Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Fətullah Gülən kim idi?


Fətullah Gülən
Fətullah Gülən

Uzun illərdir ABŞ-də yaşayan türkiyəli din adamı Fətullah Gülən İslam aləminin böyük bir bölümündə nüfuzlu sima sayılıb. AzadlıqRadiosunun əməkdaşları Frud Bejan Əbubəkar Siddik belə yazırlar.

F.Gülənin şəxsi internet səhifəsində yazıldığına görə, illərlə ürək xəstəliyindən əziyyət çəkən bu yaşlı moizəçi və din tədrisçisi oktyabrın 20-də ABŞ-də dünyasını dəyişib.

Gülən "Hizmet" (Xidmət) hərəkatına başçılıq edib. Çox üzdə görünməsə də, qüdrətli ictimai və dini bir hərəkat sayılan "Hizmet" 100-dən çox ölkədə məktəb, mədəni mərkəz və universitetlər açıb, yaxud onları maliyyələşdirib.

Milyonlarla ardıcılı olan "Hizmet" İslamın "ılımlı" - mülayim biçimini yaymaqla ün qazanıb. Bununla yanaşı, Mərkəzi Asiya və Balkanlarda, Afrika və Qərbin bəzi ölkələrində təhsil, biznes və media sahələrinə təsir gücü danılmaz bir qurum və təhdid kimi də sayılır.

ABŞ-nin Pensilvaniya ştatında məskunlaşan Gülən özü qətiyyətlə rədd etsə də, son illər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı dövlət çevrilişinə cəhdin təşkilatçısı ittihamları ilə də üzləşib.

Brüsseldə çalışan Yaxın Şərq üzrə ekspert Piter Kleppenin fikrincə, Gülən ölümündən sonra birmənalı olmayan irs qoyub gedib.

"Təhsil ocaqları tikintisi onun irsinin müsbət tərkib hissəsidir", - Kleppe belə deyir və düşünür ki, Gülən hərəkatının dövlət çevrilişinin arxasında durması sübut olunarsa, "o zaman bu, tam başqa qənaətə gətirib çıxaracaq".

Fətullah Gülən Rəcəb Tayyib Ərdoğanın yaxın müttəfiqi idi, lakin zamanla münasibətləri getdikcə pisləşdi.
Fətullah Gülən Rəcəb Tayyib Ərdoğanın yaxın müttəfiqi idi, lakin zamanla münasibətləri getdikcə pisləşdi.

Ərdoğanın sabiq müttəfiqi

İslam moizəçisinin oğlu olan Gülən bir vaxtlar Ərdoğanın müttəfiqi sayılıb. O, dini mühafizəkarlığı ilə tanınan Ədalət və İnkişaf Partiyasının 2002-ci ildə hakimiyyətə gəlməsinə yardımçı olub. Sonradan Gülənlə Ərdoğanın arası dəyib.

2016-cı ildən bəri Gülən hərəkatı Türkiyədə terrorçu təşkilat kimi tanınıb və böyük repressiyaların hədəfinə çevrilib. Ölkə hakimiyyəti dövlət qurumlarında, özəlliklə hərbi və ədliyyə sahələrində çalışan və Gülənlə bağlantılarda şübhəli bilinən on minlərlə adamı işdən çıxarıb və ya həbsə atıb. Bundan sonra Gülənin nüfuzu yalnız Türkiyədə deyil, dünya miqyasında da azalmağa başlayıb.

"Gülən hərəkatı illər boyu Türkiyənin yumşaq gücünün bir parçası olub və ölkənin xaricdəki nüfuzunu artırmağı hədəfləyib", - Sankt-Peterburqdakı Çağdaş Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Qumer İsayev belə deyir və əlavə edir ki, amma "repressiyalar Gülən hərəkatını Türkiyədə məhv edib".

İlahiyyatçı F.Gülən 1960-cı illərin sonunda Türkiyənin qərbindəki İzmir şəhərində oxuduğu cümə xütbələri ilə məşhurlaşmışdı.

Ölkənin dünyəvi əsaslarını zəiflətməyə çalışmaqda suçlanan Gülən 1999-cü ildə könüllü olaraq sürgün həyatını seçib. Sonradan ona qarşı suçlamalar, qiyabi olsa da, sonlandırılıb, ancaq o, ABŞ-də qalmağa qərar verib. Orada Gülən qapalı həyat tərzi sürsə də, müsəlman dünyasında ən böyük dini yönümlü ictimai təşkilatın liderinə çevrilib.

XS
SM
MD
LG