Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Həbs olunan məmurlar: 'Salıblar DTX-nın istintaq təcridxanasına, qalıb orada'


DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirdi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

DTX Neftçala İcra Hakimiyyətində əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən ilin dekabrından bu yana müxtəlif dövlət orqanlarında keçirdiyi əməliyyatlar nəticəsində həbs olunan məmurların işi üzrə istintaq davam edir.


AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, istər icra başçıları, istərsə də müxtəlif nazirliklərin vəzifəli şəxslərinin ilkin dindirməsində, məhkəmədə barələrində həbs qərarı çıxarılanda dövlət hesabına vəkil verilib. Amma sonradan həbsdəki məmurların hər birinə ailələri özləri istədikləri vəkilləri tutub.

Yeni vəkilləri onların azadlığa çıxması üçün müxtəlif dövlət orqanlarına müraciət və vəsatətlər göndərib: "Dövlət Sərhəd Xidmətinin həbsdə olan vəzifəlilərindən polkovnik Nemət Pənahovun vəkili onun ev dustaqlığına buraxılması üçün vəsatət vermişdi. İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində bu məsələyə baxıldı, təmin olunmadı. Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə Fövqəladə Hallar Nazirliyindən də həbs olunanlar vardı. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin müdiri Abdulla Abdullayevin də ev dustaqlığına buraxılması barədə vəsatəti təmin olunmadı".

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Silsilə əməliyyatlarda ilk həbs olunanlar Ağstafa və Yevlax rayonlarının sabiq icra başçıları və onların işçiləri olmuşdu. Onların barəsində ilkin istintaq dövrü üçün seçilmiş dörd aylıq həbs-qətimkan tədbirinin müddəti başa çatdığından aprel ayında müddət daha dörd ay artırılmışdı.

"İstintaqın niyə yubadıldığını bilmirik"

Həmin vaxt həbs olunanlardan birinin vəkili AzadlıqRadiosuna bildirib ki, ikinci dörd aylıq həbs müddətin başa çatmasına bir aya yaxın vaxt qalıb. Amma bu müddət başa çatana qədər istintaqın yekunlaşacağı inandırıcı görünmür: "Azərbaycan qanunvericiliyinə görə, təqsirləndirilən şəxs və ya vəkili istintaq yekunlaşana qədər iş materiallarıyla tanış ola bilməz. Yalnız şəxsin özünə aid istintaq hərəkətlərində - dindirmə, üzləşdirmə və s. iştirak edə bilərik. Ona görə başqa dindirmələrdən, istintaq hərəkətlərindən xəbərimiz yoxdur. Müdafiə etdiyim şəxslə bağlı isə heç bir istintaq hərəkəti aparılmır. Salıblar DTX-nın istintaq təcridxanasına, qalıb orada. İstintaqın niyə yubadıldığını da bilmirik. Bildiyimə görə, həbs olunan digər məmurlarla bağlı da eyni vəziyyətdir".

Vəkil əlavə edib ki, hüquqlarını müdafiə etdiyi sabiq məmur ona bu iş haqda danışmaq yasağı qoyduğundan onun kimliyi və detalları açıqlamaq istəmir.

N.Səfərov
N.Səfərov

Hüquqşünas Namizəd Səfərov həbsdəki məmurların işi üzrə istintaqın uzun çəkməsi haqda danışarkən Cinayət-Prosessual Məcəllənin 159-cu maddəsinə istinad edir. Bu maddədə məhkəməyə qədər şəxsin həbsdə saxlanması üçün maksimum müddətlər müəyyənləşdirilib. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 3 ay, az ağır cinayətlər üzrə 7 ay, ağır cinayətlər üzrə 10 ay, xüsusilə ağır cinayətlər üzrə 13 ay maksimum müddət nəzərdə tutulub.

Amma toplanmış materialların həcminin çoxluğu, təqsirləndirilən şəxslərin sayı ilə əlaqədar zərurət yaransa, bu müddət az ağır və ağır cinayətlər üzrə 3, xüsusilə ağır cinayətlər üzrə 6 ay da uzadıla bilər.

DTX-nın həbs etdiyi məmurlara qarşı irəli sürülən ittihamlar ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir.

"Ən sadə bir cinayət işinin istintaqını da qısa müddətdə yekunlaşdırmaq istəmirlər"

"Mən özüm də vaxtilə müstəntiq işləmişəm və təcrübədən çıxış edərək düşünürəm ki, hətta mürəkkəb işlərin də istintaqını yaxşı müstəntiq iki ayda yekunlaşdırıb məhkəməyə göndərə bilər. Bəzən ekspertizaların keçirilməsi, çoxsaylı insanların dindirilməsi zərurəti olanda müddəti uzatmaq lazım gəlir. Amma işin həcmi böyük olanda da işi bir müstəntiq yox, istintaq qrupu aparır. Bir işi on müstəntiqin aparması halı ola bilər. Bizdə pis ənənə var ki, ən sadə bir cinayət işinin istintaqını da qısa müddətdə yekunlaşdırmaq istəmirlər, uzadırlar", - N.Səfərov bildirib.

Hüquqşünas vurğulayır ki, normal hüquqi dövlətlərdə şəxsin məhkəməyədək həbsdə saxlanma müddətinə xüsusi diqqət yetirilir. İşin istintaqı mümkün qədər qısa müddətdə yekunlaşdırılır ki, şəxs məhkəməsini uzun müddət gözləmək məcburiyyətində qalmasın: "Amma Azərbaycan təcrübəsində dəfələrlə şahidi olmuşuq ki, istintaqın müddətini uzatmaqla daha çox adamı cəlb eləyib, onlara təzyiq göstərirlər. O adamlardan pul alırlar. Yəni, istintaqın uzadılmasında təkcə səhlənkarlıq yox, həm də korrupsiya elementləri olur. Həbsdəki icra başçılarıyla bağlı istintaqın uzadılmasının da işin mürəkkəbliyindən irəli gəldiyini düşünmürəm. Xüsusi araşdırma üsulları tələb edən mürəkkəb iş deyil axı...".

Son aylar Azərbaycanda bir neçə icra başçısı həbs edilib. Onlar rüşvət və səlahiyyət hədlərini aşmaqda ittiham edilirlər. Keçmiş başçılar, hələlik, iddialarla bağlı ictimaiyyətə açıqlama verməyiblər.

XS
SM
MD
LG