Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Bu kitab yazılandan 90 il sonra işıq üzü gördü...


Əmin Abidin (Gültəkin)
Əmin Abidin (Gültəkin)

«İstiqlal şairi Əmin Abidin (Gültəkin) «Azərbaycan türklərinin ədəbiy­yatı tarixi» kitabı nəşrə hazırlanandan 90 il sonra işıq üzü gördü». Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramına Əmin Abid yaradıcılığının yorulmaz araşdırıcısı Əli Şamil söyləyib.

28 YAŞLI İLK «DƏDƏ QORQUD» ARAŞDIRICI...

Onun sözlərinə görə, kitabın nəşri uzun illər müşkülə çevrilib: «İllərboyu arxiv qovluqlarında qalan, sovet rejimi yumşalınca nəşrə hazırlansa da, araşdırıcıların çap etdirə bilmədiyi kitabı AMEA Folklor İnstitutu gerçəkləşdirə bilib. AMEA Elmi Şurasının qərarı ilə «Elm və təhsil» nəşriyyatında yenicə çap olunmuş kitaba çoxcildlik «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» əsərinin birinci cildi və 1920-1030-cu illərdə «Maarif işçisi», «Azərbaycanı öyrənmə yolu», «Dan yıldızı» jurnallarında çıxan «Heca vəzninin tarixi», «Türk xalq ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti», «Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)» və b. məqalələr daxil edilib».

«İLK SANBALLI ƏSƏR»

Əli Şamil kitabın çapını yüksək dəyərləndirir: «»Ki­tabi Dədə Qorqud»la bağlı istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində onlarla kitab, yüzlərlə məqalə nəşr edilsə də, dastanın vətəni sayılan Azərbaycanda bu mövzuda yazılmış ilk sanballı əsərin 90 il sonra çap olunması ədəbiyyatşünaslıq tarixinə gözəl töhfədir. Çünki Əmin Abid 1938-ci ildə həbs edilib güllələnəndən sonra onun əsərlərinin oxunması və onlardan istifadə də yasaqlanmışdı. Bu səbəbdən araşdırıcılar və Azərbaycan ədəbiyyatı tarixini yazanlar ölkədə «Kitabi Dədə Qorqud»un öyrənilmə tarixini çox vaxt 1938-ci ildən hesablayırdılar».

«BƏRAƏT VERİLDİ, AMMA...»

Əli Şamil 1956-cı ildən sonrarepressiya olunanların böyük bir qisminə bəraət verilsə də, Əmin Abidin əsərlərinin nəşrinə icazə verilmədiyini deyir: «Ailə üzvlərinin 1962-ci ildə Azərbaycan prokurorluğuna müraciəti Əmin Abidin ölümündən sonra bəraət verilməsi ilə nəticələnsə də, əsərlərini uzun illər nəşr etmək mümkün olmadı...».

Əli Şamil
Əli Şamil

MÜXTƏLİF SƏBƏBLƏRDƏN GECİKƏN NƏŞR

Araşdırıcı alim Azərbaycan müstəqillik qazanandan sonra onun şeirlərinin, hekayələrinin, elmi məqalələrin çap olunduğunu bildirir: «Lakin daha önəmli sayılan «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» kitabının nəşri müxtəlif səbəblərdən uzun müddət yubandı. Əsasən, «Kitabi Dədə Qorqud»a və Azərbaycan ədəbiyyatının başlanğıcına həsr olunmuş bu kitabı, nəhayət, AMEA Folklor İnstitutu nəşr etdirdi».

90 İL ÖNCƏ SÖYLƏNƏN AKTUAL FİKİRLƏRİ BAŞQALARI MƏNİMSƏDİ...

Əli Şamil əsərin aktuallığına diqqət çəkdi: «Kitabı diqqətlə oxuyan araşdırıcılar Əmin Abidin 90 il əvvəl söylədiyi fikirlərin aktuallığının və onun bir çox müddəalarının sonralar qaynaq göstərilmədən başqaları tərəfindən təkrarlandığının şahidi olacaqlar...».

Bədirxan Əhmədov və Əli Şamilin hazırladığı kitabın layihə rəhbəri Muxtar Kazımoğlu, elmi redaktoru Rza Xəlilovdur.

«SƏN BİZİMSƏN, BİZİMSƏN...»

İstiqlal şairi Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda doğulub.

M.Ə.Rəsulzadənin qohumu, şair Əlabbas Müznibin qardaşı olub.

Türkiyədə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib (1919-1926).

Bakıya qayıdandan sonra şeir yazmayıb, araşdırmalar aparıb.

Ancaq Sovet hökuməti sonda bunu ona bağışlamayıb.

1938-ci ildə tutulub güllələnib.

Əmin Abid Məhəmməd Əmin bəyin yeganə səsyazısında səsləndirdiyi məşhur «Sən bizimsən, bizimsən durduqca bədəndə can» misralarının müəllifidir.

XS
SM
MD
LG