Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

'Rusiyanın yeni təklifləri müzakirə olunacaq'


R.T.Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma
R.T.Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma

Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlib. Rəsmi məlumatlara görə, o, Azərbaycan prezidenti İlham Əliyevlə birgə Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək. Habelə Zəngilanda Türkiyənin dəstəyi ilə salınacaq "Ağıllı aqropark"ın təməlqoyma mərasiminə qatılmalıdır. Həmçinin bildirilir ki, bu səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparılacaq.

Bəzi ekspertlər hesab edir ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin pərdəarxası da mövcuddur. Onlardan birinin isə noyabrın əvvəlində baş tutacağı iddia olunan Əliyev-Paşinyan-Putin görüşü ilə bağlı məsləhətləşmələr olacağı güman edilir.

E.Nəsirov
E.Nəsirov

"Belə də olmalıdır"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin ən vacib hissəsi Füzuli Beynəlxalq Hava Limanının açılışıdır: "Qarabağda tikilən bu ilk beynəlxalq hava limanının açılışında Rəcəb Tayyib Ərdoğanın iştirakı məntiqlidir, belə də olmalıdır. Çünki bu gün Azərbaycan-Türkiyə münasibətləri, sözün həqiqi mənasında, bütün dünya ölkələri üçün nümunədir".

Onun sözlərinə görə, görüş çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən proseslər, postmüharibə dövrünün yeni reallıqları fonunda həllini gözləyən məsələlər və bunda Türkiyənin rolu kimi məsələlər müzakirə predmeti ola bilər:

"Bunu Rusiya da bu cür qəbul edir"

"Türkiyə bu günləri regionda çox ciddi faktordur. Bu gün Türkiyə Cənubi Qafqazda faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir".

E.Nəsirovun​ fikrincə, iki dövlət başçısının görüşündə Zəngəzur dəhlizinin (Ermənistanın Sünik rayonundan keçir) açılması ciddi müzakirə mövzusu ola bilər: "Hər iki dövlətin bu məsələdə qətiyyətli mövqeləri var ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu, təkcə Azərbaycan və Türkiyə üçün faydalı deyil. Burada ən böyük fayda blokada vəziyyətinə düşən Ermənistan üçündür".

E.Şahinoğlu
E.Şahinoğlu

"İlham Əliyev hər dəfə Ərdoğanla məsləhətləşir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri tək Füzuli hava limanının açılışı ilə məhdudlaşmayacaq: "Kremlə yaxın Rusiya xəbər agentlikləri artıq noyabrın ilk həftələrində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidentinin Ermənistan baş naziri ilə görüşü ilə bağlı məlumatlar yayıb. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ona görə də bu məsələlərdə İlham Əliyev hər dəfə Ərdoğanla məsləhətləşir".

"Türkiyə rəsmiləri deyib ki…"

Siyasi şərhçisi sonra da deyib: "Türkiyə rəsmiləri deyib ki, Ermənistanla sərhədini açmağa hazırdırlar, amma onu da əlavə ediblər ki, bu məsələdə Azərbaycanla birgə hərəkət edəcəklər. Eləcə də müharibədən sonra Qarabağ məsələsində Rusiya nə təklif edərsə, Azərbaycan Türkiyə rəhbərliyi ilə razılaşdırır. Ona görə də bugünkü səfər çərçivəsində hava limanın açılışı mərasimi ilə yanaşı, qapalı şəraitdə, yəqin ki, Rusiyanın yeni təklifləri müzakirə olunacaq".

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli və Zəngilan rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG