Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:36

İranın dəstəklədiyi minlərlə döyüşçü İsrailə qarşı


"Hizbullah" üzvləri Livanda hərbi təlimlərdə
"Hizbullah" üzvləri Livanda hərbi təlimlərdə

"The Associated Press" yazır ki, Yaxın Şərqdə İranın dəstəklədiyi qruplardan minlərlə döyüşçü Livana gələrək Birləşmiş Ştatların (ABŞ) terrorçu saydığı "Hizbullah" silahlı qruplaşmasına qoşulmağa hazır olduğunu bildirib. İranın dəstəklədiyi qrupların təmsilçiləri və təhlilçilər deyir ki, "Hizbullah" ilə İsrail arasında münaqişənin müharibəyə çevriləcəyi təqdirdə bu döyüşçülər ikinciyə qarşı vuruşmağa hazırdırlar.

ABŞ və bir sıra Qərb ölkələrinin terror qurumlarının siyahısına daxil etdiyi HƏMAS-ın İsrailə hücum etdiyi ötən ilin oktyabrından bəri tez-tez İsrail-Livan sərhədində atışmalar baş verir.

Bu ay İsrailin hava zərbəsi ilə Livanın cənubunda "Hizbullah"ın bir yüksəkrütbəli hərbi komandirinin öldürülməsindən sonra vəziyyət daha da gərginləşib. "Hizbullah" bu hücuma İsrailin şimalına yüzlərlə raket və dron zərbəsi endirməklə cavab verib.

İsrail rəsmiləri "Hizbullah"ı danışıq yolu ilə sərhəddən uzaqlaşdırmağın yolu tapılmasa, Livana hərbi hücuma başlayacağı ilə hədələyib.

İsrailə qarşı birləşə bilərlər

Son 10 il ərzində İrandan dəstək alan, Livan, İraq, Əfqanıstan və Pakistandan olan döyüşçülər Suriyada 13 il sürən münaqişədə bu ölkənin prezidenti Bəşər Əsədi dəstəkləmək üçün birlikdə döyüşüblər. Bu qrupların təmsilçiləri deyir ki, onların döyüşçüləri bu dəfə də İsrailə qarşı birləşə bilərlər.

"Hizbullah" lideri Həsən Nəsrulla Beyrutdakı Aşura günü zamanı tərəfdarlarına ekran vasitəsilə müraciət edir.
"Hizbullah" lideri Həsən Nəsrulla Beyrutdakı Aşura günü zamanı tərəfdarlarına ekran vasitəsilə müraciət edir.

"Hizbullah" lideri Həsən Nəsrulla ötən həftə çıxışında deyib ki, İran, İraq, Suriya və Yəməndən olan döyüşçülərin liderləri daha əvvəl də "Hizbullah"a kömək məqsədilə on minlərlə döyüşçü göndərməyi təklif ediblər. Ancaq o əlavə edib ki, "Hizbullah"ın özünün 100 mindən artıq döyüşçüsü var.

"Biz onlara dedik ki, çox sağ olun, ancaq özümüzdə olan say bizə çoxdur", - Nəsrulla deyib.

Nəsrulla əlavə edib ki, döyüşün indiki formasında "Hizbullah"ın canlı qüvvəsinin sadəcə bir hissəsi prosesə cəlb edilib. Ancaq tam müharibə qızışarsa, bu durum dəyişə bilər.

Livan və İraqdan olan, rəsmi Tehranın himayə etdiyi qrupların nümayəndələri deyirlər ki, müharibə başlayacağı təqdirdə regionun hər yerindən İranın dəstəklədiyi döyüşçülər Livan-İsrail sərhədinə toplanacaq.

Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinin başlanmasından bəri bu qrupların bəziləri artıq İsrail və müttəfiqlərinə hücumlar təşkil edib. "Müqavimət oxu" adlandırılan bu birliyə daxil olan qrupların nümayəndələri "arenaların birliyi strategiyası"ndan istifadə etdiklərini və yalnız İsrailin Qəzzada onların müttəfiqi HƏMAS-a qarşı hücuma son qoyduğu təqdirdə dayanacaqlarını deyirlər.

"Hizbullah" üzvləri Livanın Aramta şəhərində Müqavimət və Azadlıq Günü münasibətilə təşkil olunan hərbi təlimlərdə
"Hizbullah" üzvləri Livanın Aramta şəhərində Müqavimət və Azadlıq Günü münasibətilə təşkil olunan hərbi təlimlərdə

İraqda İranın dəstəklədiyi qruplardan birinin nümayəndəsi anonimlik şərti ilə "The Associated Press"in Bağdad müxbirinə deyib ki, onlar tərəfdən bəzi məsləhətçilər artıq Livandadır.

""Hizbullah" Livanın xaricindən dəstək almağa ehtiyac duya bilər"

"Hizbullah" üzrə ekspert Qasım Qasir də bu fikirlə razıdır ki, hazırkı döyüşlər, əsasən, raket kimi yüksək texnologiyalara əsaslandığı üçün çox sayda döyüşçüyə ehtiyac duyulmur. Ancaq o deyir ki, genişmiqyaslı müharibə başlayacağı və uzun müddət davam edəcəyi təqdirdə "Hizbullah" Livanın xaricindən dəstək almağa ehtiyac duya bilər.

Xarici döyüşçülərin mümkün axınından İsrail də xəbərdardır.

İsrail Xarici İşlər Nazirliyinin siyasi planlaşdırma şöbəsinin keçmiş rəhbəri Eran Etzion iyunun 20-də Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunda keçirilən panel müzakirədə "çoxcəbhəli müharibə" ehtimalının yüksək olduğunu düşündüyünü söyləyib.

O deyib ki, husilərin, habelə İraq döyüşçülərinin müdaxiləsi, həmçinin Əfqanıstan, Pakistan da daxil olmaqla bir çox yerdən cihadçıların Livana və Suriyanın İsraillə həmsərhəd ərazilərinə kütləvi axını ola bilər.

Daniel Haqari
Daniel Haqari

"İsrail bütün cəbhələrdə İranın şər oxuna qarşı…"

İsrail ordusunun sözçüsü Daniel Haqari ötən həftə televiziyada yayımlanan açıqlamasında bildirib ki, "Hizbullah" oktyabrın 8-də onlara qarşı hücumlara başladıqdan bəri ölkələrinə 5 mindən artıq raket, tank əleyhinə raket atıb və dron göndərib.

""Hizbullah"ın artan aqressiyası bizi daha geniş eskalasiyanın astanasına gətirib çıxarır. Bu eskalasiyanın Livan və bütövlükdə region üçün dağıdıcı nəticələri ola bilər. İsrail bütün cəbhələrdə İranın şər oxuna qarşı vuruşmağa davam edəcək", - Haqari deyib.

"Hizbullah" rəsmiləri isə İsraillə geniş müharibə istəmədiklərini, ancaq müharibə başlayacağı təqdirdə ona hazır olduqlarını deyiblər.

"Biz qərara gəlmişik ki, nə qədər məhdud olur-olsun, istənilən ekspansiya bu cür hərəkətin qarşısını alan ekspansiya ilə üzləşəcək və İsrailə ağır itkilər verdirəcək", - "Hizbullah" liderinin müavini Naim Qasım ötən həftə etdiyi çıxışında deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan üzrə xüsusi əlaqələndiricisi Janin Hennis-Plassxart və bu qurumun sülhü qoruma qüvvələrinin komandiri general-leytenant Aroldo Lasaro birgə açıqlamalarında bildiriblər ki, "qəfil, geniş münaqişəyə yol açan yanlış hesablama təhlükəsi çox realdır".

Xatırlatma

İsraillə "Hizbullah" arasında ən son genişmiqyaslı münaqişə 2006-cı ilin yayında olub. O zaman tərəflər arasında 34 günlük müharibədə Livanda 1 min 200, İsraildə isə 140 nəfər şəxs həlak olmuşdu.

Sonuncu toqquşmaların başlanmasından bəri Livanda 400-dən çox adamın öldüyü bildirilir. Onların əksəriyyəti döyüşçülər olsa da, 70 nəfərin mülki şəxs olduğu vurğulanır. İsrail tərəfdənsə 16 əsgər və 11 mülki şəxs öldürülüb. Sərhədin hər iki tərəfində on minlərlə insan yaşayış yerlərini tərk edib.

XS
SM
MD
LG