Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:37

'Hidrogen cəmiyyəti' planeti dəyişə bilərmi?


Çində hidrogen yanacağı ilə işləyən təyyarə
Çində hidrogen yanacağı ilə işləyən təyyarə

Bu il Yaponiyada keçirilən Böyük 20-lər (G20) sammitində hidrogen diqqət mərkəzində olub. ABŞ, Avropa Birliyi və Yaponiya iyunda hidrogen və yanacaq elementləri tərəfdaşlığının yaradıldığını elan ediblər. Onlar ən perspektivli təmiz yanacaq növlərindən istifadəni birgə araşdırmaq barədə razılığa gəliblər.

Yaponiya artıq bir müddətdir ki, bu sahədə fəallıq göstərir. O, 2017-ci ilin sonunda Hidrogen cəmiyyəti ilə bağlı plan işləyib hazırlayan ilk ölkə olub. Hidrogen cəmiyyəti az xərc tələb edən, ətraf mühitə zərrə qədər ziyan vurmayan hidrogenin istehsal olunduğu, onun nəqliyyat, istilik və elektrik stansiyalarına paylanması və tətbiqi üçün infrastrukturun mövcud olduğu ölkə deməkdir.

Yaponiyada və ondan kənarda bu məqsədlərə nail olmaqdan ötrü davamlı innovasiya və ciddi investisiya, siyasət və infrastrukturda fundamental dəyişikliklər tələb olunur. Ancaq karbonsuzlaşdırmanın əsas aspekti kimi hidrogen ətrafındakı bu davamlı və artan entuziazmı anlamaq çətin deyil.

Hidrogen cəmiyyətinin gələcəyimizin bir parçası olacağına inanmaq üçün nələrə diqqət etməliyik:

1. Hidrogen texnologiyası əlçatandır

Hidrogen yanacağına keçid ciddi texnoloji irəliləyiş tələb etsə də, onun mümkünlüyü arzulara deyil, reallığa əsaslanır.

Bugünkü təbii qaz təchizatı və elektrik istehsalı infrastrukturuna yeni hidrogen üsullarının tətbiqi dəyərli nəticələr verir. Mitsubishi Hitachi Power Systems (MHPS) təşəbbüsünün ortaya qoyduğu belə bir innovasiya təbii qazla hidrogen qarışığını yandırmağa qadir irihəcmli turbinlərin quraşdırılmasından ibarətdir. Qarışığın 30%-nin hidrogendən ibarət olduğu sınağın uğurlu keçdiyini görən MHPS 2030-cu ilədək 100% hidrogen yandıran turbinlər hazırlamaq öhdəliyi götürüb.

Yeni texnologiya mövcud avadanlıqlar çərçivəsində işləyəcəyinə görə hidrogen yanacağına rahat keçid yeni infrastruktur tələb etməyəcək.

2. Hidrogen evləri qızdıra bilər

Avropa Birliyi ölkələrində evlərdə istilik və isti su enerji istehlakının 79%-ni təşkil edir. İstiliyin çoxu təbii qazdan alınır. Hidrogen cəlbedici, azkarbonlu alternativ təklif edir.

Elektrik stansiyalarında olduğu kimi, bu texnologiya da mövcud infrastruktur daxilində fəaliyyət göstərə bilər. Bəzi mövcud qaz nəqliyyatı şəbəkələrindən evlərin hidrogenlə təchizatında yararlanmaq olar. Britaniyada mühəndislər hidrogen istehsalı, paylanması və saxlanmasını təmin edəcək nəhəng sistemin qurulmasını təklif ediblər. Onlar bunu dünyanın ən böyük karbon dioksidi azaltma layihəsi adlandırırlar. Bu texnologiyanın bütün ölkədə tətbiqi 2050-ci ilədək Britaniyanın karbon emissiyalarını 1990-cı ildəki səviyyəyə nəzərən 80% aşağı sala bilər.

3. Təmiz enerjinin həddindən çox olması

Avropa kimi yerlərdə yenilənə bilən enerji o qədər geniş yayılıb ki, bəzən quruda yerləşdirilmiş külək enerjisi sahələri elektrik şəbəkəsinin imkanlarını aşacaq qədər enerji istehsal edir. Bu baş verəndə külək enerjisi sahələri fəaliyyətini dayandırır. Ancaq izafi elektrik enerjisini israf etməkdənsə, istehsalçılar ondan elektrolizator kimi istifadə edə bilərdilər. Elektrolizator suyu tərkib hissələrinə ayıraraq hidrogen istehsal edən cihaza deyilir.

Həmin hidrogendənsə müxtəlif sahələrdə istifadə edilə bilər: elementlə işləyən avtomobillərə tətbiq etmək, yaxud da karbon dioksidlə birləşdirib metanol və ya başqa bir alternativ yanacaq yaratmaq olar.

4. Karbonun tutulması ənənəvi hidrogen istehsalını yaxşılaşdırır

Karbonun tutulub saxlanması (CCS) texnologiyası ənənəvi hidrogen istehsalını ətraf mühit üçün daha ziyansız edir. Əvvəlcə hidrokarbon xammalın emalı zamanı ayrılan CO2 atmosferə çıxmamış tutulur, sonra isə yerin altında saxlanılır. Nəticədə təmiz enerjini təmiz yolla əldə etmiş oluruq.

5. Qazıntı yanacaqlarından istifadə etməyən, təmiz polad sənayesi

Hazırda polad sənayesi atmosferə ən çox karbon qazı buraxan sahədir. Ancaq qlobal hidrogen təchizatı şəbəkəsinin yaradılması vəziyyəti dəyişə bilər.

Hidrogen ənənəvi buxar reformerləri ilə əldə edilərsə, polad istehsalında CO2 emissiyalarını ciddi azaltmaq mümkün olar. Hidrogen yenilənə bilən enerji növləri ilə çalışan elektrolizatorların köməyi ilə əldə edilərsə, emissiyaların həcmi sıfıra bərabər olacaq. Bu inqilabi yenilik ilk dəfə 2020-ci ildə Avstriyada reallaşdırılacaq.

XS
SM
MD
LG