Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:39

Parlament önündəki aksiyaya görə həbs olunan fəal yenidən cəzalandırıldı


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Dörd il öncə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs edilmiş Müsəlman Birliyi Hərəkatının üzvü Tural Vəliyev yenidən cəzalandırılıb.

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona həbs cəzası kəsilib. Dindar fəal bu dəfə narkotik ittihamıyla təqsirli sayılıb.

İddia olunur ki, ötən ilin martında saxlanılarkən, T.Vəliyevin üstündən təxminən 12 qram narkotik tapılıb. Onun özü narkotik ittihamının yalan olduğunu söyləyir və deyir ki, ölkədəki yüzlərcə dini inanclı fəal kimi, onu da dindar olduğuna görə cəzalandırıblar.

T. Vəliyev məhkəmə ifadəsində bildirib ki, cinayət işində küçədə saxlandığı göstərilsə də, əslində, onu yaşadığı evin həyətində qandallayıb aparıblar. Həmin vaxt həyətlərində 10 nəfərə yaxın mülki geyimli polis olub:

“Məhəllədəkilərin gözünün önündə məni maşına basıb 24-cü bölməyə apardılar. Orada əllərim qandallı vəziyyətdə döyür, tələb eləyirdilər ki, narkotiki boynuma götürüm”.

Dediyinə görə, döyülməsi bir yana, ailə üzvlərilə də təhdid olunub. Hədələyiblər ki, etiraf ifadəsinə imza atmasa, o zaman atasını bölməyə gətirəcəklər.

T.Vəliyev işgəncə və psixoloji basqı üzündən narkotiki üzərinə götürməyə məcbur qaldığını söyləyir. Onun sözlərinə bunu da əlavə edir ki, narkotik ittihamıyla həbs edilsə də, hökumətə yaxın mediada “İran casusu”, “vətən xaini” kimi tanıdılması da narkotik ittihamının yalan olduğunu, dini inancına görə təzyiqlərə məruz qaldığını təsdiqləyir. T.Vəliyev onu xain kimi təqdim etməyi absurd sayır.

Xatırlatma

T.Vəliyev 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində döyüşlərdə general Polad Həşimov öldürüləndən sonra Milli Məclisin önündə “Qarabağa azadlıq!” şüarıyla keçirilən aksiyaya görə həbs olunmuşdu.

O zaman yürüş iştirakçılarının parlament binasına ziyan vurduğu iddia edilmişdi. Ardınca T.Vəliyev də daxil, 40-a yaxın ictimai-siyasi fəal kütləvi iğtişaşlar, dövlət əmlakına zərər vurma, hakimiyyət nümayəndəsinə müqavimət kimi əməllərdə suçlanmış və cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Onlar 4 ay həbsdə saxlanılandan sonra ev dustaqlığına buraxılmış, 2021-ci ilin yayında isə Səbail rayon Məhkəməsinin hökmüylə müxtəlif müddətə şərti cəza almışdılar.

T.Vəliyevə, 2 il 6 ay sınaq müddəti olmaqla, 3 il 1 ay 7 gün şərti cəza kəsilmişdi.

Sınaq müddəti başa çatmadığından, narkotik ittihamı əvvəlki cəzayla birləşdirilib və ona toplam 4 il 3 ay həbs cəzası verilib.

T.Vəliyevin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, hökmdən apellyasiya şikayəti olacaq: “Onun heç bir günahı yoxdur...”

“Müdafiə Xətti” insan haqları təşkilatının məlumatına görə, Azərbaycanda ötən il boyunca yüzlərcə dini inanclı şəxs narkotik ittihamıyla həbs edilib. Həbsdəkilər məhkəmələrində narkotik ittihamının saxta olduğunu, şərləndiklərini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddiaları təkzib edib və həmin şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu açıqlayıb.

XS
SM
MD
LG