Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:18

İranda şüar: 'Uşaq qatili olan hökumət istəmirik' (Video)


‘İran Azərbaycanında 15 mindən çox insan həbs edilib’ – Repressiyalar davam edir
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

‘İran Azərbaycanında 15 mindən çox insan həbs edilib’ – Repressiyalar davam edir

İranın müxtəlif şəhərlərinin küçələrində antihökumət etirazları davam edir.

İranın cənubundakı Hörmüzqan vilayətinin Dəşti şəhərində çəkildiyi iddia olunan videoda adamların 35 yaşlı Həmid Mollayinin 40-ı mərasimi günündə küçələrə çıxdığı görünür.

Videodakı etirazçılar “Biz uşaq qatili olan hökumət istəmirik!” şüarı səsləndirirlər.

İki azyaşlı qızın atası olan Mollayi noyabrın 17-də Dəştidə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

O gənc qadın Məhsa Əmininin polisdə ölməsindən başlanan etirazlarda həlak olan təxminən 500 nəfərdən biridir.

Dekabrın 26-da İranın Mahabad şəhərində etirazçılar bəzi kücələri tonqallarla bağlayıb antihökumət şüarları səsləndiriblər.

Sual yazılmış plakat

Tehran yaxınlığında keçirilən aksiyadakı plakatlardan birində “Ata, sən onların məni öldürdüyündən xəbər tutdunmu?” yazılmışdı.

Bu sual ötən ay İze şəhərində öldürülmüş 10 yaşlı Kiyan Pirfələkin dilindən yazılmışdı.

Hakimiyyət orqanları Kiyanın ölümü barədə məlumatı onun atası Meysəm Pirfələkə 40 gündən sonra çatdırmışdılar.

Ailənin avtomobili təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulanda Meysəm Pirfələk də yaralanmışdı.

İranın baş prokurorundan qadınlara hicab xəbərdarlığı

İranın baş prokuroru bu yaxınlarda keçirilən antihökumət etiraz aksiyalarında hicabsız iştirak edən qadınlara “onların öz təhlükəsizliyi və sağlamlığı” üçün xəbərdarlıq edib.

Məhəmməd Cəfər Müntəziri deyib ki, şəriət və İslam Respublikasının qanunları qadınlar üçün hicabı icbari edir və “biz deyə bilmərik ki, bu şəxsi bir məsələdir”.

Müntəziri habelə iddia edib ki, “ölkə düşmənlərinin təbliğatı” qadınların aksiyalara hicabsız qatılmasına və “belə bir aşkar cinayət” törətməsinə səbəb olub.

Tehran, 6 dekabr
Tehran, 6 dekabr

Sorğu: Hər 10 qadından 8-i küçəyə hicabsız çıxıb

İranda qadınların baş örtüyü – hicab 1979-cu il inqilabından sonra icbari elan edilib.

Buna baxmayaraq bir çox İran qadınları bu qanunları bu və ya digər şəkildə pozmağa can atıblar.

İran qadınları arasında hicabı rədd edənlərin artdığını Londondakı Small Media qeyri-mənfəət qrupunun dekabrın 13-də açıqladığı rəy sorğusu da göstərib.

Qrup bildirir ki, onun İranın 31 ostanında noyabrın 17-dən 21-dək internet üzərindən 5582 qadının iştirakilə keçirdiyi rəy sorğusunun nəticələrinə görə son iki ayda hər 10 qadından 8-i küçəyə hicabsız çıxıb.

Paytaxt Tehranda və Məşhəd şəhərində isə adamlar antihökumət şuarları səsləndirmək üçün evlərin damlarına çıxıblar.

Etirazların səngimək bilməməsinə baxmayaraq, hakimiyyət də geri çəkilmək niyyətində olmadığını və etirazçıların daha sərt cəzalandırılacaqlarını bildirir.

XS
SM
MD
LG