Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:53

Ərdoğan BMT-də islahatların vacibliyindən yazır


R.T.Ərdoğan BMT Baş Assambleyasında
R.T.Ərdoğan BMT Baş Assambleyasında

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daim çıxışlarında dünyada ədalətin mümkünlüyündən danışır və tez-tez "Dünya beşdən böyükdür" ifadəsini işlədir. İndi isə prezident bu haqda kitab yazıb. Bu kitabda o, dünya ictimaiyyətini BMT-nin beş daimi üzvü – ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinlə məhdudlaşmamağa çağırıb.

"Daha adil bir dünya mümkün" adlı kitabda Ərdoğan dünyanın zülmə məruz qalan xalqları üçün ədalətdən söz açır. "TRT World" yazır ki, kitabda Əsəd rejimindən əziyyət çəkən suriyalılar və İsrailin repressiv idarəçiliyi altında yaşamalı olan fələstinlilərin vəziyyətinə xüsusi yer verilir.

Multikultural yanaşma tələbi

Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu dünyada mövcud olan ədalətsizliklərin əsas səbəblərindən biridir. O yazır ki, beş daimi üzv Asiya, Avropa və Amerika qitələrini təmsil etdiyi halda, Afrikanın maraqlarını təmsil edən yoxdur. O, eyni zamanda, Təhlükəsizlik Şurasında müsəlmanların təmsil olunmadığına da diqqət çəkir. Ərdoğan dünya əhalisinin ¼-ə qədərinin müsəlman olduğu halda, Çindən başqa bütün digər üzvlərin xristian ölkələr olduğunu vurğulayır. O yazır ki, Qərb ölkələri multikulturalizmi təbliğ etsələr də, Şuranın tərkibi multikultural yanaşmanı əks etdirmir.

O, həmçinin qeyd edir ki, beş üzv dövlətin əhalisi dünya əhalisinin yalnız ¼-ni təşkil edir və buna görə də Şura dünya demoqrafiyasını düzgün təmsil etmir. "Biz Təhlükəsizlik Şurasının fərqli qitələri, etiqadları, etnik qrupları və mədəniyyətləri mümkün qədər çox təmsil edə biləcək şəkildə yenidən qurulmasını istəyirik. Bu baş verərsə, beynəlxalq problemlərin həlli və qlobal sülhün bərpası üçün inqilabi addım olar", – Ərdoğan yazır.

Qüsurlar

Ərdoğan 100 il bundan əvvəl, Birinci Dünya müharibəsindən sonra yaranan bəzi ciddi beynəlxalq problemlərin, sadəcə, BMT-də aparılan islahatla həll edilə bilməyəcəyini anladığını bildirir. Ancaq onun sözlərinə görə, BMT kimi qlobal sülh və vicdanın qarantı olduğunu iddia edən bir qurum "daha fəaliyyətinə hazırkı siyasi statusu müdafiə edərək və dəyişikliyin səsinə qulaq yumaraq davam edə bilməz". "Biz inqilabi dəyişiklik etməsək, nəinki bugünümüz gələcəyimiz də risk altındadır", – o deyir.

Ərdoğan hazırkı beynəlxalq sistemin qüsurlarından danışarkən "Pacta Sunt Servanda" (sazişə əməl olunmalıdır) kimi yüz illərlə yaşı olan prinsiplərin pozulması tendensiyasının artmasından tutmuş, Aralıq dənizində qaçqın qayıqlarının qəsdən batırılmasınadək bir neçə məsələni vurğulayıb. O qeyd edir ki, bütün bu tendensiyalara rəğmən, Türkiyə dünyada ən çox qaçqına qapılarını açan ölkədir.

Alternativ sistem

Türkiyə prezidenti hazırkı BMT strukturuna alternativ sistem təklif edir. Hazırkı BMT sistemində Baş Assambleyanın Təhlükəsizlik Şurası üzərində monitorinq mexanizmi nəzərdə tutulmayıb və TŞ-nın beş daimi üzvünün qərarı Baş Assambleya tərəfindən sorğulana bilməz. Məlum olduğu kimi, beş daimi üzv Baş Assambleya tərəfindən seçilməyib.

"TRT World"un yazısında Ərdoğanın daha demokratik sistem təklif etdiyi iddia olunur. Bu təklifə görə, Baş Assambleya beynəlxalq parlament kimi davranaraq TŞ üzvlərini seçir. Bu, bir növ, bir ölkənin məclisinin qanuni seçkilərin ardınca hökuməti formalaşdırmasına bənzəyir. Burada Baş Assambleya demokratik bir ölkənin qanunverici, Təhlükəsizlik Şurası isə icraedici hakimiyyəti ilə müqayisə edilir. Nəticədə yaranan balans mexanizmi Baş Assambleyanın TŞ-nın qərarlarını və fəaliyyətini monitorinq etməsinə imkan verir.

XS
SM
MD
LG