Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Keçmiş döyüşçünün ailəsi icra hakimiyyətindən şikayətçidir


Əfsər Gözəlov
Əfsər Gözəlov

«Şəhidin məzarının və məzar ətrafının abadlaşdırılması üçün üz tutmadığımız qurum qalmayıb. Deyirlər, nə olub ki, qəbirdir də, durub yerində, bir az ora-burası sıradan çıxıb, nə vaxt pulumuz olar, əl gəzdirərik».

Neftçala sakini Esmira Əzizova 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində həlak olmuş atası Əfsər Gözəlovun Bankə qəsəbə qəbiristanlığındakı məzarından söz açır.

«ABADLAŞDIRMAQ İSTƏMİRLƏR»

1990-cı illərin əvvəllərində Allahverdi Bağırovun batalyonunda könüllü döyüşmüş bankəli Əfsər Gözəlov haqqında yerli mətbuat da az yazmayıb. Zaman ötdükcə qəhrəmanlıqları kimi məzarı da unudulub.

Mərhum döyüşçünün qızı «Qaynar xətt»ə danışır ki, illərdir baxımsız qalan məzar dağılmaq üzrədir. Ancaq nə bələdiyyə, nə də icra hakimiyyəti məzarı abadlaşdırmaq istəyir: «Atam 28 yaşında şəhid olub, canını bu məmurların yaşamasından ötrü fəda edib, ancaq məmurların şəhidin məzarını abadlaşdırmağa əlləri gəlmir. Atamın məzarının abadlaşdırılmasına xərclənməli məbləğ rayondakı məmurların bir günorta yeməyinin hesabından az olar ki, çox olmaz».

«QƏBİRİSTANLIĞA GEDİB GÖRDÜK Kİ...»

Mərhum döyüşçünün ailəsi onun dağılmaqda olan məzarının təmiri üçün prezidentə də müraciət edib: «Prezidentə yazandan sonra Neftçalanın icra hakimiyyətindən bir məktub gəldi. Orda yazılmışdı ki, «prezidentə müraciətiniz bizə göndərilib, atanızın qəbirüstü abidəsində təmir işləri aparılıb, ətrafı təmizlənib». Sevincək getdik qəbiristanlığa, baxdıq ki, əvvəlki vəziyyətdədir, heç bir iş görülməyib. Yəqin ki, bu boyda ağ yalanla dolu məktubun bir surəti də prezidentə göndərilib. Baxdım ki, bunlar prezidenti aldatmaqdan çəkinmirlər, sadə vətəndaşı ələ salmaq onlardan ötrü nədir ki...».

«DAHA NƏ İSTƏYİRLƏR?»

Neftçala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, mərhum döyüşçünün ailəsi onun məzar daşının dəyişdirilməsi və ətrafının təmizlənməsi, abadlaşdırılmasına görə quruma müraciət edib. Qurum da öhdəsinə düşəni edib: «Məzara baxış keçiriləndə məlum oldu ki, vəziyyət heç də mərhumun ailə üzvlərinin dediyi kimi deyil. Daş abidədir, illərlə yağışın, qarın altında qalıb, təbii ki, 25 il əvvəlki kimi təzə qala bilməzdi. Biz də əlimizdən gələni etdik, abidə üzərində bərpa işləri apardıq, ətrafını təmizlədik. Daha nə istəyirlər?».

Əfsər Gözəlovun ailəsi isə məzarlıqda abadlıq işləri aparılması ilə bağlı deyilənləri «yalan» adlandırır və prezidentə təkrar müraciət etmək məcburiyyətində qaldığını bildirir.

XS
SM
MD
LG