Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:55

İmişlidə açıq havada dərs keçən müəllim işdən azad edilib


Leyla Nəcəfquliyeva
Leyla Nəcəfquliyeva

Açıq havada dərs keçməsi ilə bağlı yenidən gündəmə gələn İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən azad edilib. Bu barədə sentyabrın 18-də AzadlıqRadiosuna onun özü məlumat verib.

"İşdən çıxarılmağım müzakirə olunmayıb"

L.Nəcəfquliyevanın sözlərinə görə, onun məsələsinə məktəbin pedaqoji şurasının iclasında baxılıb: "Mənim iş vaxtım saat 3-dəkdir. Dünən, sentyabrın 17-də saat 1-də bütün müəllimləri akt zalına toplayıb pedaqoji şuranın iclasını keçirdilər. Həmin yığıncaqda mənə töhmət elan edildi. Məktəbin direktoru bu qərarın mənə yazılı surətdə təqdim olunacağını deyib, fasilə elan etdi. Amma özü harasa getdi. İki saat ərzində gəlib çıxmadı deyə, mən də məktəbi tərk etdim. Axşam telefonuma SMS gəldi ki, işdən azad edilmişəm".

L.Nəcəfquliyeva əmək müqaviləsinə xitam verilməsinə dair əmri hələ də almadığını söyləyir. Buna görə işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirir. O, həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayır.

Ötən il də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

"Uşaqları təhsildən yayındırıb..."

Elə Mil-Muğan regional Təhsil İdarəsi də L.Nəcəfquliyevanın işdən kənarlaşdırılmasının şagirdlərə açıq havada dərs keçməsi və bunu sosial şəbəkədə paylaşması ilə əlaqədar olduğunu təsdiqləyib. Qurum bildirilir ki, sosial şəbəkələrdə yayılan videolarla bağlı araşdırma aparıblar: "İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan həmin gün saat 8 radələrində sinif rəhbəri olduğu III "b" sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb".

Açıqlamaya görə, müəllim qeyd olunanlarla kifayətlənməyib bu prosesi özünün TikTok hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib: "Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud şəkildə pozub".

17 sentyabr

İmişlidə açıq havada ilk dərs günü...

Vaxtilə sanitar qovşaq olmamağına görə gündəmə gələn İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəb üçün yeni bina tikilib. Sentyabrın 17-də Mil-Muğan regional təhsil idarəsi, İmişli rayon İcra Hakimiyyəti rəhbərliyinin iştirakı ilə həmin təhsil obyektinin açılışı olub.

Bu barədə sosial şəbəkələrdə də məlumatlar yayılıb. Amma həmin məlumatlarda qeyd edildiyinə görə, açılış tədbiri tələm-tələsik və təmtəraqsız keçib.

Bu məlumatı həmin məktəbin müəllimlərindən biri də təsdiqləyir. Onun vurğulamasına görə, yeni məktəb binasında bəzi çatışmazlıqlar var: "Bu sosial mediada işıqlandırılıb. Amma açılışadək o nöqsanlar aradan qaldırılmadı. Yeni dərs ilinin ilk gününün sevincini də yaşaya bilmədik. Açılış törəni gecikdiyindən dünən, sentyabrın 16-da (tədris ilinin başladığı gün) şagirdlərə açıq havada dərs keçildi. Buna görə icra və təhsil rəhbərləri tələm-tələsik bu gün, sentyabrın 17-də yığışıb gəldilər. Nə qırmızı lent kəsildi, nə əllərdə şar var idi, nə də üzlərdə sevinc...".

İH: "Əsas odur görülən işdən camaat razı qalsın"

Amma İmişli rayon İcra Hakimiyyətinin (İH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Rüfət Muradov açılış törəninin möhtəşəm keçdiyini deyir: "Yeni təhsil obyektlərinin açılışını eyni gündə etmək olmur. Dünən, sentyabrın 16-da rayonun Yalavac kəndində tam orta məktəbin yeni binası istifadəyə verildi. Eyni tədbiri bu gün də Aranlıda keçirdik. Tədbirdə kənd sakinlərinin az qala yarısı iştirak edirdi. Lent, şar olması vacib deyil, əsas odur görülən işdən camaat razı qalsın".

Məktəbin açılışı tələm-tələsik və təmtəraqsız keçib.
Məktəbin açılışı tələm-tələsik və təmtəraqsız keçib.

Xatırlatma

Dünən, sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub.

Azərbaycanda hazırda 4 min 400 civarında orta məktəb olduğu bildirilir. Rəsmi açıqlamalara görə, hazırda onun 400-dən artığı qəzalı vəziyyətdədir. Dörd il bundan əvvəl isə qəzalı məktəblərinin sayı 900 açıqlanmışdı.

XS
SM
MD
LG