Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:46

R.Mirqədirov: 'Elə bil, yeni genişmiqyaslı toqquşmaya hazırlıq gedir'


Rauf Mirqədirov
Rauf Mirqədirov

«Cəbhə bölgəsində baş verənlər onun göstəricisidir ki, Ermənistan tərəfdə münaqişə ətrafında gərginliyin maksimum dərəcədə yüksək saxlanılmasını istəyən qüvvələr çox fəaldırlar».

Siyasi icmalçı Rauf Mirqədirov bir gün əvvəl Füzuli rayonunda atəşkəsin pozulması nəticəsində dinc sakinlərin həlak olması ilə münaqişə tərəfləri arasında münasibətlərin kəskinləşməsini AzadlıqRadiosuna şərh edərkən belə deyib.

R.Mirqədirov vurğulayıb ki, təmas xəttindəki gərginlik ümumilikdə regiondakı gərginliyin temperaturunun artması fonunda baş verir.

«BU PROSESLƏR RUSİYAYA YAXIN QÜVVƏLƏRİN MESAJLARI FONUNDA BAŞ VERİR»

«Elə bil, yeni genişmiqyaslı toqquşmaya hazırlıq gedir. Və bu proseslər Rusiya və Rusiyaya yaxın qüvvələr tərəfindən Azərbaycan və Ermənistana müəyyən mesajların ifadə edilməsi fonunda yaşanır. Beləcə, gərginlik artır», - siyasi icmalçı deyir.

XİN: Məsuliyyət Yerevanın üzərinə düşür
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Bəs gərginliyin artması kimin marağındadır? R.Mirqədirov cavab verir:

«Bu, nə Azərbaycanın, nə də Ermənistanın marağındadır. Bu daxildə yox, ölkələrin xaricindəki qüvvələrin marağındadır. Bakı və Yerevan burda müəyyən bir rol oynaya bilərlər. Məsələn, Ermənistan tərəfindən artıq bir bəyanat eşitdik ki, guya, atəş zamanı Azərbaycan tərəfindən Amerika silahlarından istifadə olunub. Əslinə qalsa, bu, Rusiyanın sifarişi idi. Yəni, ABŞ silahlarından istifadə özü Rusiyaya mesajdır ki, «Rusiya, sən mənim tərəfimi tutmalısan. Çünki Azərbaycanı Rusiyadan başqa ABŞ da silahlandırır». Mən bu yaxınlarda oxumuşdum ki, Rusiya Xəzərdəki qüvvələrinin hazırlığını döyüş səviyyəsinə qaldırıb. Yəni, regionda gərginlik var və bu, hər zaman Azərbaycan-Ermənistan münasibətlərinə təsir göstərəcək».

Siyasi icmalçı düşünür ki, gərginlikdə maraqlı olan qüvvələrin sifarişlərini yerinə yetirənlər hər iki tərəfdə var.

Elxan Mehdiyev
Elxan Mehdiyev

«RƏSMİ BAKININ BAŞ VERƏNLƏRƏ REAKSİYASI YETƏRLİ DEYİL»

Konfliktoloq Elxan Mehdiyev rəsmi Bakının baş verənlərə reaksiyasının yetərli olmadığını düşünür.

«Azərbaycanın baş verənlərə reaksiyası təəssüflər olsun ki, standart bəyanatlardan o tərəfə keçmir. Azərbaycan hökuməti düz 23 ildir eyni bəyanatları verir. Hər atəşkəs pozulanda eyni mətnli bəyanatları dinləyirik».

E.Mehdiyev vurğulayır ki, hakimiyyət torpaqları işğaldan azad etməlidir.

«Bu, onların konstitusion borcudur. Ancaq borcu yerinə yetirmək əvəzində, davamlı olaraq atəşkəsə sadiqliyini vurğulayır. Atəşkəsə sadiqlik isə ərazilərin işğal altında qalmağa davam etməsi deməkdir. Çünki Ermənistan əraziləri dinc yolla boşaltmayacaq. Belə olaylar törətməkdə davam edəcək», - konfliktoloq qeyd edib.

«BUNA CAVAB VERMƏK LAZIMDIR»

R.Mirqədirov da dinc insanların öldürülməsinə cavab verilməsini vacib sayır, amma...

«Buna sözsüz ki, cavab vermək lazımdır. Ancaq hansı yollarla cavab verilməlidir, nələr edilməlidir, bunu yüz ölçüb, bir biçmək lazımdır. Hücuma keçib cəzalandırmaq da bir yoldur, ancaq bu yolun hansı nəticələr verəcəyini mən dəqiq deyə bilmərəm. Bu, iki ölkə arasındakı münaqişəni regional münaqişəyə də çevirə bilər. Münaqişə regional müstəviyə keçdikdə isə iştirak edəcək dövlət Rusiya olacaq. Rusiya isə bu məsələdən Azərbaycanın və Ermənistanın maraqlarına uyğun deyil, öz xeyrinə istifadə edəcək», - siyasi icmalçı deyir.

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

XATIRLATMA

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 4-də axşam Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub. Bunlar kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Quliyevadır.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva hərbi hospitala çatdırılaraq əməliyyat olunub.

Nazirlik hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.

XS
SM
MD
LG