Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

Əri itkin düşmüş kosovolu qadının hekayəsi


"Hive" filmindən kadr
"Hive" filmindən kadr

Alban dilində çəkilmiş yeni"Hive" (Arı yuvası) filmində etirazçı kütlə Kosovoda bir hökumət binasının qarşısına toplaşır. Onlar 1990-cı illərin sonlarında Serbiyanın albanlara qarşı apardığı etnik təmizləmə zamanı itkin düşən ərlərini, atalarını və övladlarını axtaran insanlardır. Bu münaqişə həm də böyük qaçqın böhranına səbəb olmuşdu.

Etiraz edən kütlənin arasında Fahriye Hoti adlı qadın da var. Onun əri illərdir ki, itkin düşüb. Fahriye yaşadığı kəndin qadınları ilə birlikdə yeni iş quraraq ailəsini dolandırmağa çalışır. Ancaq onların icmasındakı kişilər qadınların bu planını radikal hesab edərək onu sıradan çıxarmağa çalışırlar.

"Yoluxucu enerji"

"Hive" real hekayə əsasında çəkilib. Film ötən il "Sundance" Film Festivalında çox sayda mükafatlara sayiq görülüb. İndi isə o, Kosovonun "Oskar" mükafatına rəsmi namizədidir.

Rejissor və ssenarist Blerta Basholli Hotinin hekayəsini ilk dəfə eşidəndə ABŞ-da tələbə imiş. Hekayə dərhal onun diqqətini cəlb edib.

Basholli və aktrisa İlka Qaşi Hotinin hekayəsini eşitmək üçün onunla üzbəüz görüşüblər. Onun xarakteri, danışıq tərzi, hər şeyin öhdəsindən gəlmə qabiliyyəti onların diqqətini cəlb edib.

Filmdə Hotini canlandıran Qaşi deyir ki, Hotinin enerjisi yoluxucu və məftunedicidir. Özü də alban qaçqını olan Qaşi Hotinin ağrısını şəxsən hiss edə bildiyini deyir: "Eyni vaxtda qəhrəmanı yaratmaq və oynamaq nə qədər yorucu olsa da, mən bütün bunlarda rahatlıq tapdım; bu, insan və sənətkar olaraq mənim üçün sağalma terapiyası kimi oldu".

Hər dəfə kövrəldən film

Filmin açılış səhnəsində Hoti cəsəd torbalarının arasında ərinin cəsədini axtarır. "Mən filmi güclü, bizi dərhal o vəziyyətə qoyan bir şeylə başlamaq istədim. Eyni zamanda bizə qaşımızdakının nə cür insan olduğunu başa salan bir şeylə…".

Qaşi deyir ki, bugünədək filmə 20 dəfəyədək baxsa da, bu gün də ona baxanda kövrəlir. Çünki film onun öz qorxulu və kədərli xatirələrini yada salır: "Biz bir az sərt situasiyada böyümüşük. Hətta müharibədən əvvəl də işğal və Kosovodakı vəziyyətə görə sınmış arzularla böyüyürdük, uşaqlığımız pis keçirdi. Valideynlərimizin iş yerlərindən qovulmasının, məktəblərimizin bölünməsinin şahidi olurduq. Buna görə də mən bu qəhrəmanla yaxınlığımı hiss etdim. Çünki onun ağrısını və keçmişini anlayırdım".

Ağlaya-ağlaya közlənmiş qırmızı bibər satmaq

Filmdə Hoti və icmanın digər qadınları Balkan regionunda populyar yemək olan közlənmiş qırmızı bibər satmaqla dolanır. Özü də onlar bunu travmalı vaxtlarında ağlaya-ağlaya edirlər. Onların başqa seçimi yoxdur. Günlərini ağlamaqla keçirib uşaqlarını ac qoya bilərlər. Ancaq uşaqları böyütmək və həyatda qalmaq lazımdır. Ona görə də gününü kədər içində keçirmək vaxtı deyil.

Filmdə emosional baxımdan ağır səhnələr var. Basholli bu səhnələri çətinliklə çəkdiklərini deyir. O, Kosovoda insanların çox qonaqpərvər olduğunu, evlərinə gələn insanları gülər üzlə qarşıladığını deyir. Ancaq bütün bunların fonunda kişilərin heç kimdən asılı olmadan iş qurub həyatda qalmağa çalışan qadının qarşısını kəsmək istəməsi tamaşaçıya ağır gəlir. Filmdə bundan başqa ağır müharibə səhnələri də var. Bu səhnələr müharibəni canlı görmüş insanlara pis təsir edə bilər.

Qaşi şəxsən hələ də Fahriyedən ilham aldığını deyir. "Biz hər dəfə görüşəndə …bütün başına gələnlərə rəğmən hələ də bizi güldürür. Mənə elə gəlir ki, film yekunda bizi o ümidlə qoyub gedir. …Həyatda keçdiyin çətinliklərə rəğmən daha yaxşı gələcək üçün və öz arzuların uğrunda vuruşmağa dəyər. Mənim filmdən çıxardığım nəticə budur", – o deyir.

XS
SM
MD
LG