Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:25

Məhkəmə generallar Bərxudarov və Babayev haqda korrupsiya ittihamlarını DTX-ya göndərdi


General Mais Bərxudarov
General Mais Bərxudarov

Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri - Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov tələb irəli sürmüşdü. O, generallar Mais BərxudarovMünasib Babayev də daxil, 20-yə yaxın şəxsin məhkəməyə çağrılıb dindirilməsini istəmişdi. Məhkəmə dindirmə tələbi ilə razılaşmasa da, B.Bayramovun ərizəsində o adamlarla bağlı yazılanların araşdırılması üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX-ya) göndərmək qərarı verib.

Polkovnik Bayramov daha üç nəfərlə - Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələri Maliyyə İdarəsinin sabiq rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadə ilə birlikdə mühakimə edilir.

Bakı Hərbi Məhkəməsində, az qala, ilyarımdır sürən mühakimə yekunlaşmaqdadır

Artıq dindirmələr və sənədlərin tədqiqi mərhələsi də bitib. Növbəti məhkəmə iclasında prokurorun təqsirləndirilən general və polkovniklərə cəza istəyəcəyi gözlənilir.

Bu dəfə dövlət ittihamçısı ötən məhkəmə iclasında B.Bayramovun təxminən bir ay öncə vəzifəsindən azad edilən korpus komandirləri M.Bərxudarov və M.Babayevin ünvanına səslənən korrupsiya ittihamları, eləcə də onların sürücüsü, aşpazı, mühasibi, yavəri və başqa vəzifələrdə çalışmış 15-ə yaxın şəxsin məhkəmədə dindirilməsi barədə vəsatətə münasibət bildirib.

Polkovnik Bayramov bu şəxslərin dindirilməsi haqda tələbini belə əsaslandırmışdı ki, M.Bərxudarov və M.Babayev hətta evlərinin, ailələrinin də xərclərini onlara ödətdirirdi. İndi isə həmin xərclər yeyinti kimi onların üzərində qalıb.

Həmin dövrdə M.Babayev hələ korpus komandiri yox, M.Bərxudarovun rəhbərlik etdiyi II korpusda (Beyləqan korpusunda) qərargah rəisi idi.

B.Bayramovun dediyinə görə, general Bərxudarov üçün hər ay Beyləqanda "Real" adlı ərzaq mağazasına və "Zirvə" adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları isə Bərxudarovun yavəri Ülfət Abbasquliyev, sürücüsü, ya da mühasibi götürüb aparırdı.

General Münasib Babayev
General Münasib Babayev

"Qızdırıcı üçün 8 min manat ödəmişəm"

O, M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayıb. Bu, 26 ay sürüb və toplam 78 min manat ödənib: "Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm".

Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərindən ötrü də 6 min manat gedirdi. Alış-verişlə ya generalın sürücüsü Xəyal, ya da aşpazı məşğul olurdu: "Pulları mühasibə verirdim. Hələ mən ad günü, bayramlara görə verilənləri saymıram".

B.Bayramov söylədiklərini sübuta yetirmək üçün generallar Bərxudarov və Babayevdən başqa, Ülfət Abbasquliyevin, Xalid Məmmədovun, Rəşad Salmanovun, Bəxtiyar Əliyevin, Orxan Cavadlının, Hamlet Allahverdiyevin, Rüfət Quliyevin, Namiq Məmmədovun, Əli Hümbətzadənin, Cavid Eyvazovun, Fərrux Xəlilov və digərlərinin də məhkəmədə dindirilməsini istəyib.

Əsas işin istintaqı davam edir

İstər prokuror, istərsə hakimlər həmin şəxslərin hazırda məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığı qənaətinə gəlsələr də, DTX-nın İstintaq Baş İdarəsində 143 milyon manatlıq yeyintiyə dair cinayət işi bağlanmayıb. Məhkəməyə göndərilərkən cinayət işləri ayrılsa da, əsas iş yerində qalır və istintaq davam edir. Prokuror da təklif edib ki, hakimlər istəsə, öz təşəbbüsü ilə B.Bayramovun qaldırdığı vəsatəti araşdırılmasından ötrü istintaq orqanına göndərə bilər.

Məhkəmə qərarında da vurğulayıb ki, polkovnik Bayramovun vəsatətində cinayət xarakterli məlumatlardan bəhs olunur. Bu səbəbdən onun ərizəsi araşdırılıb, hüquqi qiymət verilməsindən ötrü istintaq orqanına – DTX-nın İstintaq Baş İdarəsinə göndərilir.

M.Bərxudarov və M.Babayev ünvanlarına səslənən korrupsiya ittihamlarına cavab verməyiblər.

Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində istintaqı ilyarıma yaxın sürən cinayət işində Müdafiə Nazirliyi sistemində toplam 143 milyon manatlıq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələrinə dayanaraq suçlanıblar. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunan şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəziləri tək mühakimə olunsa da, bəziləri qrup şəklində məhkəmə önünə çıxarıldı. Onlardan bəziləri – Məlikməmməd Qurbanov, Mahir Şirvanovun məhkəməsi yekunlaşıb. Polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Hakimlər yüngülləşdirici hallardan biri kimi polkovniklərin öz paylarına düşən ziyanı – mənimsədikləri iddia olunan məbləğləri ödəmələrini göstəriblər. Hərəsinə 3-4 il həbs cəzası kəsilib. Amma prokurorluq bundan narazı qalıb və apellyasiya protesti verib.

XS
SM
MD
LG