Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Ərdoğana məktub yazan Qarabağ əlili...


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

►"Sosial yardım həyat yoldaşımın dərmanına da çatmır"

Prezident İlham Əliyevə, Milli Məclisə, müxtəlif nazirliklərə yazdığı məktublara və vurduğu teleqramlara müsbət cavab ala bilməyən Qarabağ əlili giley-güzarını Türkiyə prezidenti Recep Tayyip Erdogan-a və Türkiyə parlamentinin bir neçə üzvünə yazıb göndərib:

“Ötən yay – iyunun 21-də getdim, dayandım düz Olimpiya stadionunun qarşısında. O qədər bezmişdim ki, özümü öldürmək istəyirdim. Bir anda lap körpə övladım gözümün önünə gəldi. Düşündüm ki, öləndən sonra 5 uşaq, xəstə həyat yoldaşım, qoca ata-anama nə boyda yük qoyub gedəcəm. Ölümüm onlardan başqa heç kəsi yandırmayacaq. Hökumətsə, inanmıram ki, başıma gələcəklərə məndən əvvəl özünü yandıran əlillərin faciəsindən fərqli münasibət göstərsin”.

Ağstafa sakini Aqşin Hüseynov Qarabağ müharibəsi əlilidir. Özü də daxil olmaqla 7 nəfərdən ibarət ailəni təkbaşına saxlayır.

Daha doğrusu, saxlaya bilmir. Deyir, 101 manat yardımla dolanmaq olar? Üstəlik də şəraitsiz, istiliksiz, təmirsiz evdə... Həyat yoldaşı Solmaz hepatit xəstəliyindən əziyyət çəkir. Ailənin kiçiyinin isə hələ 1 yaşı tamam olmayıb.

Əlil 14 ildir ki, mənzil növbəsindədir. Həm mənzil şəraitinin yaxşılaşdırılması, həm də azuqə üçün Qazax rayon İcra Hakimiyyətinə gedib gəlir:

Buna da bax: Prezidentə müraciət edəndən bəri səsi gəlmir

"BAŞIMA GÖRƏ BANKLAR DA KREDİT VERMİR"

“Deyirlər, “bura xeyriyyə fondu deyil”. Hər dəfə təhqir edib qapıdan qaytarırlar. Bu azmış kimi, deyir, arxasınca “bunun başı müharibədə gedib, dəlidir” deyib gülüşürlər”.

Deyir, vaxtilə xəsarət almış başına görə ona banklar da kredit vermir:

“Dərmana pul axtaranda neçə banka getdim ki, kredit götürüm. Dedilər, “başında problem var, sabah yıxılıb ölsən, krediti kim qaytaracaq?””

Əlil Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə saysız- hesabsız məktublar göndərdiyini, ancaq cavab almadığını bildirir.

Bu videoya da bax: "Bakı zooparkında heyvanların hüququ pozulur"

"KEYFİYYƏTSİZ ƏVƏZEDİCİNİ VERİRLƏR"

Aqşin Hüseynovun 7 nəfərlik ailəsi şəraitsiz, təmirsiz bir otağa sığınıb. Deməsinə görə, həyat yoldaşı Solmazın səhhəti ağır olduğu kimi, dərmanları da çox bahadır:

“Ciyəri parçalanır. Uşaqlarımın anası gözümün önündə günbəgün əriyir, bizdən uzaqlaşır. Dərmanları çox bahadır. Onun bir dərmanının bircə ampulası mənim pensiyamdan bahadır. Halbuki, o ampuladan ona həftədə ikisi vurulmalıdır. Ciyərinə görə pulsuz almalı olduğumuz keyfiyyətli və bahalı dərmanın əvəzinə bizə keyfiyyətsiz əvəzedici dərmanlar verirlər. O dərmanlar da müalicəyə müsbət təsirini göstərmir”.

Ölkə başçısına, Milli Məclisə, müxtəlif nazirliklərə yazdığı məktublara və vurduğu teleqramlara cavab ala bilməyən Qarabağ əlilinin sözlərinə görə, giley-güzarını Türkiyə prezidenti Recep Tayyip Erdogan-a və Türkiyə parlamentinin bir neçə üzvünə yazıb göndərib. Hətta cavab da alıb. Ona təəssüflə bildirilib ki, xarici ölkə vətəndaşı olduğu üçün yardım edə bilmirlər.

Əlil azyaşlı körpənin yeməklərini qonşularının aldığını bildirir. Deyir, hətta bir dəfə qonşular südü gecikdirdiklərinə görə körpə 2 gün ac qalıb.

Buna da bax: Nardaran sakini: «Damlarda snayperlər var»

MƏBLƏĞƏ BAXILACAQ VƏ... MƏNZİL VERİLƏCƏK

Qazax rayon İcra Hakimiyyətindən bildirdilər ki, əlilin mənzil şəraitinin və güzəranının yaxşılaşdırılması məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətdə saxlamalıdır. Çünki İcra Hakimiyyətində belə məsələlərə görə büdcə yoxdur.

Əlilin giley- güzarını Qazax rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə çatdırdıq. Mərkəzdən əlilə verilən ünvanlı sosial yardımın məbləğinə yenidən baxılacağını bildirdilər.

Hətta dedillər, Qazaxda inşa olunacaq yeni binaların birində əlilə mənzil də veriləcək. Bunu da Mərkəzdən bildirdilər.

Buna da bax:

Qarabağ əlili intihar həddində olduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

XS
SM
MD
LG