Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

REAL Partiyasına yeni sədr seçilib


Natiq Cəfərli
Natiq Cəfərli

Respublikaçı Alternativ (REAL) Partiyasına yeni sədr seçilib.

Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, sentyabrın 21-də keçirilən seçkilərdə REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli sədr seçilib. O, partiya sədri olaraq oktyabrın 1-dən fəaliyyətə başlayacaq.

N.Cəfərli də xəbəri təsdiqləyib. O, bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçiriləcək və tədbirdə partiyanın gələcək addımları ilə bağlı açıqlamalar veriləcək: "Amma ümumilikdə ilkin yanaşma budur ki, ölkədəki ictimai-siyasi vəziyyəti və siyasi proseslərə marağın az olduğunu nəzərə alaraq bu marağın artırılmasının, vətəndaş iştirakçılığın yüksəldilməsinin müxtəlif yollarını düşünüb tətbiq etməyə çalışacağıq. Yeni strukturlar da, çox güman ki, qurulacaq, yeni müzakirə platformaları təsis ediləcək. Üzvlük strategiyamızı da daha açıq və yumşaq edəcəyik".

11 sentyabr

ReAL Partiyasının sədri İlqar Məmmədov istefa verib

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov istefa verib.

Bu barədə onun özü sentyabrın 11-də məlumat yayıb.

Məmmədov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, sentyabrın 11-də təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq onun dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətini rədd edib: "Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim".

O qeyd edib ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra partiyanın Siyasi Komitəsi yeni rəhbər seçəcək.

İ.Məmmədov bir il əvvəl AzadlıqRadiosuna müsahibəsində bəyan etmişdi ki, əgər seçkilərdə partiyaya uğur qazandıra bilməsə, istefa verəcək: "10 ildir şəxsən məni heç bir seçkiyə buraxmırlar… Xatırladıram: növbəti iki seçkidə partiyamıza uğur qazandıra bilməsəm, sədrlikdən gedərəm".

Üç məntəqədə pozuntu qeydə alınsa da...

Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyası (MSK) İ.Məmmədovun namizəd olduğu 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən şikayətinə baxaraq üç seçki məntəqəsində qanun pozuntusu qeydə alıb. Qurumun qərarına görə, dairədəki 38 seçki məntəqəsindən üçünün nəticəsi etibarsız sayıldığından bu dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yaratmır. İ.Məmmədov dairə üzrə nəticələrin ləğvini istəyirdi.

MSK-nın ilkin açıqlamasına görə, həmin dairədən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, keçmiş deputat Asim Mollazadə lider namizəd sayılır.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 2018-ci il avqustun 13-də İ.Məmmədov azad edilib. Onun hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var idi. 2020-ci ildə Azərbaycan hökuməti REAL Partiyasının sədri İ.Məmmədova mənəvi ziyana görə təzminat ödəyib. Ali Məhkəmə Plenumunun qərarına əsasən, mənəvi təzminata görə ona 234 min manat verilib.

Onun rəhbərlik etdiyi siyasi qüvvə 2008-ci ildə hərəkat kimi yaradılıb, 2020-ci ildə partiya kimi dövlət qeydiyyatına alınıb.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament (2020) və prezident seçkiləri (2024-cü ilin fevralı) də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG