Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Prezident: 'Azərbaycanda iqtisadi inkişaf bir çox ölkələrə nümunə ola bilər'


İ.Əliyev
İ.Əliyev

Bu gün, oktyabrın 9-u prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezident çıxışında deyib ki, bu ilin doqquz ayında Azərbaycan uğurla və hərtərəfli inkişaf edib.

O vurğulayıb ki, ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2.5 faiz artıb. Onun bildirməsinə görə, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3.1 faiz, kənd təsərrüfatında 2.8 faiz təşkil edib. Xarici ticarət dövriyyəsi 7 faiz artıb.

«9 AYDA 226 MİN İŞ YERİ AÇILIB»

İ.Əliyev deyib ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub.

«Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük», - deyən dövlət başçısı bildirib ki, valyuta ehtiyatı 4.5 milyard dollar artıb.

Prezident İ.Əliyev yeni iş yerlərinin açılmasından da danışıb. O qeyd edib ki, bu müddətdə 226 min yeni iş yeri yaradılıb.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

«ƏRAZİ BÜTÖVLÜYÜ DANIŞIQLAR PREDMETİ OLMAYACAQ»

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun deməsinə görə, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz qalır. Prezident vurğulayıb ki, ərazi bütövlüyü danışıqlar predmeti olmayacaq.

Daha sonra prezident «Azəri-Çıraq-Günəşli» yataqları bloku üzrə yeni sazişin imzalanmasından, «Cənub Qaz Dəhlizi» layihəsi ilə bağlı görülən işlərdən bəhs edib. Onun deməsinə görə, yaxın günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olacaq.

2017-ci ilin ölkə tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən İ.Əliyev həmçinin bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyub.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

«95 YAŞAYIŞ BİNASI TİKİLİR»

Sonra təhsil naziri Mikayıl Cabbarov, «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər.

Prezident İ.Əliyev toplantının sonunda da danışıb. O qeyd edib ki, hazırda tikinti sektorunda canlanma var. İndi paytaxtda 95 yaşayış binası tikilir. Yararsız vəziyyətdə olan binaların yerində müasir yaşayış kompleksləri inşa olunur.

Dövlət başçısı çıxışının sonunda da deyib ki, Azərbaycanda ictimai-siyasi vəziyyət və iqtisadi inkişaf bir çox ölkələr üçün nümunə ola bilər.

XS
SM
MD
LG