açıqlanmasını istəməyən islam alimi müasir təhsilin çörək və su qədər vacib olduğunu vurğulayır: “Qadın həkimlərimiz olmalıdır. Həmçinin qadın mühəndis və müəllimlərə də ehtiyacımız var".

Taliban qızların və qadınların təhsilini məhdudlaşdırmaqla yanaşı, onların xarici görünüşünə, hərəkət azadlığına və işləmək hüququna da ciddi qadağalar qoyub.

Pərvanda 9-cu sinif şagirdi Razia Haqşanas qızların və qadınların təhsilə çıxış imkanlarının getdikcə zəiflədiyini müşahidə edir. O qorxur ki, Taliban qızların mədrəsəyə getməsini də yasaqlayar. "Burada gələcəyim qaranlıq görünür", – Razia "Azadi” radiosuna söyləyib.

XS
SM
MD
LG