Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:48

İqtisadçı: 'Bahalaşma 15 faiz üzərindədir'


Manat və dollar
Manat və dollar

İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev-in iştiraki ilə sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirildi.

Toplantıda prezident bəyan etdi ki, cari ilin 6 ayı ərzində iqtisadiyyat 2,4, qeyri-neft sektoru 3,2, qeyri-neft sənayesi isə 15,7 faiz artıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov-un açıqlamaları da diqqət çəkdi. Xüsusilə onun əhali arasında sorğu aparılması ilə bağlı açıqlaması bir xeyli müzakirələrə səbəb oldu.

“Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, - orada da sorğular aparmışıq, - kifayət qədər yuxarıdır”,deyə o qeyd etmişdi.

Elman Rüstəmov, 2015
Elman Rüstəmov, 2015

“İqtisadiyyatın 2,4 faiz artması pis rəqəm deyil”

İqtisadçı Əli Əlirzayev AzadliqRadiosuna deyib ki, prezidentin müşavirədə səsləndirdiyi rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatıdır:

“Amma bu artımları həyatımızda da görürük, qeyri-neft sektorunun, emal sənayesinin məhsulları artır, turizmdən gəlir artır, ölkəyə çoxlu turist gəlir, onların xərclədiyi vəsait burda qalır. Eyni zamanda, ət, süd məhsulları artır. 6 ayda iqtisadiyyatın 2,4 faiz artması pis rəqəm deyil, yeni texnologiyalar və innovasiyaların tətbiqi istər-istəməz inkişafa təsirini göstərir. Azərbaycanda xidmət sferasının genişlənməsi müsbət haldır, bu, turizmin və aqrar sektorunun inkişafı deməkdir”.

Əli Əlirzayev
Əli Əlirzayev

“İnkişaf vətəndaşların həyatında hiss olunurmu” sualına isə cavab olaraq Əli Əlirzayev bildirib ki, insanların həyatında inkişafın hiss olunması üçün birinci növbədə sosial sahədə mühüm işlərə nail olmaq lazımdır:

“Pensiyalar artıb, 50, 100 manat pensiyanın artması bilavasitə hər bir ailənin həyatına təsir edir. Yaxud müəllimlərin, polis işçilərinin maaşının artması təsirsiz ötüşməyəcək. Minimum əməkhaqqı artanda istər-istəməz təsir etməlidir, indi kimə çox, kimə az təsir edir, bu, başqa məsələdir. Bunun üçün, düzgün bölgü olmalıdır, məsələn, orta məktəb müəllimlərinin maaşı hələ artmayıb. Oktyabr ayından pensiyaların minimum həddi artacaq. Amma bununla yanaşı başqa tədbirlər də həyata keçirəndə, təsir güclənir. Adi bir misal, qaza qoyulan limitin götürülməsini birinci mən demişəm, yenə də sözümün üstündə dayanıram. Ümumiyyətlə, qaza, işığa qiymətlə bağlı limit qoyulmamalıdır”.

“Artım yox, tənəzzül yaşanır”

Başqa bir iqtisadçı Nemət Əliyev isə ümumi iqtisadi inkişafın 2.4 faiz olması haqqında statistikaya şübhə edir. Nemət Əliyev iddia edir ki, həmin məlumatların doğru olmadığını çox asanlıqla sübut etmıık mümkündür:

“Dövlət Statistika Komitəsi (DSK) elan edib ki, nəqliyyatda da əlavə dəyərin həcmində artım qeydə alınıb. Əvvəllər yol vergisinin hesablanma qaydası vardı, texniki baxışdan keçərkən maşının motor gücünə uygun müəyyənləşdirirdilər, bir neçə ildir qayda dəyişib. Yeni qaydalara görə yol vergisi yanacağın alqı-satqısı ilə məşğul olan şirkətlər tərəfindən ödənilir. Faktiki olaraq, yanacağın istehlakçıları nə qədər yanacaq istifadə edirsə, ona mütanasib qaydada yol vergisi ödəyirlər. Əgər dövlət büdcəsinə yol vergisindən ödəmələrin həcminə baxsanız, 15 faizə qədər azalmanın olduğunu görəcəksiniz. Deməli, yol vergisi azalıbsa, ölkə üzrə istehlak olunan yanacağın həcmində 15 faizə qədər azalma var. Yanacaq 15 faizə qədər azalıbsa, nəqliyyatda yükdaşımalar və sərnişindaşımalar necə arta bilər, mümkün deyil. Ona görə yeni yaradılan dəyərin artımı haqqında yayılan məlumat yanlışdır, orda artım yox, tənəzzül yaşanır. Ən azı bu faktın özü DSK-nın artım göstəricisi barədə verdiyi məlumatların şübhəli olduğunu göstərir. İkinci, DSK-nin əmtəə dövriyyəsinin 2.5 faiz artım olması barədə açıqlaması var, daxili məhsul bazarımız isə yerli və xarici məhsullardan təşkil edilib. İdxal olunan məhsulların bazar payı təxminən 70 faizdir, yerli məhsullar isə 30 faiz civarındadır. Dövlət Gömrük Komitəsi rəsmən elan edib ki, idxal olunan malların həcmi bazar qiymətlərində 50 faiz artıb, amma real ifadədə isə 20 faiz. Bazar payı 70 faiz olan xarici malların real artımı 20 faizdir, o zaman sual yaranır: bəs 30 faiz artım olan yerli məhsulların ticarət dövriyyəsi nə qədər dəyişib ki, ümumi ticarət dövriyyəsi 2.5 faiz artıb? Konkret hesablama apardıqda məlum olacaq ki, yerli məhsulların artım tempi nəinki artmayıb, təxminən 20-30 faiz civarında azalıb ”.

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

Nemət Əliyev qeyri-neft sənayesində 15,7 faizə yaxın artım barədə deyilənləri də qəbul etmir:

“Məsələ ondadır ki, DSK-ın 6 aylıq məlumatlarına nəzər saldıqda görünür ki, qeyri-neft sənaye sahələrinə kapital yatırımı 14-15 faiz aşağı düşüb. Azalma varsa, bu qədər məmnuniyyət hissi ilə danışmaq mümkün deyil. Baş bankirin inflyasiya göstəricisinə gəldikdə, artıq heç kəsi inandırmaq mümkün deyil ki, hökumət 2.5 faiz inflyasiya elan edib. Rəsmi məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, məhsul bazarında bahalaşma 15 faiz üzərindədir. Hələ bu rəqəm idxal mallarının bahalaşması hesabına yaranıb. Ümumi istehlak bazarında isə 11 faiz bahalaşma yaranıb. Konkret məhsullara gəldikdə, buğda və arpanın qiymətlərində artım nəzər çarpır. Yaxud kartofun, soğanın, pomidorun qiymətlərində kəskin bahalaşma var . Yerli istehsal kəskin aşağı düşübsə, xaricdən gətirilən malların fiziki çəkisinin və qiymətlərinin artması ilə müşahidə olunur. İndi müqayisə edin, ölkə miqyasında qiymətlər kəskin artırsa, əhalinin pul gəlirləri 7-8 faiz artıb. Deməli, əhalinin pul gəlirlərinin artımı bahalaşma səviyyəsindən çox aşağıdır. Yəni ötən dövrdə əhalinin yaşayış səviyyəsi pisləşib. Ona görə prezidentin və məmurların əhalinin həyat səviyyəsinin yüksəlməsi haqqında fikirlərin gerçəkliklə təzad təşkil edir. Real vəziyyət ondan ibarətdir ki, yerli istehsalda tənəzzül davam edir, əhalinin həyat səviyyəsi aşağı düşüb, xarici investorlar vəziyyətin əlverişsizliyi səbəbindən ölkədən gedirlər. Belə vəziyyətdə gerçəkləri etiraf edib problemlərin üzərinə getmək daha doğru olardı”.

XS
SM
MD
LG