Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Azərbaycandakı sülalə hakimiyyəti Avropadan ötrü pis əlamətdir. Niyə?


M.Əliyeva və İ.Əliyev
M.Əliyeva və İ.Əliyev

«Bakıdakı rejim korrupsionerdir, avtoritardır, iqtisadi böhran içindədir. Və bu rejim Avropa Birliyini təbii qazla təmin etməyə hazırlaşır».

«Freedom House» beynəlxalq insan haqları təşkilatının saytında təhlilçi Rebeka Foley belə yazır.

Müəllif qeyd edir ki, kimsə prezidentin xanımı Mehriban Əliyevanın vitse-prezident postuna təyinatını qadınların səlahiyyətlərinin artırılması kimi qələmə verə bilər: «Yüz il öncə Azərbaycan qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi idi… Ancaq ölkənin indiki iqtisadi durumu və avropalı diplomatların da cəlb edildiyi rüşvət qalmaqalları bu təyinatın arxasında dolaşıq səbəblərin dayandığına işarə vurur, həmçinin rejimin uzunömürlülüyü və demokratik dünyayla gələcək münasibətləri haqda suallar yaradır».

MÖHKƏMLƏNMİŞ REJİM, YOXSA ZƏİFLƏMİŞ DÖVLƏT?

Siyasi məhbuslarının artan siyahısına və vətəndaş cəmiyyətinin boğulmasına baxmayaraq, ABŞ və Avropa Azərbaycanı «strateji tərəfdaş» adlandırmaqdadır. Müəllifin fikrincə, buna səbəb Azərbaycanın uzunillik lobbiçilik fəaliyyətidir. Məhz buna görə demokratik ölkələrin liderləri insan haqlarını kobud şəkildə pozsa da, Bakını tənqid etmir, dillərini dinc saxlamağa üstünlük verirlər.

Müəllif M.Əliyevanın təyinatının da avtoritar rejimin əngəl tanımadığını, cəzasızlığın mövcudluğunu göstərdiyini yazır. «Xanımını vitse-prezident təyin etməklə o, ölkəyə sahib olduğunu deyir… Əliyevlər ailəsinin hakimiyyətdən möhkəm yapışdığı şübhəsizdir, şübhə edən yoxdur», – Orta Asiya və Cənubi Qafqaz üzrə analitik Paolo Sorbello «Freedom House»a müsahibəsində belə söyləyib.

Amma ailənin hakimiyyətdən bu qədər yapışması həm də onu itirmək qorxusunun əlaməti ola bilər. Müəllif Azərbaycan manatının dəyərsizləşdiyini, neftin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin kəskin azaldığını, üstəlik, Azərbaycanın ilk dəfədir təbii qaz kasadlığından əziyyət çəkməyə başladığını, indiki ehtiyatların daxili tələbata və ixracatla bağlı vədlərə uyğun olmadığını qeyd edir.

Mehriban Əliyeva
Mehriban Əliyeva

BİRİNCİ XANIMDAN ÖTRÜ YARADILMIŞ POST

«M.Əliyevanın ölkənin ikinci yüksək vəzifəsinə təyinatının gücə, yoxsa zəifliyə dəlalət etdiyi bəlli olmaya bilər, amma bir şey aydındır: onun ərinin administrasiyası ölkə konstitusiyasını istədiyi şəklə salmaqda azaddır», – deyən müəllif vitse-prezident postunun cəmi bir neçə ay əvvəl keçirilmiş referendumdan sonra, konstitusiyaya dəyişikliklər nəticəsində yaradıldığını xatırladır. Referendumdan əvvəlki etirazları, həbslər dalğasını, referendumla bağlı nə xalqla, nə də parlamentlə məsləhətləşmələr aparıldığını, müxalifətçilərin «yox» kampaniyasına imkan verilmədiyini yada salır.

Bəzi analitiklərin fikrincə, vitse-prezident postları yaratmaqda məqsəd bu postlara müxtəlif klanlardan olan şəxsləri təyin etmək, beləliklə də həmin klanları razı salmaqdır.

«KÜRÜ DİPLOMATİYASI»NIN BƏHRƏLƏRİ

Müəllif M.Əliyevanın 2005-ci ildən millət vəkili olsa da, parlamentə nadir hallarda gəldiyini, daha çox UNESCO-nun xoşməramlı səfiri və ölkənin ən böyük xeyriyyə cəmiyyəti – Heydər Əliyev Fondunun rəhbəri kimi tanındığını qeyd edir. Fondunsa hər şeydən çox ölkənin beynəlxalq imiciylə məşğul olduğunu, amma həm də korrupsiya vasitəsi kimi tənqid edildiyini vurğulayır.

«Korrupsiyayla diplomatiyanın qaynar qarışığı Azərbaycana beynəlxalq qınaqları kütləşdirməyə yardım edib», – deyə müəllif Azərbaycanın Avropa Şurası rəsmilərini satın almasıyla bağlı qalmaqalı xatırladır. Avropa Sabitlik Təşəbbüsü (ESI) araşdırma mərkəzinin hesabatında Azərbaycan hökumətinin Avropa Şurasının (AŞ) bir rəsmisinə 2 milyon avro rüşvət verdiyi, avropalı diplomatları bahalı hədiyyələrlə ələ aldığı deyilirdi. Hədiyyələr arasında kürüdən də söz açıldığından, Qərb mətbuatı Azərbaycanın bu siyasətini «kürü siyasəti» adlandırır.

Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura
Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura

Amma ESI-nin bu haqda 2012-ci ildən bu yana yaydığı hesabatlarının, hələ ki, elə bir nəticəsi olmayıb. Müəllif bir azərbaycanlı diplomatın dediklərini xatırladır: «Bizə elə gəlirdi ki, hər şeyi satın ala bilərik». ESI-nin 2014-cü ildə açıqladığı hesabat «kürü diplomatiyası»nın bəhrəsini verməyə başladığını göstərdi. Avropalı diplomatlar bahalı hədiyyələrə yiyələndikcə, Azərbaycandakı rejim bir az da qol-qanad açdı.

SUSQUNLUQ

«Və NATO-nun baş katibiylə keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İ.Əliyev ölkəsinin Avropa Şurasına və Avropa İnsan Haqları Məhkəməsinə üzv olduğunu təkrarlayaraq, utanmadan, «bizim ölkəmizdə siyasi məhbus ola bilməz», - dedi». Məqalədə belə deyilir və o zamandan Azərbaycanda siyasi məhbusların sayının durmadan artdığı, hətta fərqli fikir sahiblərinin yaxınlarının polis məntəqəsinə aparıldığı, ölkədə özünüsenzuranın güclənməkdə olduğu vurğulanır.

Müəllif diplomatik səviyyədə susqunluğun Azərbaycanda hakimiyyətdən sui-istifadəyə yol açdığını, M.Əliyevanın təyinatının isə bir daha hökumətin cəzasızlığını, özbaşınalığını göstərdiyini deyir.

«Avropa Birliyi Azərbaycandan enerji asılılığını artırmağa hazırlaşırsa, demokratik ölkələr və regional institutlar Bakının ziyanlı təsirindən daha yaxşı müdafiə olunmağa çalışmalı, eyni zamanda bu «strateji tərəfdaş»ın demokratik normaları aşmasının mümkün fəsadları barədə düşünməlidirlər», – deyə yazı müəllifi əlavə edir.

XS
SM
MD
LG