Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:36

'Ətin kilosu 12-13 manat olacaq'


Ət
Ət

Paytaxt Bakıda ətin qiyməti bahalanıb. İndi sümüklü mal əti 9.5-10 manata satılır. Sümüksüz ətsə bir manat artığına – 10.5-11 manata.

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev «Qafqazinfo»ya açıqlamasında deyib ki, ətin qiyməti cüzi artıb. O bunu həm mövsümə, həm də ətə tələbatın artmasına bağlayıb. M.Hacıyev bazarda ət qıtlığının olmadığını bildirib.

Nazirlikdən verilən açıqlamada hökumətin bu yöndə gördüyü işlər də qeyd edilib. Deyilir ki, aqrolizinq vasitəsilə ölkəyə cins mal-qara gətirilir və fermerlərə 50 faiz güzəştlə verilir. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində Qafqazda ən böyük Süni Mayalandırma Mərkəzi də Azərbaycanda tikilir.

M.Hacıyev hər həftəsonu nazirliyin keçirdiyi yarmarkalarda mal ətinin 6-7 manata satıldığını da sözlərinə əlavə edib.

Ətin bahalanmasından AzadlıqRadiosuna danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov nazirliyin vədlərini «boş sözlər və cəfəngiyat» adlandırıb:

- Süni Mayalandırma Mərkəzi 10 ildən çoxdur tikilir. Ora on dəfə artıq maliyyə resursu ayırıblar, pulu da mənimsəyiblər. Halbuki 700 min avroya Özbəkistanda Orta Asiyanın ən böyük Süni Mayalandırma Mərkəzi inşa edilib, bütün avadanlığıyla bir yerdə. Bu avadanlıq da Avropadan gətirilib. Burda da 10 ildir tikirlər, nəsə...

- Sizcə, Azərbaycanda ətin bahalanmasına səbəb nədir?

- Kənd Təsərrüfatı Nazirliyi qaş düzəltdiyi yerdə vurdu göz çıxardı. Son bir neçə ildə örüş sahələrinin bir hissəsini əkinə verdilər. Həmin sahələrdən bir hissəsində taxıl və s. əkilir, bir hissəsini də, ümumiyyətlə, istifadə etmirlər. Beləcə, yüz min hektara yaxın örüş sahəsi dövriyyədən çıxarıldı. Bunun nəticəsində həmin örüş sahələrini icarəyə götürmüş, heyvandarlıqla məşğul olan fermerlər iki il qabaq öz mal-qaralarını kəsimə verməli oldular və... ətin qiyməti 4-5 manata düşdü. O dövrdə biz xəbərdar etmişdik ki, yaxın zamanlarda ətin qiymətində ciddi artım olacaq. Bu tendensiya yenə də davam edir. Örüşlər, təbii biçənəklər fermerlərin əlindən alınmaqdadır. Bu halda möhkəm yem bazası da yaradılmır. Nəticədə, yem qıtlığı qaçılmaz olur. Bu da heyvanların zəifləməsinə, heyvanlar arasında xəstəliklərin artmasına,məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

- Və ət də bahalanır?

- Yemin qıt olması, örüş sahələrinin yetərsizliyi yemin qiymətini artırır. Bu halda ət istehsalıyla məşğul olanlar çalışırlar ki, əti daha baha satıb zərərə məruz qalmasınlar. Bu gün ətin bahalaşması daxili istehsalın azalmasıyla, bir də yemin qiymətinin artımıyla bağlıdır. Ölkədə heyvandarlıqla normal şəkildə məşğul olmaq mümkün deyil. Bir məqamı da deyim. Bu ilin 10 ayında keçən ilin 10 ayı ilə müqayisədə ət idxalı 160 faiz, süd idxalı isə 60.8 faiz artıb. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı kəskin şəkildə azalıb. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyü zamanda ət, süd idxalı artırsa, həmin məhsulların qiyməti artırsa, bu o deməkdir ki, həmin məhsulların istehsalı kəskin azalır. Bunu başqa heç nəylə əlaqələndirmək olmaz. Nə desələr, əsası yoxdur. Nazirliyin verdiyi açıqlama da cəfəngiyatdır, verdiyi vədlər də boş sözlərdir.

- Belə çıxır qarşıdakı aylarda qiymət yenə artacaq?

- Ətin qiyməti getdikcə artacaq. Artıq rayonlardan xəbər gəlir mənə, qoyun ətinin qiyməti təxminən 20-30 faiz artıb, mal ətinin qiyməti isə 10 manata yaxınlaşır. Bu o deməkdir ki, yaxın günlərdə, Yeni il ərəfəsində Bakıda mal ətinin kilosunu 12-13 manata alacağıq. Nazirin deməyi ki yarmarkada 6 manata ət satılır, bu bilirsiniz nəyin ətidir? Ölkədə xəstə, yaşlı, şikəst olduğu üçün yetərincə mal-qara çıxdaş edilir. Yarmarkada satılan da çıxdaş edilən mal-qaranın ətidir. Standarta uyğun deyil. Rayonlarda ətin qiyməti 10 manata yaxınlaşırsa, niyə kəndli onu yarmarkada 6 manata satır? Sovet dövrü deyil ki, onu hansısa formada maraqlandırıb şirnikləndirsinlər. İldə 100 minədək camış, qoca olduğundan, kəsimə gedir, 200 min baş inək çıxdaş edilir. Hətta yaşlı atların da kəsilib bazara çıxarılması haqda məlumatlar gəlir.

XS
SM
MD
LG