Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Eldar Həsənovun kabinetindən Ermənistana silah satışı barədə nə götürülüb?


Eldar Həsənov
Eldar Həsənov

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov Bakıda həbs olunduğu gün Belqradda – Serbiya səfirliyindəki iş otağında axtarış aparılıb. Oradan Serbiyadan Ermənistana silah satışıyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyində aparılan araşdırmalarla bağlı sənədlər, həmçinin Belqrad və Bakıda medianın bu mövzuda yazdığı məqalələrin kserosurətləri götürülüb. Bu barədə dekabrın 17-də məhkəmədə Eldar Həsənovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, həmin sənədlər axtarış protokolunda əksini tapsa da, nədənsə iş materiallarına əlavə edilməyib. Müdafiəçi vəsatət verib ki, məhkəmə həmin sənədləri prokurorluqdan alıb iş materiallarına əlavə etsin, araşdırılsın.

"Mümkün olan və olmayan işləri görmüşəm"

Prokuror buna etiraz edib ki, bu məsələnin ittihama aidiyyəti yoxdur. Hakim də sabiq səfirə bu haqda danışmağa imkan verməyib.

"Bu məsələ dövlətlərarası xarakter daşıyır. Mən bu məsələ ilə əlaqədar yalnız onu deyə bilərəm ki, bir Azərbaycan övladı kimi, üzərimə düşən vəzifəni, mümkün olan və olmayan işləri görmüşəm. Dövləti məlumatlandırmışam ki, filan ölkənin sifarişi ilə filan yerdən filan şeylər gedir", – Həsənov belə deyib.

Sabiq səfirin dediklərindən məlum olub ki, o, həbs edilən gün Belqradda - kirayə qaldığı evin qapısını Azərbaycandan gedən hüquq-mühafizə orqanlarının nümayəndələri sındırıb. Mülkiyyətin sahibi bununla əlaqədar yerli hüquq-mühafizə orqanlarına şikayət edib, orada araşdırma gedir: "Deməzdim ki, o davranış DTX əməkdaşlarının təşəbbüsü olub. Bildiyim qədər, orada qapını sındırıb-sındırmamaq barədə müzakirə də aparılıb. Qapının sındırılması Xarici İşlər Nazirliyinin orada olan nümayəndəsinin təşəbbüsü olub. Mülkiyyət sahibi təxminən 20 gün sonra yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Hazırda da araşdırma gedir".

16 nəfərin evində axtarış aparılıb

Vəkillər əlavə edib ki, Həsənovun səfir olduğu dörd ölkəyə (Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) və ailə üzvlərinin yaşadığı Türkiyəyə istintaq zamanı 52 sualdan ibarət sorğular göndərilib. Həsənovun nəinki ailə üzvləri ilə, nəslində olan 38 nəfərin maliyyə əməliyyatları və s. məsələlərlə bağlı araşdırma aparılıb. Sabiq səfir deyir ki, heç bir qanunsuzluq aşkarlanmayıb. Prokurorluq göndərilən sorğuları iş materiallarına əlavə edib, lakin alınan cavablar ortada yoxdur.

"Çünki bu cavablar Eldar Həsənovun təqsirsizliyinə dəlalət edir. Beş ölkənin prokurorluğunda aparılan araşdırmalar zamanı onun əleyhinə bircə fakt tapılmayıb. Ona görə də gələn cavabları Baş Prokurorluqdakı xüsusi otaqda saxlayırlar. Xahiş edirik, o materiallar Baş Prokurorluqdan alınsın, işə əlavə edilsin, məhkəmədə araşdırılsın", - vəkil Valeh Mehrəliyev bildirib.

Digər vəkil Cavad Cavadov deyir ki, sabiq səfir tutularkən onunla dostluq əlaqəsi olan, salam verdiyi, hətta tanımadığı 16 nəfərin evində məhkəmə qərarı olmadan qanunsuz axtarış aparılıb. O adamlardan "axtarışa etiraz etmirəm" ərizəsi alınaraq bu addım rəsmiləşdirilib: "Biabırçılıqdır, adamın evində, iş yerində axtarış aparırlar, hər dəfə də yazdırırlar ki, "etiraz etmirəm". Aydın məsələdir ki, heç kim bunu könüllü etməyib".

İstər Serbiyadan Ermənistana silah satışı, istərsə də digər sənədlərin prokurorluqdan alınıb iş materiallarına əlavə olunması barədə vəsatətlər təmin olunmayıb.

Sabiq səfirin məhkəməsi dekabrın 23-də əcnəbi şahidlərin ifadələri ilə davam edəcək.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan XİN əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Eldar Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG