Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

Ev almaq üçün illərlə pul yığan gənclər


Bakıda yeni yaşayış massivlərindən birində
Bakıda yeni yaşayış massivlərindən birində

“Hazırda bütün vaxtımı ev dalınca qaçmağa sərf edirəm. Bəs gəncliyimi necə yaşayım, özümü necə inkişaf etdirim? Heç bir təlimə gedə bilmirəm ki, pulumu yığıb ev alacağam”.

Bu sözləri 24 yaşlı gənc Fərhad Kərimli AzadlıqRadiosuna deyir. O, illərdir ev almaq üçün pul topladığını, amma qiymətlərin gözlədiyindən 30-40 min manat baha olduğunu söyləyir.

Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında davamlı qiymət artımı ev sahibi olmaq istəyən gənclərin bu arzusunu çətin hədəfə çevirir. Xüsusilə Bakı, Sumqayıt kimi şəhərlərdə mənzillərin sürətlə bahalanması insanların kirayə evlərə üstünlük verməsinə gətirib çıxarır.

Qiymət niyə qalxır?

Müşahidələr göstərir ki, Bakıda şəhər mərkəzində evlərin kvadratmetri təxminən 1500-2500 manata təklif olunur. Sumqayıtda isə bu qiymətlər bir qədər aşağı olsa da, ötən illərə nisbətən böyük artım var. Hazırda Sumqayıtda şəhər mərkəzində evlərin kvadratmetri 1500 manat civarındadır. Halbuki 2022-ci ildə bu rəqəm təxminən min manat idi.

Fərhad Kərimli üstəlik, kirayə qiymətlərinin də əl yandırdığını, indi ikiotaqlı kirayə evlərin 800 manata qədər çatdığını söyləyir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, Sumqayıt şəhərindəki artımın səbəbi ötən il Bakıda mənzil qiymətlərindəki sıçrayışdır:

“Ötən il mənzil qiymətlərində 30 faizə qədər artım olub və Bakıda qiymət sıçrayışı Sumqayıta da təsirsiz ötüşməyib. Bu ilin birinci yarımilliyində mənzillərin qiymətində artım olmayıb. Ötənilki qiymət artımından sonra məlum oldu ki, alqı-satqıda yarıbayarı azalma olub. Ancaq vətəndaşlar hələ də ötənilki qiymət artımına öyrəşməyib. Təklif böyükdür və tələbat da var, ancaq heç kim, məsələn, birotaqlı mənzilə yüksək qiymət ödəmək istəmir”.

R.Qasımzadə bildirir ki, ötən il əsas qiymət artımı köhnə tikililərdə olub, yeni tikililərdə qiymət artımı təxminən 15-20 faiz həddində idi.

İqtisadçı Eyyub Kərimli də Bakıda mənzil qiymətlərindəki artımın bölgələrə təsir etdiyini deyir:

“Bakıdakı qiymət artımı ümumi qiymət artımı ənənəsinin davamıdır. Bu həmişə olub. İnsanlar gəlib Bakıda ev alırsa, regionlarda da evlərini baha qiymətə satırlar”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AzadlıqRadiosuna bildirib ki, alıcılıq qabiliyyəti aşağı olduğuna görə bir çox insanlar məcburən kirayədə yaşamağı seçirlər. O, mənzil qiymətlərində sürətli artımın makroiqtisadi və inzibati səbəblərini sadalayır:

“Makroiqtisadi səbəblərə inflyasiya, ümumi daxili məhsulun artımı, ölkəyə qəbul edilən valyutanın artımı, istehlak bazarlarındakı artım və s. səbəbləri misal göstərmək olar. Lakin inzibati səbəblər də var. Məsələn, tikinti ilə bağlı şərtlərin, qaydaların sərtləşdirilməsi və bunun nəticəsində tikinti şirkətlərinin xərclərinin artımı ev qiymətlərinə təsir edir. Bütün bu amillərin hər biri təəssüf ki, bazarda daha çox qiymət artımına əsaslanan, hesablanan addımlar kimi qiymətləndirilir”.

“İnsanlar evə investisiya aləti kimi baxırlar, çünki...”

İqtisadçı E.Kərimli bildirir ki, mənzil qiymətlərinin artmasının səbəblərindən biri də insanların mənzilə investisiya aləti kimi baxması, digər səbəb isə hər kəsin şəxsi evə sahib olmaq istəməsidir:

“Məsələn, Avropada, yaxud Türkiyədə insanlar daha çox böyük vəsaitləri biznesə yatırıb, onun gəliri ilə kirayə qalmağa üstünlük verirlər. Bizdə bu ənənə formalaşmayıb. Bu da, sözsüz ki, böyük tələbat yaradır və evlərin qiymətini artırır. İkinci tərəfdən, bizdə evlərə həm də investisiya aləti kimi baxırlar. Çünki həm sabitdir, həm də digər investisiya alətləri məhduddur. Yəni, bugün ölkəmizdə qiymətli kağızlar bazarı inkişaf etməyib. Başqa investisiyalara yatırım etmə imkanları bir o qədər də sabit deyil və insanlar daha çox vəsaiti evə yatırır, kirayə verib oradan hansısa vəsait əldə edir”.

Bəs, yerli istehsal mənzil qiymətlərinin aşağı düşməsinə təsir göstərə bilərmi?

Tikinti şirkətindən Ülviyyə Quliyeva indiki halda yerli tikinti materiallarının istehsalının da qiymət artımına təsir etməyəcəyini düşünür:

“Qiymət tənzimlənməsində evin məkanı, infrastrukturu mühüm rol oynayır. Yerli tikinti materiallarının da etibarlı olması vacibdir. İlk olaraq, insanlara bunu aşılamaq lazımdır ki, insanlar güvənsinlər, istifadə artsın. Düşünürəm ki, yerli tikinti materiallarından istifadə 90 faiz artsa, o zaman evin ucuzlaşmasına təsir edər”.

Zaman-zaman ölkədə mənzillərin şişirdilmiş qiymətə satılmasıyla bağlı da fikirlər səslənib. Amma əmlak eksperti Ramil Osmanlı bu fikirlə razı deyil, deyir ki, bazarda təklif edilən qiymət civarında alıcı varsa, qiymətin şişirdildiyini söyləmək olmaz:

“Azərbaycanda mənzil bazarında tikinti şirkətləri qiymət formalaşdırarkən iqtisadi tendensiyaları deyil, digər istiqamətləri daha çox əsas götürürlər. Bu gün tikinti şirkətlərinin əksəriyyəti kənar maliyyə resursları hesabına fəaliyyət göstərirlər. Dövriyyə vəsaitlərindən asılı deyillər. Buna görə də təbii ki, qiymət siyasəti həyata keçirərkən onları maraqlandırmır ki, qoyduqları qiymətə əmlak satılacaq, ya yox”.

R.Osmanlı dövlətin insanların ev sahibi olması üçün bir sıra alternativlər təqdim etdiyini bildirir. O, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) xətti ilə ucuz evlər layihəsini, İpoteka Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə ümumi və güzəştli ipotekanı misal çəkir. Bundan başqa, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kirayə satmaq öhdəliyi ilə mənzillərin uzunmüddətli kirayə verilməsi layihəsi də var.

“Evlər bir saniyəyə satılır”

Mənzil sahibi olmaq istəyən Fərhad Kərimli isə danışır ki, MİDA-ya müraciət etsə də, evlər bir saniyəyə satılıbmış:

“Halbuki bir saniyədə o xananı doldurmaq mümkün deyil. Sosial evlərə müraciət edə bilmədik. İpotekada da evin qiyməti, tutaq ki, yüz iyirmi mindir, ipotekaya müraciət edirsən, iyirmi beş il ödəyirsən, evin yekun qiyməti gəlir çıxır üç yüz min manata. Üçqat pul ödəyirəm bir evə. Ona görə nə ipoteka sərf edir, nə sosial evlər. Hətta ipotekaya müraciət edəndə də düşə bilmirik. Mən 3-4 ildir müraciət edirəm”.

İqtisadçı E.Kərimli dövlətin gerçəkləşdirdiyi ipoteka və digər proqramların tələbi yüksəltdiyini və bunun da qiymət artımına səbəb olduğunu bildirib. O, ölkədə mənzil qiymətlərində daimi artım proqnozlaşdırır.

XS
SM
MD
LG