Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:47

'İnanmazdım ki, baş prokurorun müavini işləmiş adam belə bir iş tutsun...'


Pul
Pul

«Mən eşitmişdim ki, vəkillər arasında fırıldaqçılar çoxdur. Amma bu adama inandım. Çünki mənim atam da 45 il prokurorluqda işləyib. İnanmazdım ki, baş prokurorun müavini işləmiş bir adam belə bir iş tutsun...», – Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Rəhman Yusifov məhkəmədə onu və oğlunu aldatmaqda suçlanan vəkil Məmmədvəli Cəfərov haqqında danışarkən deyib.

R.Yusifov 2008-ci ilə qədər icra başçısının birinci müavini, ondan sonra 2012-ci ildə həbs olunana qədər isə Qaradağ rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri işləyib. Sonra rüşvət almaqda suçlanaraq həbs olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 5 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra onun oğlu Rəşad Yusifov atasının hüquqlarının müdafiəsi üçün vəkil M.Cəfərovla müqavilə bağlayıb.

«Bir vəzifəli şəxs var...»

İndi həmin vəkilin özü dələduzluq suçlamasıyla məhkəmədə mühakimə olunur. İddia olunur ki, o, R.Yusifovu həbsdən buraxdırmaq adıyla onun oğlundan 150 min manat alıb, onu aldadıb.

Martın 7-də məhkəmədə bu iş araşdırılarkən R.Yusifov deyib ki, vəkil M.Cəfərovu onlara vəzifəli şəxs məsləhət görmüşdü: «Mən bilirdim ki, Azərbaycanda vəkillərə inam yoxdur. Bir vəzifəli şəxs var, bizə bu adamı o, məsləhət görmüşdü. İndi o adamın adını çəkmək istəmirəm, çünki onun bu fırıldağa dəxili yoxdur».

Sabiq məmurun sözlərinə görə, haqqındakı 5 illik həbs hökmünü apellyasiya məhkəməsi qüvvədə saxlayandan sonra onu 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Bu vəkil də ilk dəfə də orada olanda yanına gəlib: «Orada olduğum zaman üç dəfə bu adam mənim yanıma gəlib. Ona dedim ki, mən zəif adam deyiləm, amma həll edə bilmədim. Mənə dedi ki, narahat olma, düzələcək. Məmmədvəli Cəfərov bizə demişdi ki, Ali Məhkəmənin sədrini, cinayət kollegiyasının sədrini tanıyır. İkinci dəfə yanıma gələndə dedi ki, pul çatıb, həll olunacaq. İki dəfə Ali Məhkəmədə mənim işimlə bağlı ərizəni geri götürdü ki, proses uzansın. Bir ilə yaxın davam edəndən sonra dedi ki, Ali Məhkəmə vasitəsilə düzəlmir. Təklif elədi ki, Əfv Komissiyası vasitəsilə eləyək. Razılaşdıq. Dedi ki, Komissiyaya təcili ərizə yazmaq lazımdır. Yoldaşım yazdı. Dekabrda əfv sərəncamı imzalandı, bu da yalan çıxdı. Hər dəfə bir bəhanə gətirirdi».

62 min manat qaytarılıb

Sabiq məmurun oğlu, zərərçəkən qismində tanınmış R.Yusifov deyir ki, verdiyi 150 minin hissə-hissə olmaqla, təxminən 62 min manatı ona qaytarılıb.

Vaxtilə 90-cı illərdə Baş prokurorun müavini işləmiş M.Cəfərov isə bildirir ki, ittihamda yazılanlar da, zərərçəkən tərəfin dedikləri də yalandır. R.Yusifov ona pulu həmin vaxt həbsdə olan atasının azadlığa çıxması üçün Ali Məhkəməyə vermək məqsədilə yox, biznes üçün verib. Təqsirləndirilən vəkilin sözlərinə görə, pul da ona yox, tanışı, Dövlət Gömrük Komitəsinin zabiti olmuş Möhübbət Əhmədova verilib. Çünki M.Əhmədov siqaret biznesi ilə məşğul olub, R.Yusifov da bu işə qoşulmaq istəyib.

R.Yusifov isə bu barədə deyilənləri təkzib edir. Martın 7-də məhkəmədə zərərçəkənin dostu Ceyhun İsmayılov dindirilərkən deyib ki, onunla vəkil M.Cəfərov arasında siqaret söhbəti olub. Amma başqa cür: «Dostum atasının buraxılması üçün məndən borc istəmişdi, mən də 10 min vermişdim. Bir müddət sonra Rəşad dedi ki, problemlər yaranıb, nə iş düzəlir, nə də pulu ala bilir. Mən də Məmmədvəli müəllimlə görüşdüm. Dedi ki, özü Məhəbbət adlı tanışı ilə siqaret satışına başlamaq istəyib. Məhəbbət ona deyibmiş ki, siqaret monopoliyasında olan qohumu var, onlar da bu işi görə bilər. Pulu ora qoyublar, iş batıb. Sonra da pulun bir hissəsini ödəməyə başladı...».

XS
SM
MD
LG