Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:38

Instagram yeniyetmələri qorumaq üçün çılpaq görüntülərə maneələr yaradır


Çılpaq şəkillərin icazəsiz paylaşılması illərlə mövcud olan problemdir.
Çılpaq şəkillərin icazəsiz paylaşılması illərlə mövcud olan problemdir.

Instagram potensial fırıldaqçı və canilərin yeniyetmələri çılpaq şəkillərini göndərməyə həvəsləndirib-inandırmasını çətinləşdirməyə çalışır. Canilər bu şəkillərlə yeniyetmələri şantaj edir, onlardan pul almağa çalışırlar.

CNN yazır ki, şirkət ötən həftə "sekstorşn" adını almış bu trendin önünü kəsməkdən ötrü yeni funksiyaları sınaqdan keçirdiyini bildirib.

Yeni funksiyalardan söz açan Instagram birbaşa mesajlarda göndərilən çılpaq fotolara dumanlı görüntü veriləcəyini və istifadəçilərə sekstorşn ilə məşğul şəxslə ünsiyyətdə olduqları barədə xəbərdarlıq ediləcəyini bildirib. Bu funksiyalar tezliklə dünyanın hər yerində bütün istifadəçilərə açıq olacaq.

Çılpaq şəkillərin icazəsiz paylaşılması illərlə mövcud olan problemdir. Bu davranışa, adətən, qurbanı şəxsən tanıyan adamlar qisas üçün əl atırlar. Ancaq Federal Təhqiqat Bürosu (FBI) bu yaxınlarda maliyyə sekstorşnu hallarının artdığını bildirib. Bu hərəkəti çox zaman xaricdə yaşayan fırıldaqçılar törədirlər. Sekstorşn bəzi hallarda intihara da yol aça bilir.

Rəqəmsal barmaq izi yaratmaq imkanı

Bu yeniliklər öncədən mövcud olan və yeniyetmələrin güvənliyi üçün nəzərdə tutulan funksiyalara əsaslanır. Söhbət bir-biri ilə əlaqəsi olmayan hesablar arasında mesajlaşmanın qarşısının alınması, təhlükəsizlik bildirişlərinin artırılması və intim görüntülərin paylaşılmasını istəyən birbaşa mesajlardan şikayət edilməsi imkanlarından gedir. Ötən il "Meta" ABŞ-nin İtkin və istismar olunan uşaqlar üzrə Milli Mərkəzi ilə birlikdə "Take It Down" adlı platforma yaradıb. Bu platforma yeniyetmələrə internetdən götürülməsini istədikləri görüntülər üçün unikal rəqəmsal barmaq izi yaratmaq imkanı verir.

"Meta" və digər sosial şəbəkələr yeniyetmələrin ölüm hallarına dair minlərlə məhkəmə şikayəti ilə üzləşir. Bu şikayətlər, əsasən, belə platformaların gənclərə mənfi təsiri ilə bağlı olur. Bu təsirlər arasında sosial şəbəkə platformalarının ölümcül maddə satışına şərait yaratması, qidalanma pozğunluqlarına yol açması və sosial media aludəliyi doğurması da var.

"Meta" çılpaq şəkillərlə bağlı qoruma mexanizmini öncə Instagram-ın birbaşa mesajlarında sınaqdan keçirəcəyini bildirib. Çılpaq foto göndərilən zaman platforma görüntünü tutqun və görünməz hala salaraq mesajın göndərildiyi şəxsə onun çılpaq bədən şəkli olduğunu bildirəcək. Bildirişdə istifadəçiyə mesaja cavab verməli olmadığı xatırladılacaq və göndəricini bloklamaq təklif ediləcək. Platforma istifadəçinin çılpaq şəkil göndərmək istədiyini aşkarlayanda da bildiriş görünəcək. Bu bildiriş onları həmin fikirdən daşınmağa sövq edəcək.

Funksiya yaşı 18-i haqlamayan insanlar üçün avtomatik işlək olacaq. Ancaq böyüklərə də bu funksiyanı aktivləşdirmək təklifi gələcək.

Çılpaq görüntülərin yasaqlandığı yerlər var

"Meta" artıq xəbər lenti və platformalardakı digər ictimai yerlərdə çılpaq görüntüləri yasaqlayıb.

"Meta" sekstorşn fırıldaqları ilə məşğul hesabları müəyyənləşdirmək üzərində işlədiyini də bildirib. Bura belə hesablarla ünsiyyəti çətinləşdirmək, məsələn, göndərilən mesajları bloklamaq və sekstorşn üzündən ləğv edilmiş hesabla ünsiyyətə girən istifadəçilərə xəbərdarlıq göndərmək də daxildir. Bu mesajlar həmin istifadəçiləri ekspertlərin olduğu resurslara yönləndirəcək.

"Meta" noyabr ayında "Tech Coalition" qrupunun idarə etdiyi "Lantern" proqramına qoşulub. Bu proqram texnologiya şirkətlərinə uşaqların təhlükəsizliyini pozan hesablar və davranışlar barədə informasiyanı bir-biri ilə paylaşmaq imkanı yaradır.

XS
SM
MD
LG