Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:56

İranda çinli qadınların fotolarını yaydığına görə saxlanıb


Tehranda internet-kafe
Tehranda internet-kafe

İranda polis bir Çin vətəndaşını internetdə tanış olduğu yerli qadınların şəkillərini sosial mediada yaydığı üçün həbs edib.

Kaşan şəhər prokuroru çinli kişinin tanış olduğu qadınların razılığı olmadan onların şəkillərini internetdə paylaşdığını bildirib. O, həmin şəxsin adını çəkməyib. Xəbəri İranın yarımrəsmi YJC xəbər agentliyi yayıb.

Prokuror Ruhulla Dehqani agentliyə bildirib ki, həmin kişi haqqında bir neçə şikayət təqdim edilib. O həmçinin deyib ki, sözügedən şəxs əxlaqsızlıq işlərinə baxan məhkəmə qarşısına çıxarılacaq.

İranın başqa bir yarımrəsmi xəbər agentliyi ILNA-nın xəbərində isə deyilir ki, Dehqani Çin vətəndaşının paytaxt Tehrandan 160 kilometr cənubda yerləşən Kaşan şəhərində yolda saxlandığını bildirib.

Şəkillər "əxlaqsız" sayılarsa...

İran islam qanunlarına görə, bu ölkədə bir-biri ilə qohum olmayan qadın və kişilər arasında ünsiyyət qadağandır. Rəsmi qanunlar ölkədə insanların nikahdankənar münasibətlərini də yasaqlayır.

Ölkə rəsmiləri istənilən bir adamın internetdə şəkil paylaşmasına ciddi yanaşır. Xüsusən də həmin şəkillər ölkə qanunlarına görə "əxlaqsız" kimi qəbul edilərsə.

"Reuters" İranla yaxın münasibətlərdə olan Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı hər hansı şərh vermədiyini yazır.

"Reuters"in xəbərində daha sonra deyilir ki, həmin şəxs qadınların şəkillərini internetdə paylaşaraq İran qadınları ilə tanış olmağın çətin olmadığını deyirmiş. Ancaq o, sonradan həbsindən əvvəl YouTube-da paylaşdığı videoda ingilis dilində üzr istəyib və bütün şəkilləri internetdən sildiyini bildirib.

İntim söhbətləri də yayıbmış

"The Associated Press" isə yazır ki, həmin şəxs internetdə təkcə qadınların şəkillərini deyil, həm də onlarla intim söhbətlərinin səsləndiyi videoları paylaşıb.

İranda 5 minədək Çin vətəndaşının yaşadığı və işlədiyi bildirilir. Ancaq bu şəxsin İrana nə üçün gəldiyi haqda hər hansı məlumat verilmir. İranda yayımlanan TV xəbərində onun şəkli də nümayiş olunub.

Yarımrəsmi "Mehr" agentliyinin xəbərində deyilir ki, prokuror Dehqani bu hadisənin iranlılar arasında kəskin reaksiyaya səbəb olduğunu vurğulayıb. Ancaq prokuror məsələnin detallarına varmayıb.

Xəbərdə prokurora istinadən bildirilir ki, şikayət edənlər təkcə foto və videoları paylaşılan qadınlar deyil. Rəsmi şikayətçilər arasında çox sayda adi vətəndaş da var.

XS
SM
MD
LG