Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Bakıda FETÖ ittihamı ilə həbs olunanlara hökm çıxarılıb


İllüstrativ foto
İllüstrativ foto

2023-cü ildə Bakıda Türkiyə mediasının "FETÖ-ya qarşı" saydığı əməliyyat çərçivəsində saxlananlara hökm oxunub.

Ötənilki məlumatda saxlanılan şəxslərin adları (Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan ƏliyevAnar Əliyev) açıqlanmış, daha bir nəfərinsə partiya sədri olduğu vurğulanmışdı.

Adları çəkilən şəxslərin işləri sonradan ayrılıb. Hazırda bəzilərinin məhkəməsi davam etsə də, mühakiməsi tamamlanıb cəza alanlar da var. Məsələn, Gümrah Əbdürəhmanovun 5 aya yaxın sürən məhkəməsi bugünlərdə yekunlaşıb. Ona saxta pul və dini ekstremist materialları saxlayıb yaymaq ittihamlarıyla 5 il 6 ay həbs cəzası kəsilib.

Cinayət işinin materiallarında iddia edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (xalq arasında yayılmış adıyla “bandotdel”in) əməkdaşları G.Əbdürəhmanovu saxlayarkən, cibindən 800 dollar, maşınındansa 3 min dollar saxta pul tapılıb. Axtarış vaxtı evindən və iş yerindən də çoxu ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülenin müəllifi olduğu kitablar götürülüb. İttihama görə, həmin kitablar dini ekstremist fəaliyyəti, ədavət və düşmənçiliyi təbliğ edən dini ədəbiyyat olub.

G.Əbdürəhmanovun 46 yaşı var və o özünü heç təqsirli bilmir. Cibindən və avtomobilindən tapıldığı iddia edilən saxta 100 dollarlıq əskinasların ona aidiyyəti olmadığını deyir. G.Əbdürəhmanovun sözlərinə görə, cibinə də, avtomobilinə də saxta pulları polislərin özləri atıb.

“Təqsirim olsaydı, heç qayıtmazdım”

Necə saxlanmasından danışan G.Əbdürəhmanov deyir ki, avtomobilində getdiyi yerdə içində “bandotdel” işçiləri olan başqa bir maşın işıqforda gəlib arxadan onun avtomobilinə çırpılıb. Maşından düşüb, nə baş verdiyini öyrənmək istərkən, mülki geyimli şəxslər onu zorakılıqla saxlayaraq, başqa bir avtomobildə idarəyə aparıblar.

O, “bandotdel”də məruz qaldığı zorakılıq nəticəsində kamera önündə saxta pulların ona məxsus olması barədə ifadə verməyə məcbur qaldığını vurğulayıb.

Evindən götürülən kitablara gəlincə, G.Əbdürəhmanov həmin nəşrləri dini ekstremist məzmunlu saymır və vurğulayır ki, o kitablarda qanunsuz davranış və düşmənçiliyi təbliğ edən heç nə yoxdur.

Bir il öncə keçirilən əməliyyat zamanı saxlanılan digər şəxslərdən Döyrüş Cəfərovun işinə Abşeron Rayon Məhkəməsində baxılır.

Onun da evindən FETÖ ideyalarını təbliğ edən nəşrlər, eləcə də silah tapıldığı iddia edilir. D.Cəfərov da bu ittihamların heç birini qəbul etmir, xaricdə təhsil aldığını, ötən ilin yayında Bakıda əməliyyat keçirilən də ərəfədə Almaniyada olduğunu vurğulayır: “Əgər təqsirim olsaydı, heç qayıtmazdım”.

D.Cəfərov və digərlərinin işi üzrə məhkəmə davam edir.

Xatırlatma

Ötən il iyulunda Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamada iddia edilirdi ki, Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddə suçlanır. Amma o da bu ittihamı qəbul etmir.

XS
SM
MD
LG