Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Prezident Əliyev Vardanyan haqqında: 'O, Moskvadan çox aydın gündəliklə göndərilib'


Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin (Dirk Schuebel) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, D.Şuebel xatırladıb ki, onlar Azərbaycana Ermənistandan gəliblər: "Orada yaxşı danışıqlar apardıq. Düşünürəm ki, Ermənistanda aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan da sülhün əldə olunmasında maraqlıdır".

"Biz ikitərəfli sazişi razılaşdıra bilsək,…"

O, ikitərəfli məsələlərə də toxunub: "Sonuncu məsələ bizim sazişimizdir. İstərdik, Sizdən xahiş edək ki, bunu həyata keçirmək üçün daha bir təkan verək. Bildiyiniz kimi, razılaşdırılası çox məqam qalmayıb. Ona görə də əgər biz ikitərəfli sazişi razılaşdıra bilsək, bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda daha bir mühüm addım olacaq".

Prezident İ.Əliyev isə deyib ki, Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğu nəzərdən keçirilməlidir: "Saziş üzərində iş uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və, necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir".

"İqtisadi çətinliklər yarada biləcək sənədi imzalaya bilmərik"

İ.Əliyevin sözlərinə görə, orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilməz: "Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var".

"Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus) Avropa İttifaqı (Aİ) ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə qurumla əməkdaşlığı dayandırıb.

Ermənistanla aparılan sülh danışıqları...

Prezident İ.Əliyev bu görüşdə Ermənistanla aparılan sülh danışıqlarına da toxunub: "Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik…".

Azərbaycanın beş təklifi, Ermənistanın cavabı

Azərbaycan bu ilin martında Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı. Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən və nəqliyyat əlaqələrini bərpa etmək ilə bağlıdır.

Ondan iki ay sonra Hollandiyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan isə demişdi ki, bu təkliflərdə onlar üçün qəbuledilməz olan heç nə yoxdur, lakin bütün məsələləri əhatə etmir. N.Paşinyan deyib ki, onlar təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və Dağlıq Qarabağın yekun statusunu gündəmə gətiriblər.

"Detallı sülh sazişi bizə çətinliklər yarada bilər", – bunu da Ermənistanın baş naziri bir gün əvvəl, noyabrın 16-da parlamentdə hökumət saatında deyib. O, çərçivə sazişi modeli yanaşmasını, böyük konkretlik olmadan cızılan çərçivə sənədini nəzərdə tutduğunu sözlərinə əlavə edib. N.Paşinyanın sözlərinə görə, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də Yerevanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir. "Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır", – Paşinyan vurğulayıb.

Prezident: "Bizim iki yolumuz olmalıdır"

Prezident İ.Əliyev isə noyabrın 17-də Aİ-nin nümayəndələri ilə görüşdə deyib ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil: "Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər... Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər... Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik".

"Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq"

Prezidentin sözlərinə görə, Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır: "Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq... Yeri gəlmişkən, bu proses başlayıb".

Hələlik, bu fikirlərə Ruben Vardanyanın münasibəti bəlli deyil. Onun Rusiya vətəndaşlığından çıxıb Azərbaycana - Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağa köçdüyü deyilir.

Xatırlatma

Ötən ilin dekabrından başlayaraq Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılır. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Həmin görüşdən sonra Ermənistan Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə razılıq verdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG