Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:54

Hərbi ekspert: ‘Ortada haqsızlıq var idi…’


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb.

Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.

Buna qədər isə çoxsaylı etiraz aksiyalarından sonra Birinci Qarabağ Müharibəsində həlak olanların bir çoxunun varəsələrinə onların sığorta pulu ödəndi. Həmin məbləğ 11 min manat olmuşdu.

İndi birdəfəlik ödəmənin məbləğ I dərəcə əlilliyə görə - 8800 manat, II dərəcə əlilliyə görə - 6600 manat, III dərəcə əlilliyə görə isə 4400 manat təşkil edir.

Belə əlillərin sayı nə qədərdir və bu məbləğ onların düşdüyü duruma nə dərəcədə adekvatdır?

11 minədək…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Turan” Agentliyinə bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə xəsarət alması barədə məlumatları elektron sistemə daxil edilən, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə ödəmə təyin olunaraq bank hesablarına köçürülüb.

Qurumdan qeyd olunub ki, müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin, qərarın və ya arayışın elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına müraciət etməlidirlər.

Onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub.

Nazirlikdən vurğulanıb ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir:

“Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq”.

Nazirlikdən əlavə edilib ki, son 4 ildə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüd məbləğlərində 2,4-2,7 dəfə artım olub.

“Ortada haqsızlıq var idi”

Hərbi ekspert Üzeyir Cəfərov AzadlıqRadiosuna bildirib ki, birdəfəlik ödəniş 1997-ci il avqustun 2-nə qədər yaralanan şəxslərə veriləcək.

Onun vurğulamasına görə, kiməsə 1997-ci ilin avqustun 3-də əlillik təyin olunubsa, ona bu birdəfəlik ödəniş düşmür:

“Çünki o vaxt qanun yox idi. 1994-cü ildə atəşkəs haqqında razılaşma imzalanandan sonra bizdə hərbi sahədə qanunvericilik bazasını təkmilləşdirməyə başladılar. 1997-ci ilin 2 avqustdan bu yana artıq bizdə qanun işləyirdi və əlillik alan, ehtiyata buraxılıb 3 il ərzində əlil olan şəxslərə bu qanun tətbiq olunurdu, sığorta ödənilirdi. Ortada haqsızlıq var idi. Çünki 1997-ci ilin 2 avqustuna qədər xeyli insan var idi ki, müharibə nəticəsində əlillik almışdı, amma onlara sığorta pulu ödənilməmişdi”.

Ekspert verilən məbləğlə də bağlı fikirlərini dilə gətirib:

“Bunu diqqət və qayğı kimi təqdim edirlər, amma 1990-cı illərdə hərbçilər məzuniyyətə çıxmayanda, verilməli olan hərbi paltarlar verilməyəndə illər sonra bizə bunu ödəyəndə artıq bu pulların dəyəri qəpik-quruş oldu. Bu məsələdə də belədir. Bəli, 1-ci qrup əlilliyi olan şəxs üçün 8800 manat yaxşı puldur, amma bunu vaxtında etmək daha yaxşı olardı. Hesab edirəm ki, 25 il üçün bu rəqəm çox azdır”.

Ekspertin fikrincə, əlillik dərəcəsi verilməyən və ya sonra ləğv olunan şəxslər var ki, bu məsələdə də onların narazılıqları eşidilə bilər.

20 ildi kirayələrdə yaşayan, ev ala bilməyən Qarabağ əlili
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Həmin döyüşlərdə Azərbaycanın 16 min civarında itki verdiyi açıqlanıb. O, vaxt onların bəziləri ilə bağlı sığırta ödənilmişdi. Minlərlə şəxs əlil olmuşdu. Bir neçə il əvvəl həlak olanlardan sigorta almayanların ailəsinə bu pul ödənilsə də həmin əlillərlə bağlı isə məsələ həll edilməmişdi.

2020-ci ildə, qısa müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

İkinci Qarabağ müharibəsində isə həlak olan (3 min civarında) və yaralananlarla bağlı (cəmi 3 min civarında hərbi qulluqçuya əlillik statusu verilib. Müraciət edib, status almayanlar da var) sığorta ödənişi buna qədər həll edilib.

XS
SM
MD
LG