Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:35

Əli Həsənovun ailəsinə qarşı daha bir iddia: ‘Ömürlük əlil olaraq yaşamağa məhkumuq’


Keçmiş baş nazir müavini Əli Həsənov
Keçmiş baş nazir müavini Əli Həsənov

Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzasında yaralananlardan biri – Türkiyə vətəndaşı Songül Tekiş 7 il olar qabiliyyətinin 80 faizini itirdiyini deyir. Nəticədə I qrup əlil olub və əlil arabasından yararlanır.

O, hazırda istifadə etdiyi sensorlu gəzdirmə cihazının keyfiyyətcə yetərsizliyi ucbatından səmərəsinin də azaldığını söyləyir. Bu üzdən, yüksək texnologiyalı, müasir cihaza ehtiyacı var, ancaq almağa maddi imkanı çatmır, axı elə cihazın qiyməti 76 min avrodan çoxdur. Onun sözlərinə görə, aparatın alınmasından ötrü Allahverdiyevin ailəsinə xəbər göndərsə də, nəticəsi olmayıb. S.Tekiş Azərbaycanda N.Allahverdiyevin atası Elman Allahverdiyevlə onun rəhbərlik etdiyi “Gardenia” MMC-yə qarşı məhkəmə iddiası qaldıraraq, qarşı tərəfdən cizahın dəyəri qədər – 76 min 850 avro tələb edir.

“Üç övladımızla başqalarının köməyinə möhtac qalmışıq”

2017-ci il avqustun 3-də baş vermiş qəzada S.Tekişlə yanaşı, yanında olan həyat yoldaşı Mutallib Tekiş də ağır xəsarət alıb. O vaxt cütlük səkidə gedərkən, idarəetməni itirən avtomobil yoldan çıxaraq, onları vurub.

Allahverdiyevlər ailəsi Tekiş cütlüyü ilə 2017-ci ildə müqavilə bağlayaraq, çəkilən tibbi xərclərə və mənəvi ziyana görə S. Tekişə 265 min dollar ödəmək, eləcə də daha sonra yaranacaq bütün müalicə və qulluq xidmətlərini qarşılamaq öhdəliyi götürüb. Vəd olunan vəsait ödənilib. S.Tekiş müqavilədəki “daha sonra da yaranacaq bütün müalicə və qulluq xidmətlərini qarşılamaq öhdəliyi”nə əsaslanaraq, məhkəmədə iddia qaldırıb:

“Mən və ərim o qəzada əlil olmuşuq, 3 övladımızla başqalarının köməyinə möhtac qalmışıq. Omürlük, əlil olaraq, yaşamağa məhkumuq. Bu şəkildə yaşamaq həm mənə, həm də ailə üzvlərimə əzabdır. Amma ölə də bilmirəm, axı hüquqa zidd olduğu təlqin edilir”.

Qarşı tərəf onun iddiasına etiraz edir. E.Allahverdiyevin nümayəndəsi bildirib ki, Tekiş ailəsinə münasibətdə öhdəliklər tam yerinə yetirilib. Onlar da 2017-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinə Nail Allahverdiyevdən şikayətçi olmadıqları, bundan sonra da ona qarşı heç bir tələbləri olmayacağı barədə ərizə təqdim ediblər.

Ancaq S. Tekiş 2021-ci ildə 1 milyon 550 min dollar, 993 min Türkiyə lirəsi və 22 min avro pul tələbiylə onlara qarşı iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsi bu iddianın nevrotronik sensorlu gəzmə cihazının dəyəri sayılan 22 min avroluq hissəsini təmin edib.

“O qərar da icra olunub. Hazırkı iddia isə tam əsassızdır. Üstəlik, bu tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddət də ötürülüb”, - Allahverdiyevin nümayəndəsi etirazını belə əsaslandırıb.

Bugünlərdə S. Tekişin iddiasına baxan Nərimanov Rayon Məhkəməsi onu təmin etməyib. Türkiyə vətəndaşı qərardan narazı qalıb və yuxarı instansiya məhkəməsinə şikayət vermək niyyətindədir.

Xatırlatma

Sözügedən qəza 2017-ci il avqustun 3-də baş verib. 1994-cü il doğumlu Nail Allahverdiy idarə etdiyi “Gelandewagen” markalı avtomobillə qarşısındakı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşaraq, kənar yola çıxıb və piyadalar Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub. Ardından ətrafdakı binanın fasadına çırpılaraq yanıb.

Qəza nəticəsində piyada Əsədov və avtomobildə Allahverdiyevin yanında olmuş Mehdi Əliyev ölüb. Allahverdiyevin özünün də qolu sınıb.

Hadisədən sonra həbs olunan Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə CM-in 263.3-cü (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirli bilinib və 6 il həbs cəzası alıb. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirdəndən sonra o, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Daha sonra Ali Məhkəmə N. Allahverdiyevə münasibətdə CM-in 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib və o, şərti cəza ilə azadlığa buraxılıb.

N. Allahverdiyevin babası Əli Həsənov 1998-2018-cu illərdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. O, eyni zamanda 21 il Baş nazirin müavini olub və 2019-cu ildə 71 yaşında bu vəzifədən azad edilib.

XS
SM
MD
LG