Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Zabrat sakinləri: 'Siz deyin, burda insan yaşayarmı?'


İkinci Zabrat
İkinci Zabrat

«Bu ərazidə yüzlərlə ailə yurd salıb, ancaq hələ də kanalizasiya, su, qaz, yol problemi həll olmayıb. Əsas da yağış, qar yağanda bu yolların ayıbı ortaya çıxır».

İkinci Zabrat yeni yaşayış massivinin sakinləri AzadlıqRadiosuna ərazidəki yolların fotogörüntülərini çəkib göndəriblər. 6 ilə yaxındır ki, burada ev-eşik tikib yaşayan Süsən Abdullayeva indi peşman olduğunu deyir. Onun sözlərinə görə, burada yaşamaq cəhənnəmin dibinə düşməyə bərabərdir: «Vaxtilə bələdiyyə hamını aldadıb ki, bu ərazi hökumətin diqqətindədir, hökumət özü maraqlıdır ki, buralarda yaşayış massivi yaransın. Tezliklə işıq, qaz, su, yol, kanalizasiya problemi olmayacaq. Hətta bağça, məktəb də tikiləcək. Buradan torpaq alıb ev tikənlərdən biri kimi şəxsən mən sonradan başa düşdüm ki, bu yalanlar, sadəcə, torpaq satıb pul qazanmaq üçün imiş. Sadaladıqları xidmətlərin hamısı sıfır vəziyyətdədir».

«QALOŞLU QIZ»

Yeni yaşayış massivində kanalizasiya sistemi yoxdur. Onsuz da asfaltsız yolları bir də su idarəsinin işçiləri su xətti çəkərkən qazıb tökəndən sonra kələ-kötür vəziyyətə salıblar. Maisə Əşrəfova deyir, yağış yağandan ərazidəki insanlar evdən çıxanda özləriylə ehtiyat qaloş götürürlər: «Şəxsən mənim 25 yaşım var. Şəhərdə dövlət idarəsində işləyirəm. Evdən çıxanda çantamdan əlavə bir də torba götürürəm. Qaloşumu geyirəm, ümumi yola çıxıb 1 manatlıq taksiyə əyləşəndə çıxarıb qoyuram torbaya, ayaqqabılarımı geyinirəm. Taksi sürücüsü hərdən mənə zarafatca «qaloşlu qız» deyir».

Bu yolların əziyyətini böyüklər qədər azyaşlılar da çəkir. Səhər evdən əyin-başı təmiz çıxan uşaqlar günorta məktəbdən palçıqlı qayıdırlar.

«PULLAR TƏYİNATI ÜZRƏ XƏRCLƏNSƏYDİ...»

Yeni yaşayış massivinin daha bir sakini Elxan Əzizov: «Şəhərin mərkəzində təmirdən altı ay ötməmiş yolu qazıb yenidən asfaltlayırlar. Şəhərin mərkəzi küçələri lazımsız təmirdən, kənar yollar isə təmirsizlikdən cana yığılıb. Baxmayaraq ki, büdcədən ən çox vəsait ayrılan sahələrdən biri də yol tikintisidir. Palçıq içində yaşasaq da, bunları gözəl bilirik. O pullar təyinatı üzrə istifadə olunsaydı, bu gün palçıqdan şikayətlənməzdik».

Beləcə, illərdir ki, sakinlər Sabunçu rayon İcra Hakimiyyətinə və Zabrat bələdiyyəsinə müraciət edirlər, ancaq səslərinə səs verən yoxdur. Nəticədə yol asfaltsız, sakinlərsə yolsuz qalıb. Asfalt yol olmadığından yayda toz-torpaq, qışda isə palçıq sakinləri cana-boğaza yığır. Sakinlər bu yollardan keçməkdən ötrü müxtəlif yollara əl atsa da, çıxış yolunu tapa bilmirlər. Palçıq dizə qədər olduğundan hər gün işə gedəndə taksiyə 1-2 manat verməli olurlar.

«PROQNOZLAŞDIRMAQ ÇƏTİNDİR»

İqtisadçı-ekspert Elman Şirinov deyir, ətraf qəsəbə və kəndlərin inkişafı ilə bağlı sərəncamlar yarımçıq icra olunub: «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın əsas məqsədlərindən biri yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması olsa da, Proqramın hansı şəkildə icra olunduğu göz qabağındadır. Artıq 2017-ci ildir və bundan sonra da, yəqin ki, insanlara 2018-ci ilədək dözməyi tövsiyə edəcəklər. Büdcənin vəziyyətini nəzərə alsaq, bu işlərin hətta 2020-ci ilədək başa çatacağını proqnozlaşdırmaq çətindir».

Sabunçu rayon İcra Hakimiyyətində isə yeni yaşayış massivlərindəki sosial problemlərin həlliylə bağlı heç də pessimist düşünmürlər. Qurumdan bildirilib ki, bu problemlər müvəqqətidir: «Məhəllələrarası yolların təmiri ilə bələdiyyə məşğul olur. Ancaq bu işi indi görmək mümkün deyil. Ora yeni yaşayış massividir, əvvəl su, kanalizasiya xətlərinin çəkilişləri tam başa çatmalıdır ki, sonra növbə yolların təmirinə çatsın».

XS
SM
MD
LG