Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Elçin Əmirbəyov: 'Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyırıq'


Elçin Əmirbəyov
Elçin Əmirbəyov

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyov BBC-nin rus xidmətinə müsahibəsində deyib ki, Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır.

Azərbaycan hakimiyyətinin "Zəngəzur dəhlizi" adlandırdığı marşrutun Ermənistanın Sünik vilayətindən keçməsi nəzərdə tutulur.

Ermənistanın Bakının Zəngəzuru nəzarətə almaq planlarından narahatlığı haqda suala cavabında Əmirbəyov belə planların olmadığını deyib: "Bunun Ermənistanın suveren ərazisi kimi tanıyırıq. Ancaq bilməliyik ki, qarşı tərəf dəhliz boyunca hərəkətin təhlükəsizliyini təmin edəcək. Bizə Azərbaycanın əsas hissəsindən Naxçıvana, yaxud əks istiqamətə qatara minən hər bir sərnişin üçün təhlükəsizlik təminatı lazımdır".

Əmirbəyovun sözlərinə görə, Bakı danışıqlara hazırdır, ancaq Ermənistan prosesi uzatmağa üstünlük versə, Azərbaycan marşrutu İran ərazisindən çəkməyə hazırdır.

"Sərhədimiz nə qədər tez razılaşdırılsa, o qədər yaxşıdır"

Prezidentin köməkçisi sərhədlərin delimitasiyası prosesinin çox ağrılı məsələ olduğunu deyib. Belə ki, sovet vaxtı iki respublika arasında inzibati sərhəd çox şərti çəkilib – heç kəs bunun dövlətlərarası məsələyə çevriləcəyini düşünməyib. Nəticədə ermənilərin məskunlaşdığı sərhəd kəndlərinin bəziləri Azərbaycan tərəfə düşüb, yaxud əksinə. Bundan başqa, müxtəlif sovet xəritələri var və orada sərhədin ayrı-ayrı hissələri fərqlənir. Tərəflərin bu hallarda necə razılığa gələcəyi, hələlik, aydın deyil.

"Əsas məsələ odur ki, tərəflərin bu məsələni sülh yoluyla həll etməyə siyasi iradəsi çatacaqmı. Biz belə bir həlli, eləcə də ikitərəfli danışıqların digər istiqamətlər üzrə irəliləməsini çox istəyirik. Hesab edirik ki, sərhədimiz nə qədər tez razılaşdırılsa, o qədər yaxşıdır. Bu zaman hansısa hərbi əməliyyatların bərpası ehtimalı da az olar", – Əmirbəyov vurğulayıb.

Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev sentyabrın sonunda "Reuters"ə müsahibəsində deyirdi ki, Azərbaycanın Ermənistanın cənubunda dəhliz açmaq üçün hərbi gücə əl atmaq niyyəti yoxdur.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

Noyabr bəyanatına görə, Naxçıvan və Azərbaycan arasında yolların Ermənistandan keçən hissəsinə Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Yerevan qəti şəkildə ərazisindən keçəcək hər hansı yollara ölkənin öz sərhədçilərinin nəzarət etməli olduğunu bildirir.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib. Azərbaycan oktyabrın 15-də Xankəndiyə və Qarabağdakı bir sıra digər şəhərlərə bayraq sancıb.

XS
SM
MD
LG