Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

'Xocalıdakı zülmü Gəncə, Bakı polis idarəsində bizə də verdilər'


İllüstrasiya
İllüstrasiya

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən ikisinin – Şahin Verdiyev və Asif Cavadovun məhkəmədə vəziyyəti pisləşib. Bu olay mayın 2-də Sabunçu Rayon Məhkəməsinin binasında baş verib.

Şahin Verdiyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Aprelin 29-da onun vəziyyəti pisləşdiyindən müalicə müəssisəsinə köçürülüb. Bacısı Nigar Verdiyeva AzadlıqRadiosuna onun infarkt keçirdiyini bildirmişdi.

Mayın 2-də Şahin Verdiyev başqa şəxslərin köməyilə məhkəmə zalına gətirilib. Onun durumunun yaxşı olmadığını məhkəmə prosesini izləməyə gələnlər də görüb. Özü də ayaq üstdə dayanmağa, danışmağa çətinlik çəkib.

“Bu qədər haqsızlıq olmaz!”

Amma Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə prosesini davam etdirmək qərarı verib. Bu da Şahin və digər təqsirləndirilən şəxslərin məhkəmə zalında olan qohumlarının etirazına səbəb olub. Hakim təqsirləndirilən şəxslərin yaxınlarının məhkəmənin gedişinə mane olduqlarını bildirərək, onların zaldan uzaqlaşdırılmasını istəyib. Bu zaman mübahisəyə təqsirləndirilən şəxslər də qoşulub.

Nəticədə Şahin Verdiyevlə yanaşı, Asif Cavadovun da durumu pisləşib. O, huşunu itirərək, məhkəmə zalında yıxılıb, bədəni qıc olub. Məhkəməyə təcili tibbi yardım çağrılıb. Həkimlər Şahin Verdiyev və Asif Cavadovun durumunun kritik olduğunu söyləyərək, tibbi müdaxilə üçün onları aparıblar.

Təqsirləndirilən şəxslərdən Həbib Qurbanov isə hakimlərə özünə qəsd edəcəyini deyib:

“Bəsdir, bu qədər haqsızlıq olmaz! Biləsiniz, mən özümü doğrayacağam, qanım da sizin üzərinizdə qalacaq...”

Təqsirləndirilən Bəkrəm Əliyev isə qışqıra-qışqıra onlara zülm olunduğunu deyib:

“Ey Azərbaycan xalqı, bizi eşidin. Necə ki, ermənilər Xocalıda azərbaycanlılara divan tutdu, soyqırımı elədi, bizə qarşı da eyni cür davrandılar. Gəncədə Kəpəz Rayon Polis İdarəsində, Bakıda “bandotdel”də (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) bizə eyni zülmü eləyiblər. Bu gün də o zülmlər davam edir”.

Hakimlər məhkəmə prosesini dayandırmaq məcburiyyətində qalıblar.

Şahin Verdiyevin bacısı Nigar Verdiyeva AzadlıqRadiosuna bildirib ki, həm qardaşı, həm də Asif Cavadov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə qaytarılıb. Onun sözlərinə görə, Şahin Verdiyevin durumu nisbətən normallaşıb, Asif Cavadovdan isə xəbər yoxdur.

“Xəstə adamı üç gün müalicəsiz saxlamaq olar?”

Nigar Verdiyeva qardaşına Müalicə Müəssisəsində lazımi tibbi yardım göstərilməməsindən də narazıdır.

O deyir ki, qardaşı aprelin 29-da infarkt keçirdiyinə görə təcridxanadan ora köçürülsə də, üç gün ərzində müalicə olunmayıb:

“Deyiblər ki, analiz götürmüşük, nəticəsi gəlsin, ona uyğun müalicə yazacağıq. Xəstə adamı üç gün müalicəsiz saxlamaq olar? Bunlar adamı öldürmək istəyirlər? Hətta vəkil də demişdi ki, Şahinin durumuna görə mayın 2-nə təyin edilən məhkəmə olmayacaq. Ona görə bu gün anam müəssisəyə getmişdi. Yolda bilib ki, Şahini o vəziyyətdə məhkəməyə aparıblar”.

Nigar Verdiyeva iddia edir ki, qardaşının səhhətində yaranan problemlər həbs olunduğu ilk vaxtlarda polis idarəsində məruz qaldığı işgəncələrin nəticəsidir:

“Şahinlə Asif bir-birinin şahididir. O mənada ki, onların hər ikisini polis idarəsində eyni otaqda döyüblər, toka veriblər. Yəni biri o birinə verilən zülmün şahidi olub. İkisi də indi məhkəmədə ölümcül vəziyyətə düşüb”.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosuna deyib ki, Şahin Verdiyevdə infarkt halı olmayıb, təzyiqi yüksəlmişdi. Ona dərhal tibbi yardım göstərilib və az sonra durumu stabilləşib:

“Elə təcridxanada da ona lazımi tibbi yardım göstərilib. Orada da vəziyyəti normallaşacaqdı. Müalicə Müəssisəsinə köçürülüb ki, orada imkanlar daha genişdir, mütəxəssislər ətraflı müayinə eləsinlər. Həyati təhlükəli hal yoxdur, vəziyyəti stabildir”.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərin polis şöbəsində işgəncəyə məruz qalması barədə iddialara cavab verməyib. Amma, bir qayda olaraq, nazirlik polis orqanlarında saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddiaları təkzib edir.

Xatırlatma

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb.

Onlardan yalnız 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 8 ilə qədər həbs verilib.

Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

XS
SM
MD
LG