Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Gəncə sakinləri: 'Həmin işgəncə maşınını işə salıblar'


Gəncə. Həsən Əliyev küçəsində söküntü.
Gəncə. Həsən Əliyev küçəsində söküntü.

"Dünən o yağışlı, küləkli havada gəlib qazı kəsdilər. Küçənin bütün evləri qazsız qaldı. Yayda demişdilər, ‘üzüqışa özünüz evlərinizi qoyub qaçacaqsız’, bax, dünəndən həmin işgəncə maşınını işə salıblar".

Bunu AzadlıqRadiosu-na Gəncə şəhərindəki Həsən Əliyev küçəsində yaşayan İntizar Abdullayeva deyir. Sentyabrın 29-da küçənin azı on sakini AzadlıqRadiosu-nun "Qaynar xətt"inə zəng vuraraq evlərinə gedən qaz xəttinin bağlandığını bildirib.

Buna da bax:​ Əlillər 'xətdən' çıxarılır

QAZ XƏTLƏRİNİ BAĞLAYIBLAR

1 il əvvəl - dəqiqliyi ilə desək, ötən il avqustun 10-da səhər saatlarında Həsən Əliyev küçəsinə gələn yerli icra hakimiyyətinin işçiləri sakinlərdən evlərdən çıxmağı tələb ediblər. Səbəbini də Gəncə çayında daşqınlar zamanı evlərə təhlükə yaranmasıyla əlaqələndiriblər. Qeyd edək ki, həmin ərazi Gəncə çayının yaxınlığındadır və ötən il çay suları həyət və evləri basıb.

İcra hakimiyyəti işçiləriylə birlikdə gələn fəhlələrsə ağır texnikalarla evlərin söküntüsünə başlayıblar. Həmin gün bir neçə ev sökülüb, lakin sakinlərin müqaviməti nəticəsində söküntü yarımçıq qalıb. Ötən 1 il ərzində əraziyə bir neçə dəfə ağır texnika gətirilsə də, sakinlər söküntünün davam etdirilməsinə imkan verməyiblər.

Buna da bax:​ Kəndli: 'Bələdiyyə sədri əkin sahəmi su altında qoyub'

Sentyabrın 28-də isə küçələrdə yerli qaz idarəsinin işçiləri peyda olub. İntizar Abdullayevanın sözlərinə görə, qaz idarəsinin işçiləri söküntüsü nəzərdə tutulan evlərə gedən qaz xətlərini bağlayıblar:

Gəncə. Həsən Əliyev küçəsində söküntü.
Gəncə. Həsən Əliyev küçəsində söküntü.

“SANKİ PUSQUDA DURMUŞDULAR”

"Bu, işgəncənin ikinci mərhələsidir. Birinci mərhələdə adamların əşyaları içərisində olan şəxsi mülkiyyətlərini dağıtdılar. Qışqırıq, ağlaşma... Çox acınacaqlı durumdaydıq. İndiyə kimi də küçədə qalanlar var. Bu da ikinci mərhələdir. Yenə 1 il əvvəlki hadisələr təkrarlanır. Sanki pusquda durmuşdular, soyuqlar, yağışlar başlayan kimi hərəkətə keçdilər. Dünəndən hamının evinin qazını kəsiblər. Deyirlər, bir neçə günə gəlib işığı da kəsəcəklər".

Sakinlərin iddiasına görə, ərazini tərk etməyə hazırdırlar. Sadəcə, iş orasındadır ki, evləri sökülsə də, nə başqa yerdə evlə təmin olunurlar, nə də kompensasiya təklif edilir.

Buna da bax:​ 43-cü məhəllədəki yataqxanada köçkünlərin üçüncü yanğını

Aybəniz Zeynalova Həsən Əliyev 1d ünvanında yaşayır. İstədiyi də odur ki, hökumət əvvəl onları evlə təmin etsin, sonra evlərini söksün:

"Bu şəraitdə it də yaşamaz. Bizə xoşdur ki?.. İntəhası, hara gedək? Evimi uçurdub qəzalı hala salıblar. Nə sökən kimi sökürlər, nə tikən kimi tikirlər, nə köçürən kimi köçürürlər... Elə bircə sözləri var: "çıxın çölə..." Tutaq ki, çıxdıq çölə, hara gedək?"

“SAKİNLƏR EVLƏRDƏN ÇIXMAQ İSTƏMİR”

Sakinlərə qaranlıq qalan məsələlərə Gəncə şəhər icra hakimiyyətindən aydınlıq gətirilib. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Gəncəçaydakı daşqınların ətrafa vurduğu zərərin qarşısını almaqdan ötrü bəndtikmə işlərinə başlanılıb. Təqribən 160 yaşayış evi və obyekt söküntü layihəsinə düşüb. Sakinlərlə danışıqlar aparılıb və onlara kirayə haqqı ödənilmək şərtilə mənzillər kirayələmək təklif olunub. Lakin sakinlər kompensasiyanın məbləğindən narazılıq edərək evlərindən çıxmaq istəmir.

Buna da bax: Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'

İcra hakimiyyəti evlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Ancaq bu ilin mayında Gəncə şəhəri, Nizami rayon Məhkəməsi cavabdeh tərəfin məhkəmədə iştirak etməməsini əsas gətirərək qurumun iddia ərizəsini baxılmamış saxlayıb.

Hüquqşünas Vaqif Alıyev deyir, qanunvericiliyə görə, söküləcək evlərə görə kompensasiya hələ evlər sökülməmişdən öncə müəyyən edilməlidir:

“Ümumiyyətlə, anlaşılmayan odur ki, söküntüyə düşən evə görə niyə kompensasiya əvvəldən verilmir. Bəlkə sabah evi sökülən sakin təklif edilən kompensasiyaya qane olmayacaq. Qanunvericiliyə görə, kompensasiyanın şərtləri, məbləği vətəndaşa hələ evi sökülməmişdən açıqlanmalı və rəsmiləşdirilməlidir. Bu günkü durumda sakinlər məhkəməyə müraciət etməlidilər”.

XS
SM
MD
LG