Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

Gürcüstanda dərman qiymətlərinin 85 faizini hökumət ödəyəcək


Tbilisidə aptek
Tbilisidə aptek

Ötən il qlobal iqtisadiyyat baxımından çətin il oldu. Özəlliklə bahalaşma səviyyəsinin kəskin artması insanların həyatını daha da çətinləşdirdi. Dünyanın bir çox ölkəsində qiymət artımları ilə bağlı antirekordlar qeydə alındı. Belə durumda əhalinin sosial durumunu yaxşılaşdırmaq üçün hökumətlərin də üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən, bir çox ölkənin hökumətləri qiymət səviyyəsinə təsir göstərməkdən və əhalinin xərclərini azaltmaqdan ötrü addımlar atmağa başladı.

Gürcüstanda dərman qiymətlərinə yuxarı hədd gətirilir

Azərbaycanla eyni regionda yerləşən qonşu Gürcüstanda hökumət dərman qiymətlərinin çox yüksəlməməsi üçün bəzi mexanizmləri işə salıb.

Məsələn, bu ildən etibarən Gürcüstanda dərman qiymətlərinin yuxarı həddi müəyyənləşdirilib və qiymətlər qanunla tənzimlənəcək. Bunu gerçəkləşdirmək məqsədi ilə hökumətin “Dərman vasitələri və əczaçılıq fəaliyyəti haqqında” qanunda nəzərdə tutduğu dəyişiklikləri parlament təsdiqləyib.

Beləcə, Gürcüstan Səhiyyə Nazirliyi dərman vasitələrinin tavan qiymətlərini müəyyən edib. Həmin qiymətlərdən yuxarı dərmanların əczaçılıq şirkətlərinə satışı yasaqlanıb.

Qəbul edilən qərarda bildirilir ki, topdan və pərakəndə satış şəbəkələri yanvarın 31-dək dərman vasitələrinin mövcud qiymətlərinə yenidən baxıb, onları yeni qaydalara uyğunlaşdırmalı, fevralın 15-dənsə dərman vasitələrinin müəyyən olunmuş qiymətdən yüksək olmayan satışını həyata keçirməlidir.

Yeni dəyişikliklərlə bağlı hökumətin açıqlamasında bildirilir ki, bu, Gürcüstan səhiyyə sisteminin 2022-2030-cu illər üçün strateji inkişaf planında nəzərdə tutduğu hədəflərlə bağlıdır. Belə ki, həmin müddət ərzində hökumət ölkə üzrə dərman alınmasına xərclənən vəsaitdə əhalinin payının 62 faizdən 15 faizə endirilməsini planlaşdırır.

Türkiyə dərmanları Gürcüstanda dərman qiymətlərini ucuzlaşdırıb

Gürcüstanda hökumətin dərman qiymətlərinin ucuzlaşması ilə bağlı fəaliyyəti yalnız yüksək hədd müəyyənləşdirməklə bitmir. Ölkə dərman qiymətlərini ucuzlaşdırmaq üçün daxili bazarı Türkiyə dərman şirkətlərinə açıb.

Yeni qərara görə, Türkiyənin əczaçılıq bazarının tənzimləyici orqanı tərəfindən tanınan əczaçılıq məhsulları avtomatik olaraq Gürcüstan bazarında da təsdiqlənmiş sayılır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən ilin yekununa dair hesabatında bildirib ki, hökumət ölkə bazarını Türkiyənin əczaçılıq şirkətlərinə açmaqla bəzi dərmanların 60-80 faiz ucuzlaşmasına nail olub. Türkiyə şirkətlərinin bazara girməsi nəticəsində Gürcüstan vətəndaşları ilboyu 200 milyon lariyə (təxminən 128 milyon manata) qənaət imkanı qazanıblar.

Dərman almaq niyə dərdə çevrilib, dərman biznesinin pərdəarxası
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Azərbaycanda durum necədir?

Azərbaycanda da əhalinin ən çox narazılıq bildirdiyi məsələlərdən biri dərmanların baha olması ilə bağlıdır.

Bu məsələ tez-tez gündəmə gəlsə də, hökumət ciddi dəyişikliyə nail ola bilmir. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, Azərbaycanda əhalinin ən çox pul xərclədiyi istiqamətlərdən biri dərman məhsullarıdır.

DSK-nın açıqladığı rəqəmlərdən o da aydın olur ki, ötən il Azərbaycanda əhalinin xərclərinin ən çox artdığı istiqamət əczaçılıq məhsulları və tibbi ləvazimatdır. 2022-ci il boyunca ölkə vətəndaşları dərman vasitələrinə 1 milyard 166 milyon manat xərcləyiblər. Bu, 2021-ci illə müqayisədə 14.1 faiz artım deməkdir.

DSK-nın qeyri-ərzaq məhsullarının qiymətləri ilə bağlı açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda ən çox bahalaşan qeyri-ərzaq məhsulu “validol” həbidir (106 faiz bahalaşıb).

İl ərzində tibbi xidmətlər də ən çox bahalaşan xidmətlər arasındadır. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanda yod - 88 faiz, flüoroqrafiya xidməti - 37 faiz, şpris- 36 faiz, usm xidməti - 33 faiz, kardioqram xidməti - 27 faiz, kompüter tomoqrafiyası 26 faiz bahalaşıb.

Sığorta ödənişini ala bilməyən vətəndaş nə etməlidir?
Gözlə

No media source currently available

0:00 0:05:32 0:00

Azərbaycanda qiymətlər niyə bahadır?

Ekspertlər Azərbaycanda dərman qiymətlərinin yüksək olmasının əsas səbəbini rəqabət mühitinin yoxluğunda görürlər. Bir çox əsas məhsullar kimi, dərman məhsullarının da ölkəyə gətirilməsi hər kəsə əlçatan deyil.

Bu sahədə bir neçə böyük şirkət fəaliyyət göstərir. Həmin şirkətlər də hökumət rəsmilərinə yaxınlığı ilə bilinir. Beləcə, həm inzibati dəstək, həm də bazarda rəqibin olmaması hesabına bu şirkətlər yüksək qiymətlər qoyub mənfəətlərini artırırlar.

Bu baxımdan, Azərbaycanda rəqabətli iqtisadi mühitin qurulması ölkənin dayanıqlı inkişafı ilə yanaşı, qiymətlərin normal səviyyədə olması baxımından da vacibdir. Unutmaq olmaz ki, rəqabət mühiti həm də məhsulun keyfiyyətcə artması deməkdir. Azərbaycanda dərman vasitələrinin bahalığı ilə yanaşı, narazılığa səbəb olan digər amil onların keyfiyyət yetərsizliyidir.

Əlillərə iş yerlərində kvota ayrılırmı?
Gözlə

No media source currently available

0:00 0:06:55 0:00

Azərbaycan həm də əczaçılıq məhsullarının böyük idxalçısıdır. Ötən il ölkə xaricdən 653 milyon dollar dəyərində əczaçılıq məhsulu idxal edib. Bu, ölkənin toplam idxalının 4.5 faizi deməkdir. Müqayisə üçün: ölkənin idxalında geyim məhsullarının payı cəmi 2 faizdir. Bu baxımdan, Azərbaycanda dərman vasitələrinin istehsalı istər idxala sərf edilən valyutanın ölkədə qalmasına, istərsə məhsulların nisbətən daha ucuz başa gəlməsinə səbəb ola bilər.

Ancaq nəzərə almaq lazımdır ki, dərman məhsullarının istehsalı böyük elmi potensial da tələb edir. Azərbaycanda elmin inkişaf səviyyəsi ürəkaçan olmadığından, bir çox məhsulun istehsalı da çətin görünür.

Amma istənilən halda hökumət araşdırma və inkişaf xərclərini artırsa, bu istiqamətdə irəliləyiş də olacaq. Eyni zamanda, digər ölkələrlə əməkdaşlıq çərçivəsində də Azərbaycanda əczaçılıqla bağlı fəaliyyət göstərən şirkətlərin sayını artırmaq olar.

XS
SM
MD
LG