Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

Etibar Məmmədov: 'Məmur kapitalizmi yaranıb'


Etibar Məmmədov
Etibar Məmmədov

«Müstəqilliyin 25 illiyi ərzində Azərbaycanın əsas nailiyyəti dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvünə çevrilməsidir. Əsrin bir rübü ərzində Azərbaycanın müstəqilliyi sarsılmaz olub».

Bunu Milli İstiqlal Partiyasının fəxri lideri, ötən əsrin 80-ci illərinin sonlarında milli demokratik hərəkatın rəhbərlərindən biri olan Etibar Məmmədov bildirib.

O, hesab edir ki, ötən dövrdə Azərbaycan sakinlərində müstəqil dövlət vətəndaşlarının təfəkkürü formalaşıb. Azərbaycanın dünyada siyasi, mədəni, iqtisadi münasibətlərdə tanınması prosesi gedir.

E.Məmmədov həmçinin, ölkənin iqtisadi nailiyyətlərini qeyd edib. «Amma iqtisadi inkişaf potensialı çox azdır. Hakim rejim sabitliyi təmin edə bilsə də, bazar iqtisadiyyatı deyil, məmur kapitalizmi yaradıb», - deyə Məmmədov bildirib.

E.Məmmədovun fikrincə, hakimiyyət silahlı qüvvələrdə də islahatları çox ləngidib: «Amma müdafiə naziri dəyişdikdən sonra islahatlar uğurla həyata keçirilib. Bu gün Azərbaycan ordusu tamamilə döyüşə hazır, nizam-intizamlı və təminatlıdır».

HAKİMİYYƏT KEÇİCİDİR, DÖVLƏT ƏBƏDİ

Xarici siyasətə gəlincə, E.Məmmədovun fikrincə, AXC-Müsavat hökuməti avrointeqrasiya kursu elan edib, onları əvəz edən hakimiyyət də bu siyasəti həyaya keçirirdi. Amma Rusiya gücləndikcə, Bakının siyasətinə düzəlişlər olunub və o, daha da tarazlaşdırılıb. E.Məmmədov uzaq gələcəkdə bu siyasətin səmərəli olduğuna şübhə edir.

O, Avropa, Avroatlantik qurumlarla münasibətləri pozmaqla bağlı çağırışlarla razı deyil. E.Məmmədov hesab edir ki, müasir qlobal dünyada tamamilə təcrid olunmaq olmaz.

E.Məmmədov hökumətdən razı olmayan insanların bu dövləti artıq özününkü saymamasından narahatlığını ifadə edib. O, vurğulayıb ki, hakimiyyət dəyişə bilər, amma dövlət eyni qalır.

«İqtisadiyyatın inkişafı üçün iqtisadi azadlıqlar təmin edilməlidir. İqtisadiyyat şaxələndirilməlidir, neftdən asılılıqdan xilas olunmalıdır. Bütün bunlar olmadan nə manatın sabitləşməsinə, nə də iqtisadiyyatda və sosial sahədə geriliklərin aradan qaldırılmasına nail olmaq mümkündür», - deyə Etibar Məmmədov qeyd edib.

XS
SM
MD
LG