Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Məhkəmədə ilahiyyatçının qandalları açıldı


Həbsdə olan ilahiyyatçı Sərdar Babayev
Həbsdə olan ilahiyyatçı Sərdar Babayev

“İslamda hakimlər barədə deyilir ki, onlar başqa insanlardan asılı olmamalı, müstəqil qərarlar verməlidirlər...”.

Mayın 25-də Masallı Rayon Məhkəməsindəki çıxışında dini ayinlər adı altında insanların hüquqlarına qəsd etməkdə ittiham olunan ilahiyyatçı Sərdar Babayev belə deyib.

İlahiyyatçı vəkillərinin verdikləri vəsatətlərin rədd olunmasına etiraz edib.

“Cənab hakim, siz ən adi vəsatətləri təmin etmirsiniz. Görünür bu işdə sizə basqılar var. Ümid edirəm ki, qanunun aliliyini qoruyacaqsınız. Yox, əgər bunu bacarmayacaqsınızsa, o zaman heç bu məhkəməyə gəlməyə dəyməz. Çünki bundan əvvəl keçirilən heç bir məhkəmədə ədalətin şahidi olmadıq”, ilahiyyatçı deyib.

Buna da bax:​ İlahiyyatçının məhkəməsi qalmaqalla başladı

O, ibadət etdiyinə görə, həbsdə olduğunu bildirib və əlavə edib ki, bu, qanunlara görə cinayət imiş.

“Quranın hökmü cinayət işi hesab edilir. Bununla sanki bəndə ilə Allahı üz-üzə qoymağa çalışırlar. İndi siz məndən soruşursunuz ki, cinayəti törətmişəm ya yox? Əgər desəm ki, hə, o zaman belə çıxır ki, Allaha deyirəm ki, bağışla səhv etmişəm. Sənin buyurduğuna əməl etmişəm və namaz qılmışam. Azərbaycanda cümə günləri 50-dən çox məsciddə “Cümə namazı” qılınır və mahiyyət etibarı ilə aralarında heç bir fərq yoxdur. Yəni, mənim qıldığım “Cümə namazı” ilə digər bir ruhaninin qıldırdığı namaz eynidir. O zaman niyə məhz mənə cinayət işi açılır?”, S.Babayev sual edib.

Mayın 25-də keçirilən prosesdə ilahiyyatçının vəkillərinin verdikləri çoxsaylı vəsatətlərə baxılıb.

Buna da bax:​ 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

İlahiyyatçının qandalları açılıb

Vəkilləri öncə ilahiyyatçının zalda əlləri qandallı gətirilməsinə etiraz ediblər. Hakim etirazı qəbul edərək, qandalların açılmasına qərar verib.

İlahiyyatçının vəkillərinin yanında əyləşməsi, məhkəmə prosesinin video və audio lentə alınması barədə vəsatətlər isə rədd edilib.

Vəkillər ilahiyyatçıdan şikayət etdiyi deyilən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun məhkəməyə şahid qismində çağırılmasını da istəyiblər, ancaq bu vəsatət də rədd edilib.

Sərdar Babayev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət də təmin edilməyib.

Buna da bax:​ Sərdar Babayevin həbs müddəti uzadılıb

Konstitusiya ilə ziddiyyət...

Dövlət ittihamçısı deyib ki, vəsatət təmin olunarsa, ilahiyyatçı şahidlərə təzyiq edə bilər.

İlahiyyatçının vəkillərindən Osman Kazımov ittihamların əsasız olduğunu deyib. O, çıxışında vurğulayıb ki, S.Babayevin ittiham olunduğu maddə Konstitusiya ilə ziddiyyət təşkil edir.

“S.Babayevin ittiham olunduğu maddə Nardaran hadisələrindən 8 gün sonra qəbul edilib. Sual olunur ki, 1400 ildir İslam dini var və ayinləri icra edilir. Necə oldu ki, birdən-birə bütün bunlar qanun pozuntusu oldu? Deməli burada siyasi sifariş var”, - deyən vəkil tələb edib ki, bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilsin və məsələ araşdırılsın.

Buna da bax:​ İlahiyyatçının məhkəməsində gərginlik yaranıb [yenilənib]

Prosesin davamında ittiham aktı, şahid ifadələri oxunub.

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.

XATIRLATMA

Bu il fevralın 22-si Masallı Rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Buna da bax: Azərbaycanda dindarları nə üçün həbs edirlər?

Müdafiə tərəfi isə bildirir ki, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq, xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosu-na bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

XS
SM
MD
LG