Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

10 ilin məhkəmə sədri məhkəmələrdən hakim pensiyası tələb edir


Azərbaycanda 13 il məhkəmə hakimi olmuş (bunun da 10 ili ayrı-ayrı məhkəmələrdə olmaqla) Kəramət Əliyevin özü indi hakim önünə çıxır.

2021-ci ilin sentyabrında 65 yaşa çatdığından, hakimlik səlahiyyətlərinə xitam verilən Əliyev pensiyasından narazıdır.

O deyir, hakim pensiyası almır, üstəlik, pensiyası hesablanarkən, hakimlik stajının hər ilinə görə vəzifə maaşlarına ödənilən əlavələr nəzərə alınmayıb.

Arayışdan bilinib ki…

67-yaşlı K.Əliyev uzun illərdir pensiya alır. O, hakimlikdən öncə 12 il polis orqanlarında, ardından 13 il də prokurorluqda çalışıb. 2005-ci ildə 25 illik xidmət dövrü ilə əlaqədar pensiyaya çıxıb. Paralel olaraq, Dövlət Neft Şirkətində hüquq şöbəsində işləyib, daha sonra vəkil kimi fəalliyyət göstərib. 2008-ci ildənsə hakimliyə başlayıb. Öncə 3 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2011-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinə sədr göndərilib. 2018-ci ilədək orada çalışıb. Ardından yaş həddiylə əlaqədar səlahiyyəti bitənədək paytaxtda Suraxanı rayon Məhkəməsinin sədri olub.

K.Əliyev 2021-ci ildə vəzifədən çıxarılandan sonra son iki ildə aldığı maaşa uyğun ona yenidən pensiya hesablanıb. Ədliyyə Nazirliyinin arayışından məlum olub ki, 2 il məhkəmə sədri çalışdığı dövrdə 167 min 839 manat (hər aya 7 min manata yaxın düşür-red.) əməkhaqqı alıb.

Fonddan “yox” cavabı gəlib

K.Əliyev Dövlət Sosial Müdafiə Fonduna ərizə yazıb ki, ona hakim kimi yaşa görə pensiya hesablansın, ancaq Fonddan ona “yox” cavabı gəlib. Arqument də bu olub ki, hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün) olduğundan, hakim pensiyası ala bilməz.

Bundan sonra keçmiş hakim pensiyasının yenidən hesablanması tələbiylə məhkəməyə üz tutub. O, Bakı İnzibati Məhkəməsində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırıb. Məhkəmə də iddiasını təmin edərək qərar verib ki, hakim olduğu dövrdə onun maaşına əlavələr, müalicə pulu, sonrakı artımlar və s. nəzərə alınsın və ona hakim kimi əmək pensiyası hesablansın.

Dövlət Sosial Müdafiə Fondu bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib.

““Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə görə, hakim kimi pensiya təminatından istifadə etmək üçün 15 il sosial sığorta stajı gərəklidir. Kəramət Əliyevin hakimlik stajı 15 ildən azdır. Bu üzdən, ona hakim kimi əmək pensiyasının hesablanması qanunun tələbi baxımından mümkün deyil”, - Dövlət Sosial Fondunun nümayəndəsi etirazını belə əsaslandırıb.

İnzibati Məhkəmənin qərarı qüvvədə qalıb

Ancaq Apellyasiya Məhkəməsi bugünlərdə İnzibati Məhkəmənin qərarını əsaslı sayaraq, qüvvədə saxlayıb.

Bir müddət öncə başqa bir keçmiş məhkəmə hakimi də bənzər tələblə məhkəməyə üz tutmuşdu.

2000-2007-ci illərdə 1 saylı Yerli İqtisad Məhkəməsinin, 2007-2020-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Ülvi Mayılov narazılıq edirdi ki, pensiyası 6 min 148 manata enib və özü hesabladığı pensiyası 7 min 342 manat olmalıdır. Dediyinə görə, pensiyası əvvəlcə normal qaydada hesablanıbmış, məbləğ də onun ürəyincəymiş, ancaq sonradan azaldıblar.

Bu keçmiş hakimi də məhkəmə haqlı sayıb və onun iddiasını təmin edib.

XS
SM
MD
LG