Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Erdoğan-Putin: Ukrayna, Qarabağ və başqa müharibələr


Erdoğan Kiyevdə. Rusiyanın hücumuna üç həftə qalır
Erdoğan Kiyevdə. Rusiyanın hücumuna üç həftə qalır

Ekspert bildirir ki, postsovet məkanında baş verən bütün münaqişələr bu və ya digər dərəcədə Türkiyənin təsirini artırır

Son günlərdə Türkiyənin Rusiya-Ukrayna müharibəsinə münasibətdə tutuduğu mövqe geniş müzakirə olunur.

Türkiyə Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumunu rəmən pisləsə də, Moskva üzərinə Qərb tərəfindən qoyulmuş sanksiyalara qoşulmayıb.

Rəsmi Ankara bunu münaqişədə vasitəçi olmaq istəyi ilə izah edir.

Türkiyə rəsmiləri bildirirlər ki, Ankara həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini saxlamağa çalışır.

AzadlıqRadiosunun Rus xidmətinə müsahibəsində Rusiyada tanınmış politoloq İvan Preobrajenski deyir ki, Ankara özü üçün maksimum sərfəli mövqe tutur və bu münaqişədən mümkün qədər çox qazanc götürməyə çalışır:

“Türkiyənin Rusiya və Ukrayna ilə bundan əvvəlki münasibətləri onun Avrasiyanın bu hissəsində böyük siyasətdə olmasına əngəl törədirdi. Buna görə də Türkiyə həm Rusiya turistlərindən, Rusiyaya satdığı meyvə-tərəvəzdən, həm də Ukraynaya silah satışından qazanmaq istəyir. Hamımızın yadındadır ki, Erdoğanla münasibətləri bir az korlanan kimi, Putin Türkiyə pomidorunun idxalına qadağan qoyurdu. Eyni zamanda Türkiyə həm də danışıqlarda vasitəçi, sülhməramlı rolunda çıxış edərək siyasi təsirini gücləndirir”.

Erdoğanın və Türkiyənin maraqları

Ekspert bildirir ki, postsovet məkanında baş verən bütün münaqişələr bu və ya digər dərəcədə Türkiyənin təsirini artırır.

Onun fikrincə, söhbət təkcə Ukrayna və Rusiyadan yox, habelə Cənubi və Şimali Qafqazlardan gedir.

Preobrajenski deyir ki, prezident Recep Tayyip Erdoğan Türkiyənin 19-20-ci əsrlərdə itirdiyi nüfuzu ona qaytarmağa çalışır.

Ekspertin firkincə bu proseslərdə Erdoğanın öz məqsədləri var:

“Sözsüz ki, burada Erdoğanın, bir dövlət kimi Türkiyənin məqsədlərinə cavab verməyən, hətta buna zidd olan şəxsi maraqları var. Recep Erdoğan da Vladimir Putin kimi avtoritar lider və hətta diktatordur. Erdoğan son illərdə öz əlində misli görünməmiş hakimiyyət cəmləşdirib, AK partiyadakı daxili ziddiyyətlərə üstün gəlib, ona müxalif olan siyasi partiyaları zəiflədib. Hazırda Türkiyə Erdoğanın təşəbbüsü ilə prezident-parlament respublikasına çevrilib və o hakimiyyətini maksimum müddətdə uzatmağa çalışır”.

Putinin Erdoğanla görüşü. Soçi, 9 sentyabr 2021-ci il
Putinin Erdoğanla görüşü. Soçi, 9 sentyabr 2021-ci il

Ekspert bildirir ki, bu mənada Ukrayna müharibəsi Erdoğana həm güclü ölkənin lideri, həm də vasitəçi rolunu oynamaq imkanı verir.

Preobrajenskinin fikrincə bu, Erdoğana, Lukaşenka kimi onun öz təşəbbüsü ilə düşdüyü qismən diplomatik təcriddən çıxmaqda kömək edir. Erdoğan bu müharibənin tez qurtarmasını istəyir ki, prosesdən əhəmiyyətli geosiyasi və diplomatik qənimətlərlə çıxa bilsin:

“Bundan başqa Türkiyə iqtisadiyyatı hazırda dərin böhrandadır. Əgər Erdoğanın bu böhrana üstün gəlmək üçün gücü olmasa, o öz daxili reytinqini başqa üsullarla qaldırmaq istəyəcək”.

Erdoğanın daha usta siyasəti

Maraqlıdır ki, həm Erdoğan, həm də Putin bəzi dairələrdə öz ölkələrini “diz üstündən” ayağa qaldırmış liderlər hesab olunurlar. Ekspertin qənaətinə görə onlar bunu müxtəlif tərzdə etsələr də, mahiyyətcə eyni nəticəyə gəliblər:

“Formaca fərqlər, şəksiz böyükdür, amma nəticələrdə bir çoxlarının gördüyündən daha çox bənzərlik var. Türkiyə heç şübhəsiz uzun müddət regionun iqtisadi liderinə çevrilib. Lakin Erdoğanın amiranə siyasəti, Qərblə münasibətlərinin korlanması, xarici ticarət balansının pozulması - onun beynəlxalq iqtisadi əlaqələrinin qırılması kimi bir xeyli səhvlərlə nəticələnib. Bu elə hazırda Rusiyada, amma daha kiçik miqyaslarda qərarlaşan vəziyyətdir”.

Türkiyə tankları İraq sərhədində təlim zamanı (Arxiv fotosu)
Türkiyə tankları İraq sərhədində təlim zamanı (Arxiv fotosu)

Preobrajenski bildirir ki, Erdoğan da, Putin də müstəqil xarici və hərbi siyasət yürüdürlər.

Lakin ekspertə görə, Erdoğan müttəfiqləri ilə bütün ixtilaf və ziddiyyətlərinə baxmayaraq Türkiyəni NATO üzvü kimi saxlaya bilib, daha doğrusu “yolverilənin sərhədini” aşmayıb:

“Düşünürəm ki, Erdoğan sözsüz, Putinə çox bənzəyən liderdir. Amma onların arasında əhəmiyyətli fərqlər də var. Erdoğan bəlkə də Putindən daha əzmkar-iradəli adamdır. O bir müddət həbsxanada olub, belə demək mümkündürsə, öz idealları uğrunda mübarizə aparıb. Fərq bundadır ki, onların hər ikisi avtoritar rejimlərin fərdiyyətçi lideri olsalar da, Erdoğan hakimiyyətə daha böyük maneələrdən keçərək gəlib. Onun üçün, əsas etibarilə Türkiyənin konstitusiya quruluşuna və Rusiyadan fərqli olaraq bugün də real fəaliyyətdə olan müxalifətə görə məhdudiyyətlər qalır”.

Lakin Preobrajenskinin fikrincə onların həyata baxışları tamamilə oxşardır. Ekspert deyir ki, onların hər ikisi din amilindən, özlərinin cəmiyyət üçün yaratdıqları “dəyərlərdən” fəal istifadə edirlər. Ən mühümü isə bu iki liderin hər ikisi müharibəyə, daxili və xarici rəqiblərə qarşı zor işlətməyə təbii bir üsul kimi baxırlar.

Türkiyənin öz “xüsusi əməliyyatı”

Ekspert diqqəti belə bir məqama çəkir ki, istər Rusiya, istərsə də Türkiyə bugün ölkə xaricində təxminən eyni coğrafi məkanlarda üz-üzə gəliblər. Üstəlik lap bu yaxınlarda Türkiyə də Şimali İraqda özünün “xüsusi əməliyyatına” başlayıb:

“Burada bir neçə şəraitlər üst-üstə düşüb. Ən mühümü ümumilikdə regionda situasiyanın ciddi şəkildə dəyişməsi, Rusiya və Ukrayna arasında müharibənin bütün Avrasiya regionuna təsiridir. Avropa İttifaqı hazırda Rusiyanın asılılığından çıxmaq üçün istənilən mənbələrdən maksimum enerji daşıyıcıları əldə etməyə çalışır. Bu proses sonunda İraq Kürdüstanına toxunub. Maraqlıdır ki, İraq Kürdüstanının başçısı Məsud Bərzani nəzarətində olan ərazidən Türkiyəyə, eləcə də Avropa İttifaqına qazın satışı barədə danışıqlara Türkiyə ordusunun İraqa müdaxiləsindən ikicə gün əvvəl başlayıb”.

Bərzani Ankarada Erdoğanla görüşdükdən sonra Britaniyaya yollanıb. Ekspert bildirir ki, bu proseslər regionda bir çox oyunçuların maraqlarına toxunur. Preobrajenskinin fikrincə, İran, habelə bir vaxtlar Sovet İttifaqı tərəfindıən “yemləndirilən” PKK bu hadisələrə neqativ yanaşırlar.

İstanbul, 8 yanvar, 2020-ci il
İstanbul, 8 yanvar, 2020-ci il

Ekspert bunu da xatırladır ki, son zamanlar Aralıq dənizi hövzəsindəki qaz yataqlarına görə Yunanıstan və Türkiyə arasında qızğın mübarizə gedir. Bu prosesə İsrail də qoşulub.

Preobrajenski istisna etmir ki, məhz bu region yaxın gələcəkdə daha bir ciddi münaqişənin ocağı ola bilər.

Qarabağdakı hadisələr

Ekspertin fikrincə, Türkiyənin son addımları Rusiyanın və Qərbin başının Ukrayna hadisələrinə qarışdığı bir vaxtda atılır:

“Türkiyə ənənəvi olaraq, xüsusilə də indi, Rusiyanın müttəfiqi deyil. Putin və Erdoğan şəxsi səviyyədə qarşılıqlı anlaşa bilsələr də, gözəl başa düşürlər ki, ikisi də ətraf dünyanı bölüşdürmək istəyən quldur kimidirlər. Onlar bir dildə danışırlar, “qanuni oğrularsayağı” həmişə dil tapa bilərlər və tapırlar. Amma onlar müttəfiq yox, opponentdirlər. Buna görə də Rusiyanın zəiflədiyi istənilən məqamlarda Türkiyənin təzyiqləri artır”.

Preobrajenski bildirir ki, bu yaxınlarda Qarabağda da buna bənzər hadisələr yer alıb. Rusiyanın Ukraynada müharibəsi başlanandan Azərbaycan tərəfi də Qarabağda güc nümayiş etdirir və Bakının bu addımları Ankara ilə məsləhətlə atdığı görünür:

“Mən ehtiyat edirəm ki, orada hərbi əməliyyatlar əslində başa çatmayıb və əgər Ermənistan və Azərbaycan arasında, ilk növbədə Ermənistanın maraqlarının qurban verilməsi, bəzi erməni ərazilərinin itirilməsi hesabına hansısa yeni müqavilə imzalanmasa, Türkiyə bu məsələni hərbi qüvvə hesabına həll etməyə can ata bilər”.

Ekspert bildirir ki, Ukraynadakı müharibə Türkiyənin habelə Mərkəzi Asiya regionundakı təsirlərini artırır:

“Türkiyənin özündə pantürkistlərin nüfuzu artmaqdadır. Üstəlik Erdoğanın hakimiyyəti dövründə Rusiyada olduğu kimi millətçilərin dindar radikallarla təmərküzləşməsi başlanıb. Türkiyədə islamçılarla pantürkistlərin çulğalaşması baş verib. Əvvəllər Türkiyədə belə bir hal olmayıb”.

Ekspert bildirir ki, Rusiyada olduğu kimi, Türkiyədə də bu proseslər onlara qonşu ölkələr üçün təhlükə və riskləri artırır.

XS
SM
MD
LG