Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:39

Hikmət Hacıyev azərbaycanlıların ‘kütləvi məzarlıqları’ barədə danışıb


Hikmət Hacıyev
Hikmət Hacıyev

Yanvarın 25-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev videobağlantı formatında ABŞ-ın nüfuzlu Atlantic Council analitik mərkəzinin Avrasiya bölümünün direktoru Con Herbstin suallarına cavab verib.

Con Herbst sual-cavabın sonlarına yaxın habelə ABŞ ictimaiyyətindən gələn bəzi sualları da Hikmət Hacıyevə ünvanlayıb.

Azərbaycanın Rusiya sülhməramlılarına münasibəti barədə sualı cavablandıran müşavir deyib ki, Bakı bölgəyə Rusiya sülhməramlıalrının yeridilməsindən narazı deyil, üstəlik buƏ həm də 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən biri olub.

O bildirib ki, indiyədək Azərbaycan tərəfi ilə sülhməramlılar arasında heç bir anlaşılmazlıq baş verməyib: “Onlar öz vəzifələrini çox peşəkar bir tərzdə icra edirlər”.

Müşavir qeyd edib ki, Azərbaycan tərəfi sülhməramlılara özünün kommunikasiya xətləri vasitəsilə dəstək verir, beləki onlara lazımi avadınlıq və yüklərin Laçın rayonu ərazisindən gətirilməsi texniki çətinliklər yarada bilərdi. Azərbaycan tərəfi bu yüklərin gətirilməsi üçün öz dəmir yollarından istifadə imkanı da yaradıb.

Hikmət Hacıyev əlavə edib ki, eyni imkanlar yerli erməni icması üçün gətirilən humanitar yüklər üçün də yaradılıb.

11 yanvar bəyanatı

Con Herbstin daha bir sualına cavab verərkən Hacıyev deyib ki, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın yanvarın 11-də Moskvaya getməsi 10 noyabr bəyanatından sonra yaranan çətinliklərlə bağlı olmayıb.

Müşavir bildirib ki, 11 yanvar Moskva görüşünün məqsədi 10 noyabr üçtərəfli bəyanatının praktik bəndərinin və onların konkret icrasının müzakirəsi idi.

Hikmət Hacıyev deyib ki, yanvarın 11-də imzalanmış daha bir üçtərəfli bəyanatda söhbət regional kommunikasiyaların açılmasından gedirdi.

Onun sözlərinə görə, Azərbaycan bunu dəstəkləyir. Halbuki münaqişədən əvvəl Ermənistan blokada vəziyyətində idi və kommunikasiyaların açılması Ermənistanın Rusiya bazarına birbaşa çıxışını təmin etməlidir.

Hikmət Hacıyev bildirib ki, 11 yanvar bəyanatının icrası Ermənistanın regional inteqrasiyasına və onun regional əməkdaşlığa cəlb edilməsinə imkan yaradır.

O deyib ki, burada söhbət həm də Ermənistanın regional təhlükəsizlik arxitekturasına cəlb olunmasından gedir.

Prezident müşaviri daha sonra Azərbaycandan Naxçıvana dəhlizin açılmasından, bunun sayəsində Azərbaycanın Türkiyə bazarına çıxış əldə etməsindən danışıb.

Münaqişə Sumqayıtdan başlanmayıb

Münaqişənin dərin tarixi kökləri və konkret olaraq 1988-ci il Sumqayıt hadisələri ilə bağlı suala cavab verməzdən əvvəl Hikmət Hacıyev keçmişdən daha çox gələcəyə baxmağa üstünlük verdiyini qeyd edib.

O deyib ki, Sumqayıt hadisələri yaxşı təhqiq edilib və sənədləşdirilib:

“Biz inkar etmirik ki, orada poqromlar olub. Amma o vaxt Sovet İttifaqının tərkibində olsa da Azərbaycan baş vermis cinayətləri araşdırıb və məsuliyyət daşıyanlar sərt şəkildə cəzalandırılıb. Bəs erməni tərəfi necə, azərbaycanlılara qarşı, insanlığa qarşı cinayət aktlarını nəvaxtsa araşdırıbmı?”

Hikmət Hacıyev bildirib ki, Sumqayıt hadisələrinin SSRİ DTK-sının təxribatı ilə törədildiyinə dair məlumatlar olub. Məlum olub ki, cinayətləri törədənlərin arasında erməni millətindən Qriqoryan adlı birisi də olub.

Müşavir izah edib ki, Sumqayıt hadisəsinə əlahiddə bir epizod kimi baxıla bilməz. Onun sözlərinə görə Sumqayıt hadisələri əslində Ermənistanda azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərin əks-sədası idi.

O deyib ki, “başlanğıc orda olub, etnik təmizləmə Ermənistanda azərbaycanlılara qarşı törədilib”.

“Azərbaycan şəhərlərinə qarşı soyqırım”

Hikmət Hacıyev bildirib ki, sonrakı illərdə Azərbaycan öz ərazisində 1 milyon vətəndaşının etnik təmzilənməsi ilə üzləşib.

Prezident müşavirinin sözlərinə görə son müharibədə belə Azərbaycan tərəfi mülki insanlara zərər dəyməməsinə maksimum səy göstərirdi:

“Siz də görürsünüz ki, hərbi əməliyyatlara görə Qarabağın bəzi bölgələrindən gedən ermənilər hazırda qayıdırlar. Biz onları öz vətəndaşlarımız sayırıq, lakin onlar da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ehtiram göstərməlidirlər”.

Hikmət Hacıyevin sözlərinə görə 30 illik işğal ərzində “Azərbaycanın şəhər və kəndlərinə qarşı soyqırım” törədilib.

Müşavir bunu da deyib ki, amma indi ilk dəfə imkan yaranıb ki, regionda sülh bərqərar olsun. Hikmət Hacıyev deyib ki, “əgər keçmişə baxsaq, orda Xocalı qətliamı da var”.

“Ermənistan Türkiyəyə və Azərbaycana iddialarından əl çəkməlidir”

Regionun bundan sonrakı mərhələdəki gözləntilərindən danışan Hikmət Hacıyev bildirib ki, regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasında habelə Cəbubi Qafqazın daha bir ölkəsi olan Gürcüstan, Azərbaycana dost Türkiyə, o cümlədən Rusiya və İran da fəal iştirak etməlidirlər.

Müşavir bildirib ki, Qərb, ələlxüsus da ABŞ bu bölgədə gedəcək etimadyaratma proseslərində iştirak edə bilər. Onun sözlərinə görə bu iki münaqişəni müqayisə etmək düzgün olmasa da, ABŞ Əfqanıstandakı missiyası ilə münaqişə sonrası yenidənqurma və bərpa sahəsində böyük təcrübə qazanıb.

Hikmət Hacıyev deyib ki, regional sülh planı Ermənistana Türkiyə bazarına birbaşa çıxış verir. O bilidirib ki, Ermənistan faktiki olaraq blokadada olan ölkədən tranzit ölkəyə çevrilə bilər.

Prezident müşaviri qeyd edib ki, Ermənistanın Türkiyə ilə münasibətlərinə gəlincə isə bu, habelə 3+3 formulu – Azərbaycan-Ermənistan-Gürcüstan və Türkiyə-İran-Rusiya formatında da inkişaf edə bilər.

Hikmət Havcıyev bəyan edib ki, bütün bu müsbət dəyişikliklərin baş verməsi üçün Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı iddialarından əl çəkməlidir.

Amerika ermənilərinə müraciət

Azərbaycanın əsirləri hamını hamıya prinisipi ilə dəyişmək istəməməsini ehtiva edən suala cavab verərkən Hacıyev deyib ki, o yaranmış imkandan istifadə edərək Amerikanın erməni diasporasına müraciət etmək istəyir:

“Çox təəssüf ki, siz çox vaxt problemin həlli yox, onun bir hissəsi olursunuz. Siz gərək Ermənistanın qonşuları ilə tarixi düşmənçiyinə son qoyulmasına çalışasınız, Ermənistanı sülhə tərəf yönləndirəsiniz. Revanşizmə çağırışlar nəinki faydasız, həm də əks-təsirlidir”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan 10 noyabr razılaşmasından dərhal sonra hamını hamıya dəyişib. O əlavə edib ki, “doğrudur burada itkin düşənlərin də məsələsi var”.

Onun sözlərinə görə Azərbaycan hətta belə bir şəraitdə də humanizm prisiplərinə əsaslnaraq erməni tərəfinə Azərbaycanda saxlanan erməni hərbçilərə Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaçın nəzarəti altında çıxış verib.

“Onlar əsl hərbi əsir sayıla bilməzlər”

Hikmət Hacıyev qeyd edib ki, erməni tərəfi Azərbaycan hərbçilərinin dəstəyi ilə Dağlıq Qarabağ ərazisində itkin düşənlərin və meyitlərin axtarışına şərait yaradıb. Hikmət Hacıyev daha sonra deyib:

“62 əsir məsələsinə gəlincə, onlar Ermənistan vətəndaşlarıdır. Bunlar Ermənistanın Şirak vilayətindəki hərbi bazanın peşəkar hərçiləridir və Azərbaycanın ərazisinə 10 noyabr üçtərəfli bəyanatından sonra daxil olublar. Onlar bura hətta ağır hərbi texnika gətirmişdilər. Onlarla toqquşmada azərbaycanlı əsgərlər həlak olublar”.

Hacıyev bildirib ki, məhz buna görə də sözü gedən şəxslər nə beynəlxalq qanunlara, nə də Azərbaycanın Cinayət Məcəlləsinə görə sözün tam mənasında əsl hərbi əsir sayıla bilməzlər:

“Biz bu barədə Ermənistanla açıq dialoqa hazırıq, amma erməni tərəfindən də xoşməramlı addımgözləyirik. Birinci Qarabağ Müharibəsində 4000-dən çox azərbaycanlı itkin düşüb. Biz bilirik ki, onların əksəriyyəti artıq sağ deyil. Biz bilirik ki, kütləvi məzarlıqlar var. Erməni tərəfi bu məzarlıqların harada olmasına aydınlıq gətirməlidir”.

Status məsələsinin açırı qabardılması

ATƏT-in Minsk Qrupunun gələcəyi barədə suala cavab verərkən prezident müşaviri deyib ki, bu qurum son 30 ildə fəaliyyətsizliyi ilə öz nüfuzunu xeyli itirib və “hazırda elə də yüksək reputasiyaya malik deyil”.

Hikmət Hacıyevin dediyinə görə, “onlar son 30 ildə tərəflərin sözlərini bir-birinə çatdırmaqla məşğul olublar, amma indi Azərbaycan onların sözün əsl mənasında qarşılıqlı etimadyaratma prosesinə qoşulacağını gözləyir”.

Prezident müşaviri bunu xüsusilə vurğulayıb ki, ATƏT-in Minks Qrupunun həmsədrləri yaranmış reallığa uyğunlaşmalıdır.

Hacıyev xəbərdarlıq edib ki, hazırda yalnız status məsələsinin üzərində dövrə vurmaq əks-nəticə verə bilər, çünki bu, “Ermənistandakı radikallara işləməklə onlarda lüzumsuz gözlənti yaradır”.

Hikmət Hacıyevin sözlərinə görə həmsədrlər öz gələcək rolları barədə, Azərbaycan cəmiyyətinin etimadını qazanmaq barədə düşünməlidirlər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG