Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

Ermənistan hökuməti gələn il öləcək hərbçiləri indidən düşünür


Erməni hərbi geyimi
Erməni hərbi geyimi

Ermənistan hökuməti ölkənin müdafiəsi zamanı hərbçilərin həyatına və sağlamlığına dəyən ziyanın ödənilməsinə dair qanun layihəsini təsdiqləyərək parlamentə yönəldib.

Yalnız gələn il...

Layihə parlamentdən keçərsə, yalnız gələn il yanvarın 28-dən sonra öləcək, yaxud yaralanacaq hərbçilərə şamil olunacaq.

Qanun layihəsini təqdim edən müdafiə naziri Vigen Sargsian-ın sözlərinə görə, aprel hadisələri göstərib ki, buna bənzər irimiqyaslı hərbi əməliyyatlar zamanı hərbçilərin həyat və sağlamlığına dəyən ziyanın ödənilməsinə yalnız büdcə vəsaitləri kifayət deyil. Nazir deyib ki, bundan ötrü əlavə mənbələr və yeni sistem lazımdır.

Buna da bax:​ Ermənistanın maliyyə naziri: 'Bircə ay dözün'

Onun sözlərinə görə, proqram prezident Serzh Sargsian-ın tapşırığı ilə hazırlanıb. Onun gerçəkləşdirilməsi üçün ayrıca və vergilərdən azad fond yaradılacaq.

Əvvəllər əsgərlərə ödənilən sığorta məbləğləri onların əlillik dərəcəsi və hərbi rütbələrinə uyğun artacaq:

Hər il sığortapulu da veriləcək?

«Ölüm, yaxud birinci dərəcəli əlillik halında 10 milyon dram (təxminən 20 min 900 dollar) məbləğində birdəfəlik ödəniş nəzərdə tutulub. İkinci dərəcəli əlillik halında 5 milyon dram (10 min 450 dollar) məbləğində birdəfəlik ödəniş nəzərdə tutulub. Bundan başqa, 20 il ərzində hər ay sığortapulu ödənəcək». O bildirib ki, hər bir işləyən fiziki şəxs hər ay min dram (2,1 dollar) "qrant ödəməsi" edəcək, fond da sözügedən kompensasiyaları bu yolla toplanan vəsaitdən ödəyəcək.

Buna da bax: Erməni mediası: Türkiyədən 50 milyonluq yardım

Layihəyə görə, 20 il ərzində Ermənistanda əmək müqaviləsi olan vətəndaş və qeyri-vətəndaşlar, eləcə də sahibkarlar hər ay min dram məbləğində qrantpulu ödəyəcəklər. Minimal əməkhaqqı alan vətəndaşların yerinə bu məbləği onların işlədiyi qurumlar verəcəklər.

Vigen Sargsian bildirib ki, qəbul olunarsa, bu sistem xalqın inamını qazanacaq. Ancaq ictimai təşkilatların nümayəndələri bu məsələyə dair indiyədək heç bir ictimai dinləmənin keçirilmədiyinə diqqət çəkirlər.

«Bütün tənqidləri qəbul edirəm»

Əmək və sosial məsələlər naziri Artyom Asatrian-ın fikrincə, yaralı hərbçilərin ehtiyacları üçün ayda hər adamdan tutulan min dram (2,1 dollar) sosial yükü artırmayacaq.

Buna da bax:​ Ermənistan Qarabağda həlak olmuş 'yezidi qəhrəmanlar' haqqında kitab buraxıb

İctimai şuranın sədri Vazgen Manukian da eyni fikirdədir:

«Müharibə zamanı bir neçə min adam ölüb və yaralanıb. Ölənlərin ailələri çox pis vəziyyətdədir. Dövlət, həqiqətən, onlara kömək edə bilmir, halbuki daha yaxşı işləməli, iqtisadiyyatı inkişaf etdirməli idi. Hər dövlət məmurunun "Mersedes"də gəzməsi lazım deyildi. Mən bütün tənqidləri qəbul edirəm, ancaq indi bu durumdayıq».

Manukian qanun layihəsinin 2017-ci ildən əvvəl ölmüş və yaralanmış hərbçilərə şamil edilməməsini mənasız sayır: «Nədir, yanvarın 28-dən sonra bizim çoxlu ölənimiz olacaq? Artıq çoxlu ölən əsgərimiz var və onların ailələri barədə düşünmək lazımdır».

«Onlar necə deyə bilər ki...»

Aprel müharibəsi zamanı Xocavənddə yaralanıb əlil olan Daniel Davtian da proqramın o savaşda yaralananlara şamil edilməyəcəyini düzgün saymır. «Onlar 2017-ci ildə kimin öləcəyini bilmirlər... Onlar necə deyə bilərlər ki, filan ildə filan qədər adam öləcək? Hələ buna uyğun məbləğ də təyin edirlər... Bu, düzgün deyil. Qoy əvvəlcə aprel müharibəsində ölən, yaxud yaralanan əsgərləri düşünsünlər, ardından daha sonrakıları».

Buna da bax:​ Hərbə bu qədər pul xərcləməyə dəyərmi?

Hələ də başında qəlpə gəzdirən Daniel öz təcrübəsindən bilir ki, minlərlə əsgərin yardıma gerçək ehtiyacı var: «Mən dövlətdən yardım almıram. Ümumiyyətlə yardım almıram».

XS
SM
MD
LG