Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Moskva Ukraynada hökuməti devirmək istəmədiyini deyir


Mariya Zaxarova
Mariya Zaxarova

Sumi vilayət prokurorluğu Rusiya hərbçilərinin 8 mart gecəsi şəhərə aviazərbə endirdiyini, ikisi uşaq olmaqla 21 nəfərin həlak olduğunu bildirir

Rusiya qarşısına Ukraynada hakimiyyəti dəyişdirmək məqsədi qoymayıb.

Bunu martın 9-da Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Müharibənin başlanğıcında tez bir zamanda qələbəyə ümid edən Vladimir Putin Ukrayna hərbçilərini dövlət çevrilişi etməyə çağırmışdı.

Zaxarova deyib ki, Ukraynada hərbi əməliyyatlardan məqsəd Donbasdakı rusiyayönlü separatçıların müdafiəsi, Ukraynanın “hərbsizləşdirilməsi və denasifikasiyası”, habelə Rusiyaya qarşı hərbi təhlükənin aradan qalsdırılmasıdır.

Rusiya XİN-in sözçüsü bildirib ki, Ukraynanın işğalı və ya onun dövlətçiliyinin dağıdılması Moskvanın planlarına daxil deyil.

Ordunun uğursuzluğu Moskvanın tonunu yumşaldır

Martın 7-də Putinin sözçüsü Dmitri Peskov demişdi ki, Moskva Ukraynadan neytral statusunun Konstitusiyada təsbit olunmasını, Donbas separatçılarının “müstəqillyinin” tanınmasını və Krımdan imtinanı tələb edir.

Hələ fevralın 25-də, müharibənin ikinci günündə Rusiya başçısı Putin Ukrayna hərbçilərinə müraciət edərək onları Kiyevdəki hökuməti devirməyə çağırmışdı.

Putin Zelenskinin legitim hökumətini “narkoman və neonasist dəstəsi” adlandırmışdı.

O vaxt Rusiya hələ Kiyev, Xarkov və Odessa istiqamətində uğurlu hücum əməliyyatı aparırdı.

Lakin Rusiya o vaxtdan bəri yalnız bir böyük şəhəri – Xersonu ələ keçirə bilib. Rusiya qoşunlarının Xarkov yaxınlığında hücumu dayandırılıb, onlar habelə şimaldakı Çerniqov və Sumı, cənubdakı Nikolayev və Mariupol şəhərlərinə daxil ola bilməyiblər.

Artıq martın 1-də Peskov demişdi ki, Volodimir Zelenskini legitim dövlət başçısı hesab edir.

Sumı yaxınlığında məhv edilmiş Rusiya tankları
Sumı yaxınlığında məhv edilmiş Rusiya tankları

Rusiya yenə humanitar dəhlizlər açacağını deyir

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib ki, Kiyev dinc sakinləri Mariupol daxil altı humanitar dəhlizlə çıxarmağa çalışacaq. O, Ukrayna silahlı qüvvələrinin səhər 9-dan axşam 9-dək atəşi dayandırmağa razılaşdığını deyib, Rusiya qüvvələrini atəşkəs öhdəliyinə əməl etməyə çağırıb.

“Rusiya Federasiyasına müraciət edirəm: Səhər 9:00-dan axşam 9:00-dək atəşi dayandırmaqla bağlı rəsmi öhdəlik götürmüşünüz. Götürülən öhdəliklər yerinə yetirilməyəndə mənfi nəticələr yaşamışıq”, – Vereşçuk vurğulayıb.

Suminin meri Oleksandr Lisenko televiziya ilə çıxışında deyib ki, sakinlər şəxsi maşınlarla şəhərdən çıxmağa başlayıblar.

Beynəlxalq Qırmızı Xaç Komitəsi də martın 9-da dəhlizlərin işləyəcəyinə ümidini bildirib.

***

Moskva martın 9-da Ukrayna paytaxtı və daha dörd şəhərdən humanitar dəhlizlər açacağını bildirib. Artıq Rusiya işğalı nəticəsində 2 milyondan çox ukraynalı qaçqına çevrilib.

Martın 8-də minlərlə insan humanitar dəhlizlərlə Ukraynadan çıxmağa çalışıb. Rusiya qüvvələrinin bəzi çıxışları atəşə tutduğu bildirilir.

Mariupol

Bu gün Kiyev, Çerniqov, Sumi, Xarkov və Mariupol şəhərlərindən təklif edilən marşrutların Rusiya və Belarusdan keçib-keçməyəcəyi bəlli deyil. Ukrayna hökuməti daha öncə bu şərtləri rədd edib.

Dünən Sumidən yüzlərlə insan çıxsa da, Mariupoldan çıxan olmayıb. Ukrayna hökuməti Rusiyanı ərazini atəşə tutmaqda suçlayıb.

Mariupol liman şəhərinin günlərdir susuz, istiliksiz, telefonsuz, sanitar sistemlərsiz qaldığı xəbər verilir. 200 minədək sakin şəhərdən çıxmaq istəyir. Əhalisi isə 430 minə yaxındır.

Kiyev yaxınlığındakı İrpindən isə 3 min nəfərədək sakin çıxa bilib. Sakinlər həmin ərazinin də Rusiya qüvvələri tərəfindən intensiv atəşə tutulduğunu bildirir.

13.6 milyard dollarlıq yardım

ABŞ Konqresinin liderləri martın 9-da Ukraynaya 13.6 milyard dollarlıq yardımla bağlı razılaşma əldə ediblər. Məqsəd Ukraynanın Rusiya işğalını dəf etməsinə və 2-ci Dünya müharibəsindən sonra ən pis qaçqın böhranıyla üzləşmiş Avropa müttəfiqlərinə kömək etməkdir.

Prezident Co Bayden ötən həftə Ukraynaya hərbi, humanitar və iqtisadi yardım kimi 10 milyard dollar istəmişdi. Demokratlar və respublikaçıları bu təklifi qətiyyətlə dəstəkləyiblər, martın 7-də məbləğ 12 milyarda, bir gün sonra isə 13.6 milyard dollara qaldırılıb.

“Biz onları despotizmə, zülmə, zorakı fəth olunmaya qarşı dəstəkləyəcəyik”, – Bayden Ağ evdə deyib.

***

ABŞ-ın Vitse-prezidenti Kamala Harris martın 9-da Polşaya səfəri zamanı ölkə rəsmiləri ilə Rusiyanın Ukraynaya hücumunu, müharibənin regiona təsirini müzakirə edəcək.

Harris 9-11 mart tarixlərində NATO-nun digər üzvü, alyansın cənub-şərq cinahında yerləşən Rumıniyada da olacaq.

Vitse-prezidentin səfəri zamanı Ukraynaya iqtisadi, təhlükəsizlik və humanitar yardım göstərilməsinə diqqət ayrılacaq, Ağ ev bildirib.

Polşa indiyədək müharibədən qaçmış 1.2 milyon ukraynalıya kömək göstərib.

Birləşmiş Ştatlar son həftələr Polşada əsgərlərini iki dəfədən çox artıraraq 9 minə çatdırıb.

İtkilər

Rusiyanın fevralın 24-dən Ukraynaya qarşı başladığı müharibədə 474 dinc sakin öldürülüb, 861 nəfər xəsarət alıb. Məlumatı BMT yayıb.

Ötən gecə Jitomir vilayətinin Malin şəhərinin atəşə tutulması nəticəsində beş nəfər həlak olub. Onlardan ikisi 2021-ci ildə doğulmuş körpələrdir. Bunu Ukraynanın fövqəladə xidmətlər üzrə dövlət xidməti bildirir. Beş ev dağılıb, xilasedicilər hadisə yerində işi davam etdirirlər.

Xarkov vilayətinin Donets kəndinə raket zərbələrində birisi uşaq olmaqla iki nəfər həlak olub.

Sumi şəhərində yaşayış məskənlərinin atəşə tutulması nəticəsində Ukraynanın sambo üzrə çempionu Artyom Priymenko, onun valideynləri, nənəsi və iki kiçik qardaşı həlak olublar. Məlumatı Facebook-da məşqçi Yevgeni Leonenko yayıb.

Ukrayna polisi oğlu ilə vidalaşır
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

5 min nəfər xilas edilib

Sumidən evakuasiyanın uğurla başa çatdığı xəbər verilir. Prezident idarəsinin başçı müavini Kiril Timoşenko 5 minədək insanın və mindən çox avtomobilin təhlükəsiz vəziyyətdə olduğunu açıqlayb. Sumi vilayət prokurorluğu Rusiya hərbçilərinin 8 mart gecəsi şəhərə aviazərbə endirdiyini, ikisi uşaq olmaqla 21 nəfərin həlak olduğunu bildirir.

Zaporojye AES-in əməkdaşlarının isə dörd gündür “girov saxlandığı” xəbər verilir. Məlumatı Facebook-da Ukraynanın Energetika naziri German Qaluşenko yayıb. Onun sözlərinə görə, stansiyada 500-dək Rusiya əsgəri, 50 ağır texnika yerləşdirilib.

Rusiyanın RİA Novosoti dövlət agentliyi AES-də “xeyli silah-sursat, o cümlədən enerji blokları”nın aşkarlandığını yazır. Bununla bağlı video da dərc olunub.

XS
SM
MD
LG