Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

Putinin ‘ömürlük’ prezidentliyinin əleyhinə 1 deputat səs verdi


Vyacheslav Markhaev
Vyacheslav Markhaev

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası Konstitusiyaya düzəlişlər haqqında qanun layihəsini qəbul edib.

Bu qanunun qəbul edilməsinin leyhinə 160, əleyhinə isə cəmi 1 deputat səs verib. Üç nəfər bitərəf qalıb.

Bundan əvvəl parlamentin alt palatası - Dövlət Duması bu qanunu üçüncü oxunuşda qəbul etmişdi.

Qanunun əleyhinə səs verən şəxs Buryatiyadan seçilmiş kommunist senator Vyacheslav Markhaev-dir.

Vasily Ikonnikov, Lyudmila Narusova və Valery Usatyuk bitərəf qalıblar.

Konstitusiyaya dəyişikliklərdən biri də Vladimir Putin və Dmitry Medvedevin prezidentlik müddətlərinin “sıfırlanması” barədədir.

Başqa sözlərlə Putinin indiyədək etdiyi prezidentlik, necə deyərlər, “sayılmır” və indi o, sıfırdan başlaya bilər.

Bu düzəliş hazırkı prezident Vladimir Putinə, “özünün istədiyi halda” 2024-cü il seçkisində, beşinci dəfə iştirak etmək imkanı verir.

Bundan başqa qanunda parlamentin səlahiyyətlərinin artırılması, hakimiyyət balansının dəyişdirilməsi və Rusiya qanunlarına beynəlxalq qanunlara münasibətdə üstünlük verilməsi nəzərdə tutulur.

Konstitusiya düzəlişlərinin arasında “Allah” adı qeyd edilir və rus dili “dövlətyaradıcı xalqın” dili kimi dövlət dili elan olunur.

Bu qanunun qəbulundan sonra Federasiya Şurasının deputatları rəsmən “senator” adlandırılacaqlar.

Qanun layihəsi prezident tərəfindən imzalanmalı və Rusiya regional parlamentlərinin üçdə ikisi tərəfindən bəyənilməlidir.

Bundan sonra, aprelin 22-də Konstitusiyaya düzəlişlər paket şəklində ümumxalq səsverməsinə çıxarılacaq.

Rusya müxalifətinin nümayəndəsi, keçmiş millət vəkili Dmitry Gudkov Twitter-də yazıb ki, Rusiya “onsuz da işləməyən” konstitusiyasını itirib:

"Rejimin əncir yarpağı düşdü və biz indi onun altındakının kim olduğunu görə bilirik”.

67 yaşlı keçmiş DTK podpolkovniki Putin artıq 20 ildir ki, Rusiyaya gah baş nazir, gah da prezident qismində başçılıq edib.

Buna baxmayaraq o hələ də bir çox rusiyalılar arasında xeyli populyardır.

Bununla belə, ötən yay Putin hakimiyyətinə qarşı Moskva, Sankt Peterburq və başqa şəhərlərdə son iki onilliyin ən böyük etiraz aksiyaları keçirilib.

Bir neçə müxalifət təşkilatı Konstitusiya dəyişikliklərinə etiraz bildirmək məqsədilə kütləvi aksiyanın keçirilməsi üçün hakimiyyət orqanlarına müraciət ediblər.

Onlar martın 21-22-də mitinq keçirməyi planlaşdırırdılar.

Lakin Moskva meri Sergei Sobyanin martın 10-da bəyan edib ki, koronavirusun yayılması ilə bağlı aprelin 10-dək 5 min nəfərdən çox iştirakçısı olan aksiyaların keçirilməsi qadağan edilir.

Buna baxmayaraq Moskva və Sankt Peterburqun küçələrində təkadamlıq etiraz piketləri davam edir.

XS
SM
MD
LG