Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Vergini eşidib evi satmadı


Ev satılır
Ev satılır

«Notariusda alqı-satqı edəndə bir vərəqə verdilər ki, qeydlər aparaq. Dedim, «bu nədir?». Notarius dedi ki, «alqı-satqıya görə satan tərəf vergi ödəməlidir». Mənim bildiyim qədər, bu vergini evi yeni alıb satanlar ödəməlidir. 18 il əvvəl aldığım evi satanda niyə vergi ödəyim ki? Xalqı savadsız görüb hərə öz sahəsində qanunsuz ödənişlərlə yükləyir».

24 MİN 800 MANATIN 800-Ü VERGİYƏ GEDİR

Bunu AzadlıqRadiosuna Bakı sakini Yeganə Əmirli deyir. Onun sözlərinə görə, 1999-cu ildə aldığı mənzili satmaq istəyərkən 2 min manat vergi ödənilməsi tələb olunub. Yeganə xanım 22 min manata satmağa hazırlaşdığı evə görə 2 min manat vergi ödəyəcəyini eşidəndə evi satmaq fikrindən daşınıb.

Mingəçevir sakini Kəmalə Kərimova da ev alqı-satqısı zamanı eyni tələblə üzləşib. Deyir, 24 min 800 manatlıq mənzil alqı-satqısına görə 800 manat vergi ödənişi tələb olunur: «Alqı-satqı müqaviləsi bağlananda vergi ödəməli olduğumu bildirdilər. Halbuki, biz evi yeni almamışıq. Sadəcə, indiyə kimi Ucarda qeydiyyatda olmuşuq, 14 il əvvəl aldığımız bu evə isə alqı-satqıdan bir ay əvvəl qeydiyyata düşmüşük. Bizə deyirlər ki, «gərək aldığınız evə vaxtında qeydiyyata düşəydiz ki, indi satanda vergi tələb olunmayaydı».

«VƏTƏNDAŞI SOYMAĞA HESABLANIB»

Vergilər Nazirliyindən isə «Qaynar xətt»ə tələbin qanuni olduğu bildirilir: «Qanunla vətəndaş aldığı mənzildə, azı, 5 il yaşayış qeydiyyatında olmalıdır ki, alqı-satqı edərkən vergidən azad olunsun. Bu vətəndaşlarsa evi çoxdan alsalar da, qeydiyyata alqı-satqıdan az əvvəl düşüblər. Ona görə də, alqı-satqı zamanı satılan mənzilin sahəsi və yerləşdiyi zonanın əmsalına uyğun olaraq vergi hesablanır. Burada qanunsuz heç nə yoxdur».

Hüquqşünas Namizəd Səfərov deyir, vergi qanunvericiliyindəki bu dəyişikliklər yenidir və vətəndaşları rəsmən soymağa hesablanıb: «Bu tələb Vergilər Məcəlləsinin 102.1.9-cu maddəsində göstərilib. Əvvəlki qanunda uzunmüddətli mülkiyyətçi olmaq alqı-satqı zamanı vergidən azad olmaq üçün əsas idisə, indi yaşayış qeydiyyatı əsas götürülür».

Bu qanun tələb olunan vergini ödəməyən mülkiyyətçiyə alqı-satqıya imkan vermir.

XS
SM
MD
LG